Şəmkirdə kişinin evi yandırması nəticəsində -xəsarət alan gənc arvadı ölüb
Şəmkirin Sarıtəpə kəndində kişinin evi yandırması nəticəsində yanıq xəsarətləri alan 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova ölüb.
Yenixeber.org: Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən ölüm faktı təsdiqlənib.
Qeyd edilib ki, əri tərəfindən yandırılan və bədəninin 70% (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib. Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının (hadisəni törədən kişinin qayınanası Səltənət Allahverdi qızı) vəziyyəti də kritik olaraq qalır. Həkimlərin bildirdiyinə görə, onun da həyatı təhlükə altındadır.
Qeyd edək ki, sərxoş kişi gecə saatlarında ailə münaqişəsi zəminində qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova, 2 yaşlı oğlu Nicat Elmar oğlu Məmmədov və 54 yaşlı qaynanası Səltənət Allahverdi qızı olub. İkiyaşlı körpə aldığı yanıq xəsarətlərindən ölüb.
Xatırladaq ki, hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş qətlin üstü “isti izlər”lə açıldığı bildirilir. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.