AKADEMİK VƏ PONTİ PİLAT –Ramiz Mehdiyevin “əllərini yumaq” cəhdi
...İsa peyğəmbəri satan və ondan üz döndərən bəzi həvarilərin xəyanəti, Məhəmməd peyğəmbərin ölümündən sonra səhabələr arasında baş verən nifaqlar, onun nəvəsi İmam Hüseynin ailəsi ilə birlikdə özünü müsəlman hesab edən bir cəmiyyətin qorxaqlığı və hərisliyi səbəbindən xaincəsinə şəhid edilməsi insan xislətinin naqisliyinə dəlalət edən danılmaz tarixi sübutlar deyilmi? Peyğəmbərlərin belə öhdəsindən gələ bilmədiyi bir missiyanın yerinə yetirilməsini məndən gözləyənlər ya çox sadəlöhv, ya da hədsiz dərəcədə qərəzli şəxslərdir...”
Göründüyü kimi, ən böyük “əsəri” icra strukturlarının idarə edilməsindən tutmuş parlamentin formalaşdırılmasına qədər bütün idarəçilik sisteminə çökdürülmüş korrupsiya, məddahlıq, saxtakarlıq mexanizmi olan akademik bütün günahları cəmiyyətin, xalqın üzərinə atır və onu aşağılayaraq, bu münasibətə layiq olduğunu sübut etməyə çalışır.

R.Mehdiyevin mətbuat haqqında dedikləri isə nə qədər həqiqətdirsə, bir o qədər də özünün fəaliyyətinin yaratdığı acınacaqlı durumun etirafıdır: “Azərbaycan mətbuatının problemləri və onun inkişaf perspektivləri məni daim narahat edən məsələlərdən olub. Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib... Televiziyaların loqolarını və studiyalarını, saytların dizaynlarını dəyişməklə, köhnə aparıcıları, qonaqları yenilərilə əvəzləməklə, əsassız tənqid dozasını artırmaqla azad, mütərəqqi, cəmiyyətin problemlərinə həssas yanaşan, əqidəli mətbuat yaratmaq cəhdləri əbəsdir... Məsələnin həlli mətbuatın roluna sistemli baxışdan və ictimai iradədən keçir.”
Sözsüz ki, KİV redaktorları R.Mehdiyevin barəsində söz açdığı həmin görüşlərdə nələrin deyildiyini, hansı tapşırıqların verildiyini və bunların nə mətbuatın azadlığına, nə inkişafına, nə də əqidəsinə xidmət etmədiyini çox gözəl xatırlayır və bilirlər. İctimai iradəyə gəldikdə isə, R.Mehdiyevin xüsusi rol aldığı vətəndaş cəmiyyətinə basqılar, ictimai fəallara qarşı bəzən absurd səviyyəyə çatan, milli-mənəvi dəyərlərin tapdanması ilə müşayiət olunan, bütün əndazələri aşan mənəvi və fiziki təzyiqlərdən sonra hansı ictimai iradədən söhbət gedə bilər?
“Karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb”. Əslində, məhz bu fikir R.Mehdiyevin yazdığı son məqalələrin ən yığcam ifadəsi və məqsədi sayıla bilər. Ümumilikdə isə bütün yazdıqlarının əsas məğzi tutduğu ali vəzifəni itirməsinin yaratdığı hikkə, yeni vəzifəsindən bərk-bərk yapışmaq, məmur tayfasının oğru-quldur kəsiminin üzərində nüfuz və təsirini saxlamaq istəyindən və nəhayət, kürəkəninin qandallanmasının yaratdığı hiddətdən qaynaqlanır.
“Hər zaman belə olub, belə də olacaq. Satılmaq istəyənlər satılacaq, əqidəsini dəyişmək istəyənlər dəyişəcək və belə insanların öz hərəkətlərini əsaslandırmaq üçün həmişə bir bəhanəsi tapılacaq...” Bunu da R.Mehdiyev deyir və düz deyir. Lakin gərək bu sıraya vətənini, xalqını satanları da əlavə edəydi...
Həm də mənəviyyatın, ləyaqətin, əqidənin satılması barədə danışan hörmətli akademikdən soruşan lazımdır ki, malik olduğu və dəyəri hər halda 100 milyonlarla ölçülən var-dövlətini, mal-mülkünü, cah-cəlalını necə əldə edib, bəlkə o da nəyisə satıb? Axı aldığı rəsmi məvacib bütün bunlara malik omaq üçün qətiyyən yetərli deyil. Deməli, ortada nəsə satılıb. Görəsən nə?...
Yeri gəlmişkən, tarixdə əvvəldə barəsində söz açdığımız Ponti Pilatın sonrakı həyatı haqqına çoxlu ziddiyyətli məlumatlar mövcuddur. IV əsrdə yaşamış Yevseviyə görə o, Qaliyaya Vyennə göndərilib və orada da özünə qəsd edərək, həyatıyla vidalaşıb. Digər apokrif yazıda göstərilir ki, onun cəsədi Tiber çayına atılıb, lakin bu hal çay sularında coşqunluq yaratdığından cəsəd çıxarılıb və Vyennə aparılaraq Rona çayı sularında batırılıb. Nəhayət, hadisə təzədən təkrarlandığından cəsəd çıxarılaraq Alp göllərinin birində batırılıb...
“azpolitika”