“Təşvişə düşməyin, hökumətin "B" planı var...”-Elman Rüstəmovdan çağırış
Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var.
Yenixeber.org: Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, belə hallarda isə onlar bir-birinə kömək edirlər. “Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur",-Mərkəzi Bank rəhbəri bildirib.
Elman Rüstəmov əhalini sakitləşməyə çağırıb və ölkədə valyuta qıtlığının olmadığını vurğulayıb.
"Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək",-E.Rüstəmov bəyan edib.
O diqqətə çatdırıb ki, biz bu gün hələlik starteji valyuta ehtiyatlarından istifadə nəzərdən keçirilmir.
"Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Tam həcmdə qanunla müəyyənləşib. Mərkəzi Bankın öz ehtiyatları var. Maliyyə Nazirliyinin əhəmiyyətli valyuta ehtiyatı var. Bütün bu ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil", - E.Rüstəmov əlavə edib.