Astarada "bazar qovğası"
Rauf Həziyevə məxsus ticarət mərkəzini ələ keçirən qardaşı illərdir qanunlara tabe olmur, məhkəmə qərarları isə icra olunmamış qalır
Xeberinfo.com: Astara rayonunda bir ailənin bazar qalmaqalı yaşanır. Əslində, məsələ ailə ilə məhdudlaşmır, həm də kənardan bəzi qüvvələrin maraqlarını ifadə etdiyi üçün haqlı bir kənarda qalıb, haqsıza meydan verilib.
Jam.az-ın məsələ ilə bağlı apardığı araşdırmadan belə məlum olur ki, 2006-cı ildə Rusiyadan yenicə gəlmiş Rauf Həziyev ailə üzvlərinin məsləhəti ilə Astaranın mərkəzində yerləşən, ümumi sahəsi 28 sot olan bazarı satın alıb. Həmin müddətdən 3 il sonra, yəni, 2009-cu ildə sözügedən şəxs müəmmalı şəkildə həbs olunur və ona qarşı «satış məqsədiylə külli miqdarda narkotik maddələrin saxlanılması» ittihamı irəli sürülür.
Qeyd edək ki, bu ittiham həmin dövr üçün keçərli hesab olunur və məsələ dərindən araşdırılmadan bazarın sahibi həbs olunur. Rauf Həziyev 2009-cu ildən etibarən 2 saytı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. Həbsiylə əlaqədar olaraq bazara işlədə bilməyəcəyini görən Astara sakini, ticarət obyektini qardaşına həvalə edir. Onu etibarnamə belə verir. Amma bu sənəd müddətli olduğu üçün 2012-ci ildə vaxtı başa çatır.
Məlumata görə, bazarı qardaşı Asif Həziyevə etibar edən Rauf sonradan atdığı addımdan dolayı peşmanlıq hissi keçirməyə başlayır. Səbəb isə Asifin bazardan yalnız şəxsi maraqları üçün istifadə etməsi, Rauf Həziyevin ailəsinə baxmaması, onların kirayələrdə əziyyət çəkməsi olur. Belə olan təqdirdə, həbsdə olan Həziyev qardaşının adına olan etibarnamənin müddətinin bitməsi səbəbindən etibarlı bir adamına bazarı əmanət edir. Di gəl, Asif Həziyev qardaşının bu hərəkətindən qəzəblənərək, bazarı kimsəyə verməyəcəyini bildirir. Bu günə qədər də bazarın qanuni rəhbərini ticarət mərkəzinə buraxmır, ona qarşı təzyiqlər edir və hədələyir.
Bildirək ki, bazar məsələsiylə bağlı məhkəməyə edilən müraciətlər də Rauf Həziyevin xeyrinə olur. Hazırda isə proses Apellyasiya Məhkəməsi həddini də keçib. Lakin məhkəmə qərarları olmasına rəğmən, onların icrasına heç bir əhəmiyyət verilmir. Astara rayon Məhkəmə Qərarları İcrası Şöbəsinin əməkdaşları dolayısı ilə etiraf edirlər ki, onlar bu məsələdə acizdirlər və qərarı icra etmək gücündə deyillər. İşin içində kimlərin olub, olmadığı isə hazırda tərəfimizdən araşdırılır.
Məlumata görə, Rauf Həziyevin həyat yoldaşı, Rusiya vətəndaşı olan Svetlana Didenkonun müraciət etmədiyi dövlət qurumu qalmayıb. O saytımıza verdiyi açıqlamasında bildirib ki, dəfələrlə müvafiq dövlət qurumlarına, Rusiya səfirliyinə belə müraciət edib. «Hamısı məni haqlı bilsə də, problemi həll etməkdən imtina edirlər. Bu gün Astara rayonunda yerləşən bazar mənim həyat yoldaşıma məxsus olsa da, başqaları tərəfindən zəbt olunub. Hətta polis göndərildikdə belə onlara zor tətbiq olunur. Mən hələ də anlaya bilmirəm ki, Asif Həziyev kimə arxalanır ki, bu qədər özbaşınalığa yer verir».
Svetlana Didenko Azərbaycanda müvafiq dövlət qurumlarının ona köməklik göstərməməsi səbəbindən Rusiya prezidenti Vladimir Putinə şikayət etməyi düşünür.
Bu əsnada, Svetlana Didenko baş prokuror, vergilər naziri və daha bir neçə qurumun rəhbərlərinə müraciət ünvanlayıb. Həmin müraciətdə vurğulanır ki, 2012-ci ildən bu günə kimi bazarı qeyri-qanuni olaraq işlədən Asif Həziyev bu illər ərzində dövlət büdcəsinə bir qəpik belə ödəməyib. «Ayda 10 min manatdan artıq qazanc sahibi olan Asif Həziyevin vergi ödəməməsi də xeydi təəccüblüdür. Maraqlıdır ki, 6 saylı Vergi Departamentinin yaxınlığında bu hadisənin baş verməsinə rəğmən, sözügedən dövlət qurumu nə audit yoxlaması həyata keçirib, nə də vergiyə cəlb olunmanı ciddiyyətə almayıb».
Rusiya vətəndaşı olan qadın daha sonra Jam.az-a göndərdiyi müraciətində yazır ki, 6 saylı Vergi Departamentinin məsələyə bu şəkildə yanaşması onun haqqında əsaslı şübhələrin yayılmasına səbəb ola bilər. «Asif Həziyevin bu illər ərzində fəaliyyətinin yoxlanılmaması çox qəribədir. Dövlət büdcəsinə bir qara qəpik də olsa, pul köçürməyən və bununla qanunsuz fəaliyyətini davam etdirir».
Didenko daha sonra qeyd edir ki, bütün bu qanunsuzluqlara rəğmən, təkcə dövlət büdcəsinə deyil, həmçinin Rauf Həziyevin də ailəsinə ciddi zərərlər vurulmaqdadır. «İndiyə qədər Astara Məhkəməsi və Apellyasiya Məhkəmələrinin qərarları çıxarılıb. Lakin icra olunmur. Bununla bağlı aidiyyatı qurumlara etdiyimiz şikayətlərə də əhəmiyyət verən yoxdur. Rayon rəsmilərinə bununla bağlı müraciət edildikdə isə vurğulayırlar ki, onların Asif Həziyevi bazardan çıxarmağa gücləri çatmır. Maraqlıdır, niyə gücləri çatmır? Olmaya bu şəxsin arxasında hansısa maraqlı qüvvələr dayanır ki, onlar da məhkəmə qərarlarının icrasına maneçilik törədir?»
Rusiya vətəndaşı olan xanım sonda bəyan edir ki, onun Putinə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. «Mən həyat yoldaşımın qanuni haqlarının tapdanması, ona məxsus olan bazarda tam hüquqa sahib olmasının əngəllənməsi ilə bağlı Rusiya prezidentinə müraciət etmək məcburiyyətində qalmışam. Ondan xahişim odur ki, ərim Rauf Həziyevə məxsus bazarın qanuni sahibinə verilməsinə yardımçı olsun».
Qarşı tərəfi də dinləməyə hazırıq.