Eldar Mahmudovdan Prezidentə ŞOK şikayət-“BİZİ TƏHDİD EDİRLƏR, KÖMƏK EDİN!...”
“Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun tapşırığı ilə İ.Qutqaşınlı 62 ünvanında olan evimi sökdülər və heç bir kompensasiya verməyə qoymadılar... İndi də Eldar Mahmudovun qohumları bizi oğru dünyasının sözləri ilə təhdid edirlər.”
Yenixeber.org: Bu fikirlər Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 62 ünvanında qeydiyyatda olan Seyidov Hicran Kamil oğlu tərəfindən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış məktubdan götürülüb.
Surəti Baş nazir Əli Əsədov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, həmçinin saytımıza ünvanlanan məktubda şikayətçi Hicran Seyidov özünün və ailəsinin həyatı üçün təhlükə yarandığını bildirib. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
“Cənab Prezident!
Sizə təkrar-təkrar müraciət etməyimizin səbəbi şəxsinizə olan ümidimizin sübutudur.
Hörmətli Prezident, qardaşım Elşad Seyidov və mən – Hicran Seyidov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun atasının adını daşıyan Şərur Türk Liseyini 2007-2009-cu illər ərzində tikib təhvil verdik.
Vüqar Mahmudov
Tikintinin gedişi zamanı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov tərəfindən bizə hissələrlə tikintinin smetasının 20 faizi məbləğində ödəniş oldu. Lakin təhvilə az qalmış Vüqar Mahmudovun göstərişi ilə bibisi oğlu Zellabdin bizi tikintidən uzaqlaşdırdı.
Yenə Vüqarın göstərişi ilə guya komissiya gəldi və biz dediyimiz qiymətin yarısını hesabladılar. Mən Vüqar Mahmudova bildirdim ki, bu düzgün deyil. Amma biz məcbur qalmışıq, dediyiniz məbləğlə də razıyıq, ödəniş edin. O, telefonda məni hədələdi. Biz geri çəkilməyəndə qardaşım oğlunu MTN-ə çağırıb hədə-qorxu gəldi. Bundan sonra biz qorxduq və mülklərimizi sataraq 2 milyonluq borcları ödəməyə başladıq. Bu günə qədər hələ borcumuzu ödəyib qurtara bilməmişik.
Bizə son zərbəni isə 2014-cü ildə vurdular. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun tapşırığı, indiki Baş nazir Əli Əsədovun adamlarının əli ilə İ.Qutqaşınlı 62 ünvanında olan evimi sökdülər və heç bir kompensasiya verməyə qoymadılıar.
Cənab Prezident! Siz 2015-ci ildə MTN çətəsini ifşa edəndən sonra sevindik, Baş Prokurorluğa müraciət etdik. Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində iş araşdırıldı və liseyin tikintisi ilə əlaqədar hər şey öz təsdiqini tapdı. Qardaşım Elşad Seyidov zərərçəkmiş qismində tanındı.
Amma Eldar Mahmudovun şirkətinə verdiyimiz 3 ədəd “Kamaz” markalı maşın və mənim evimin söküntüsü hələ də araşdırılmamış qalır. Heç qardaşım E.Seyidovun zərərçəkmiş kimi tanınması da adi arayışdan başqa bir rol oynamır. Yəni 5 ildə bizə “səbirli olun” sözündən başqa heç nə verən yoxdur.
Möhtərəm Prezident və hörmətli Birinci vitse-prezident Mehriban xanım!
Biz iki qardaş hər zaman zəhmətlə iş görmüşük, heç vaxt siyasətə qarışmamışıq. 1992-ci ildə ölkəmizin ən ağır günlərində bir dəfə siyasətə qarışmışıq və o vaxt çox adamın deyə bilmədiyi sözü demişik. 1992-ci ildə Bakı şəhərində YAP-ın yaradılmasında və ən əsası, yaş senzinin götürülməsilə bağlı mitinqlərinin təşkilində yaxından iştirak etmişəm.Yaş senzinin götürülməsi tələbi ilə keçirilən mitinqlərinin təşkilatçılarından biri də mən olmuşam (bunu sübut edən fotonu ərizəyə əlavə edirəm).
Möhtərəm Prezident!
İndi bu quldurlar - Eldar Mahmudov və onun dəstəsi mənə deyirlər sən səhv etmisən. Vüqar Mahmudov o qədər cinayətlərdə ittiham olunmasına baxmayaraq, məhkəmə onu açıb buraxdı. Bundan ilham alan Vüqar Mahmudov həyasızcasına apellyasiya şikayəti verərək bəraət istəyir. Hətta indi də Eldar Mahmudovun qohumları bizi oğru dünyasının sözləri ilə təhdid edirlər.
Cənab Prezident, müflis olmağımız, evsiz, borc içində qalmağımız bir yana, indi ailələrimizin, uşaqlarımızın həyatına təhlükə yaranıb.
Hörmətli Prezident, Sizdən Azərbaycan respublikasının vətəndaşı kimi xahiş edirik, ya bizim pozulmuş hüquqlarımız bərpa olunsun, ya da bizə canımızı bu adamlardan qorumaq üçün silah verilsin. Çünki mətbuatdan oxuduğuma görə, Eldar Mahmudovun killeri Akif Çovdarov 28 apreldə ondan şikayət edən adamı güllələtdirib.
Cənab Prezident, xahiş edirik səsimizə səs verin!” (azpolitika)