Yenixeber.org: Dövlət Təhlükəsizlik Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirilmiş əməliyyatla bağlı detalları və həbs olunanların kimliyini açıqlayıb. Bu barədə rəsmi məlumatla yanaşı, əməliyyat-istintaq tədbirlərinin videosu da yayılıb.
Məlum olub ki, həbs edilənlər nazirliyin İşlər İdarəsinin müdiri, eyni zamanda, Tender Komissiyasının sədri olan Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevdir. F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Səbail rayon Məhkəməsinin qərarıyla onların barəsində həbs-qətimkan tədbiri seçilib.
DTX-nın məlumatında deyilir ki, dövlət büdcəsindən XİN-in fəaliyyətinə, o cümlədən təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün ayrılan vəsaitlərin bir hissəsi F.Mollazadə və S.Əlizadə vasitəsilə vasitəsilə mənimsənilib. Bu şəxslər tanış adamlar vasitəsilə saxta şirkətlər yaradıb, onları tenderdə qalib elan edərək, büdcəsən ayrılan vəsaiti həmin şirkətlərin hesabına köçürüblər. Vəsaitin 4-5 faizi şirkəti yaradanlara verilib, qalan məbləğ XİN-in səlahiyyətli şəxslərinə geri qaytarılıb.
N.Abdullayev isə xarici ölkə vətəndaşlarına Azərbaycana gəlmək, burada qalıb işləmək üçün rüşvətlə viza düzəltməkdə ittiham olunur.
Həbs olunanların iş otaqlarında və evlərində axtarış aparılıb. DTX bildirir ki, axtarış zamanı mənimsəmə, rüşvət hallarını təsdiqləyən əlyazmalar, qeydlər tapılıb.
DTX-nın yaydığı videoda həbs olunan şəxslərin əlbir olduqları şirkətlərin nümayəndələri, viza üçün rüşvət verdiyini iddia edən xarici ölkə vətəndaşlarının ifadələri də yer alıb.
Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin də bir hissəsi yayılıb.
“İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”, – deyə F.Mollazadə ifadəsində bildirib.
XİN-də baş verənlərlə bağlı fikirlər fərqlidir. Buna hüquq-mühafizə orqanlarının son yarım ildə müxtəlif dövlət orqanlarında keçirdiyi əməliyyatların davamı kimi yanaşanlar da var, nazir Elmar Məmmədyarovun övladlarının ABŞ-da 4 milyon dollara iki ev alması məsələsinin ictimailəşməsindən qaynaqlandığını düşünənlər də. (XİN-in sözçüsü bunu nazirin şəxsi həyatına aid məsələ adlandırmışdı.)
Hikmət Hacızadə: “Əvvəllər imkan yaradılmışdı ki, sökün, çapıb-talayın… İndi situasiya dəyişib”
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə XİN-dəki əməliyyatı “Press Klub”a şərh edərkən ilk növbədə onu vurğuladı ki, bütün dövlət orqanlarında, o cümlədən bu nazirlikdəki irimiqyaslı mənimsəmələr, korrupsiya barədə səlahiyyətli şəxslər yetərincə məlumatlı idi. Sadəcə, həmin faktları “qovluqda saxlayıb”, vaxtı gələndə istifadə edirlər. İndiki vaxtda XİN-də belə bir əməliyyatın hansı zərurətdən keçirilməsinə gəlincə, H.Hacızadə hesab edir ki, buna icra başçılarının həbsi, Mədəniyyət Nazirliyi və DSX-da keçirilən əməliyyatların davamı kimi baxmaq lazımdır:
“Ola bilsin, bu, prezidentin islahatlar kampaniyasıyla bağlıdır. Göstərir ki, qanunsuzluqlara qarşı mübarizəyə başlamışam. Halbuki, kimin nə işlə məşğul olması barədə dövlət rəhbərliyi çoxdan məlumatlıdır. Sadəcə, tədbir görülmürdü, “qovluqlara” toplayırdılar”.
H.Hacızadənin fikrincə, hakimiyyət bu cür tədbirlərlə gerçək islahatlara yox, özünə sərf edən formada idarəetmə dəyişikliyinə nail olmaq istəyir:
“Öz aləmlərində başa düşdükləri qaydada islahat aparmaq niyyətindədirlər. Həqiqi demokratik cəmiyyət qurmaq, idarəetmədə demokratiya, hüquqi dövlət, liberallıq niyyəti görünmür. Öz rejimini möhkəmləndirmək üçün lazım olan addımlar atılır. Bu, qarətçilikdən biznesə keçməkdir. Əvvəllər bütün məmurlara imkan yaradılmışdı ki, sökün, çapıb-talayın. İndi situasiya dəyişib, ona görə taktikanı da dəyişirlər. Hansısa səviyyədə biznes və bazar iqtisadiyyatı qurulacaq – ancaq bütün əsas bizneslər “bizim adamların əlində olmalıdır” şərtilə. Biznesi öz adamlarına paylayacaqlar. Onlar əvvəlki kimi talançılıq olmadan işləyəcəklər. Bunlar üçün islahat budur”.
XİN-dəki əməliyyatın nazir Elmar Məmmədyarova aidiyyəti olub-olmayacağına gəlincə, H.Hacızadə düşünür ki, bu, onunla dövlət rəhbərliyi arasındakı şəxsi etimaddan asılı olacaq: “Bu, prezidentin Məmmədyarova etibarının itirilib-itirilməməsindən asılı məsələdir. Yoxsa, nazirlikdə baş verənlərə görə ona dəyib-toxunmayacaqlar. Şəxsi inciklik, şəxsi etimadsızlıq varsa, ona da təsir göstərəcək”.(pressklub)
Gülər