Yenixeber.org: Məlum olduğu kimi, Azərbaycan ərazisində yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürlmə qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il, 1 may tarixli qərarına dəyişiklik edilib. Dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələrindən kənarda müalicə olunması mümkün hesab edildikdə, bu şəxslər həkim rəyinə əsasən müəyyənləşdirilmiş qaydalara riayət etməklə, yaşadıqları və olduqları yerdə təcrid olunurlar və üzərlərində tibbi müşahidə həyata keçirilir.
Sadə dildə ifadə etsək, bu, artıq evdə müalicə üsulunun tətbiqi deməkdir. Halbuki ölkə prezidenti bunun tam əksini demişdi. Prezident bildirmişdi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, vurusa yoluxan bütün şəxslər tibbi müəssisələrdə müalicə alır.
Bəs, niyə birdən-birə evdə müalicəyə üstünlük verildi? Xəstəxanaların ağır koronavirus xəstələri ilə dolduğu, çarpayı, süni nəfəsalma aparatının çatışmazlığı barədə deyilənlər doğrudurmu? Vəziyyət artıq nəzarətdən çıxırmı?
TƏBİB-in mətbuat xidmətindən sorğumuza cavab olaraq qeyd edildi ki, xəstəxanalarda yer problemi yoxdur:
“Hal-hazırda modul tipli xəstəxana da fəaliyyətə başlayıb. Xəstələr ağırlıq dərəcəsinə görə həkimlərin qiymətləndirməsi və növbə sistemi ilə xəstəxanalara yerləşdirilir”.
Yoluxma sayına gəlincə isə, TƏBİB-dən bildirildi ki, yoluxma sayı çoxdur, xəstələrin sayı da artmaqdadır. Xəstələr ağırlıq dərəcəsinə uyğun olaraq xəstəxanalara yerləşdirilir.
“Əvvəldən deyiləndə ki, insanlar karantin qaydalarına riayət etmir, yaxın vaxtlarda biz çox böyük yoluxma potensialı ilə üz-üzə qalacağıq, hətta insanlar küçədə yıxılıb, ölə bilərlər – camaat sosial şəbəkələrdə təhqirlər yağdırırdı”. Bu sözləri saytımıza açıqlamasında professor Adil Qeybulla söylədi. Onun dediyinə görə, ən azı dünya təcrübəsi göz önündədir:
“Burada lovğalanmaq, ya da müvəqqəti uğurlarla öyünməyin yeri deyil. Biz situasiyanın ciddiliyini dərk etməliyik. Məsələ bundan ibarətdir ki, bizim camaat miflərə, falçılara, mistik şeylərə inanan camaatdır. Neçə müddətdir yazılır ki, ən mühüm qaydalara əməl etmək lazımdır. Bunlar sadə şeylərdir: maska taxmaq, sosial məsafə gözləmək, dizinfeksiya tədbirləri və s. Amma bu kimi sadə tövsiyələrə əməl etmirlər. SMS icazələri vaxtı insanlar bir-birlərinə qonaq getməyə, ziyafətlər təşkil etməyə, həyətə düşüb domino oynamağa, çay içməyə başladılar. Bütün bu hallar xeyli yoluxmaya gətirib çıxardı. Karantinin yalnız adı var idi. Karantin qaydalarına əməl edən olmadı. Tədbirlər yumşaldıldıqdan sonra isə heç bir təlimat olmadan, heç bir qayda-qanun müəyyənləşdirilmədən insanları boş-boşuna buraxdılar. Ticarət, iaşə obyektləri üçün qayda və normativlər müəyyənləşmədi və onlar fəaliyyətə başladılar. Halbuki müəyyənləşməli idi ki, içəri maskasız daxil olmaq olmaz, girişdə mütləq dezinfeksiyaedici məhlullarla əllər təmizlənməlidir, içəridə konkret sayda müştəri olmalıdır, satıcılar maskada olmalıdır. Biz isə nələrin şahidi olduq: əksər satıcılar maskadan istifadə etmirdi, girişdə dezinfeksiyaedici məhlullar yox idi. Bakı bulvarında və küçələrdə karantin ləğv olunan gün insanların sayı on minlərlə idi, yəni bu, böyük bir yoluxma potensialı demək idi. İnsanlar maskasız gəzirdi. Qucaqlaşmalar, öpüşmələr, situasiyanı iqnor etmək və digər hallar ciddi bir vətəndaş məsuliyyətsizliyi idi. Biz indi bunun altını çəkirik”.
Həkimin sözlərinə görə, xəstəxanalarda necə yer olsun ki, gündə 300-500 insan yoluxur:
“Beş yüz nəfər az qala “Semaşko” kimi xəstəxananın heyətidir. Hər gün bu qədər yoluxma ilə insanları hara yerləşdirmək olar? Ona görə də yəqin ki, xəstəxanalarda yer çatmayacaq. Təbii ki, xəstələrin çoxunu müalicə etmək mümkün olmayacaq, ev şəratində müalicələrə üstünlük veriləcək. Yəni, İtaliyanın yolu ilə gedirik. Ölən öləcək, qalan qalacaq. Biz artıq o vəziyyətdəyik. Artıq dövlətin o imkanları yoxdur. Özəl sektor da prosesə cəlb olunsa, biz bütün yoluxan insanların xəstəxanada qalmasına imkan yarada bilməyəcəyik. Təbii ki, səhiyyənin imkanları məhduddur. Bu baxımdan xeyli insan taleyin ümidinə buraxılacaq. Biz bu haqda xəbərdar etmişdik. Bu da nəticə… Təbii ki, burda dövlətin müəyyən strukturlarının məsuliyyəti də var. Amma vətəndaşlarımızın məsuliyyəti daha çoxdur”.(pressklub)