“Rayonları gəzib Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin toplayırdıq...”-"Ekoloji təmiz" korrupsiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin işçiləri rayonları gəzib öz nazirlərinin-Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin toplayırmış.
Yenixeber.org: Bu maraqlı fakt həmin Departamentin keçmiş rəhbərinin və daha bir neçə vəzifəli şəxslərinin işi üzrə məhkəmə prosesində üzə çıxıb.
Hidrometeorologiya Departamentinin keçmiş direktoru Əkbər Həsənov və departamentin baş mühasibi İlqar Hacıyev, əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev müttəhimlər kürsüsündə dayanıblar. İttiham aktına əsasən Əkbər Həsənov Departamentdə dövlət vəsaitlərini mənimsəmək üçün mövcud olmayan işçilərin adlarına yüzlərlə əmək haqqı kartları açdırıb. Və bu yolla 451 min manat mənimsənilib. İş üzrə adı keçənlərdən təkcə Əkbər Həsənov həbsdədir, qalanlarına qarşı başqa yerə getməmək barədə iltizam tədbirləri tətbiq olunub.
Ə.Həsənov 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor müavini və direktor işləyib. O, Muxtar Babayev nazir təyin ediləndən sonra vəzifəsindən çıxarılıb.
Təqsirləndirilən şəxslərə CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Ötən məhkəmə prosesində Departamentin baş mühasibi İlqar Hacıyev bildirmişdi ki, onlar nazir Hüseynqulu Bağırova ayda 10 min manat haqq verirdilər. Nazir isə bu kart maxinasiyasına göz yumurdu. Və onun dediyinə görə, 2018-ci ildə H.Bağırov onlardan bir dəfəyə 265 min manat alıb, pulu geri qaytaracağını vəd etsə də bunu etməyib. Nəticədə onlar kartlardan pulların çıxarılmasını davam etdiriblər.
Növbəti prosesdə isə keçmiş baş mühasib daha bir maraqlı fakt açıqlayıb. İ.Hacıyev iddia edib ki, mövcud olmayan işçilərin adlarına maaş yazılmasından sabiq nazirin də xəbəri vardı; təkcə onların departamenti hər ay H.Bağırova 10 min manat pul verirdi. Onun bildirdiyinə görə, nazirliyin işçiləri həm də H.Bağırovun şəxsi biznes təsərrüfatları üçün işləyirdi, rayonları gəzib onun üzüm bağları üçün peyin axtarırdı.
İ.Hacıyev məhkəmədə bildirib ki, onlar H.Bağırov vəzifədən gedəndən sonra da sözügedən kartlardan pul çıxarmağa davam ediblər. Onun sözlərinə görə, H.Bağırov 265 minin 50 minini 2018-ci il prezident seçkilərinə hazırlıq, 215 minini isə Salyanda iki zavodun tikintisindən ötrü alıb. H.Bağırov deyib ki, bunun aylıq 10 min manata aidiyyəti yoxdur, prezident seçkisindən sonra yenidən nazir postuna təsdiqlənib, qaytaracaq. Amma elə olub ki, Hüseynqulu Bağırov vəzifəsinə təsdiqlənməyib və Departament rəhbərləri faizlə götürdükləri pulu qaytarmaqdan ötrü həmin maaş kartlarından yararlanıblar.
Xatırladaq ki, Hüseynqulu Bağırov vəzifədən uzaqlaşdırılandan sonra onun ölkədə və xaricdə, Türkiyə və bir sıra Avropa ölkələrində çoxsaylı biznes aktivləri, mülkləri, şirkətləri barədə faktlar açıqlanmışdı. Məlum olmuşdu ki, keçmiş nazirin ailə üzvləri Almaniyada, Böyük Britaniyada, Türkiyədə, Çexiyada, Latviyada və digər ölkələrdə otellərə, kommersiya daşınmaz əmlaka, müxtəlif biznes sahələri ilə məşğul olan şirkətlərə, o cümlədən Azərbaycanda otellərə və s. obyektlərə malikdir.(virtualaz)