Əhalini böyük təhlükə ilə üz-üzə qoyan bazardakı kritik durum da, buna görə, günbəgün artan ictimai giley də, dövlət qurumu rəhbərlərini qorxutmur ki, qorxutmur
Yenixeber.org: "Sahibi rayonumuzun sabiq icra başçısı Vaqif Rəhimov olan İsmayıllı şəhər bazarındakı biabırçı durum uzun zamandır qalmaqdadır. Camaat üçün vacib olan, lakin antisanitariyanın hökm sürdüyü bu alver məkanındakı ürəkbulandıran mənzərə, bazarın iki addımlığındakı qəbristanlıq içindəki küçə ticarəti ərazisinin durumundan heç nə ilə fərqlənmir. İşıqlandırma sistemi sarıdan da acınacaqlı vəziyyətə düşən bu bazar hər an yanğın təhlükəsi ilə üzləşə bilər. Nə olsun, əhali üçün daha qorxulu görünən bu acınacaqlı vəziyyət şəhər rəhbərliyindəki heç kəsi narahat etmir. Hətta bazarın icraçı direktoru Mirdamət Cəfərovun xətrinə dəyən belə tapılmır", -- bu sözlər İsmayıllıdan araz.az xəbər portalının redaksiyasına ünvanlanan şikayət xarakterli müraciətdəki hədsiz narahatlığın ifadəsidir. Şəhər sakinləri olan şikayətçilər öz müraciətlərində onu da xüsusi vurğulayırlar ki, bu kritik durumun ağrı-acısı daim vətəndaşların, xüsusilə əhalinin aztəminatlı hissəsinin "başında çatlayır": "Hökumət qurumlarının bazarı təhlükəli mallardan azad etmək, buna görə, əhali arasında yayıla biləcək müxtəlif yoluxucu xəstəliklərin qarşısını almaq səlahiyyətləri olsa da, deyilənlər heç onların veclərinə belə deyil. İsmayıllı camaatının qida təhlükəsizliyi böyük təhlükə qarşısında olsa da, bilmirik ki, dövlətin Qida Təhlükəsizliyi Agentliyi hara baxır, kimi gözləyir, rəhbərlik hərəkətə keçməyə nədən tələsmir?!.
...Doğrudan da, bizim bazarda vəziyyət olduqca dözülməzdir. Səhər tezdən burada sanitariya və baytarlıq yerləri açıq olmur ki, onlar həqiqi yoxlamalar aparsınlar. Bazarda yalançı ekspertizalar keçirmək, pullar yığmaq və yalandan möhür vurub, sənədlər vermək, sanki məşğuliyyətə çevrilib. Bütün alver malları ekspertizadan keçirilmədən istehlakçıya satılır. Bazardakı antisanitariya isə, getdikcə daha da şiddətlənir. Bizi olduqca narahat edən də, elə, budur...".
Bəli, İsmayıllıdakı bazarda aləm bir-birinə dəyib. Ətraf zibilliyi xatırladır, hər tərəf məişət tullantıları ilə dop-doludur.
Güclü küləklər müşayiət olunanda, ətrafdakı bu tillantılar böyük bir əraziyə yayılır. Maraqlısı isə budur ki, burada antisanitariya baş alıb getsə də, məhsullar natəmiz şəraitdə satilsa da, yaşanan alıcı sıxlığı kifayət qədərdir. Müştərilər isə, bu halın insan həyatı üçün təhlükəli olduğundan gileylidirlər. Redaksiyamıza ünvanlanan şikayətdə deyildiyi kimi, elə, bu şəkildə satılan malların özü də insan həyatı üçün təhlükə mənbəyidir: "Bazarın ətrafı qanunsuz küçə tricarətinə çevrilib, alverçilərlə dolu olur. Qəbristanlıq içindəki böyük bir sahədə də, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz küçə ticarəti yaradılıb. Hər iki yerin durumu bir-birindən qəti fərqlənmir. Bazarda meyvə-tərəvəzlə bərabər, geyim əşyalarından tutmuş, elektrik və isitmə avadanlıqlarına, ev əşyalarına, ev quşlarına... kimi hər şey satılır.
Məişət tullantıları elə bazarın içində də yandırılır. Ərazi süpürülüb, təmizlənmədiyindən, məişət tullantıları atılmadığından, ətrafda tez-tez xoşagəlməz qoxulu hava müşahidə olunur. Zibilliyə qərq olan bu qanunsuz bazarın içinə də, çölünə də sabiq başçının adamları nəzarət edir. İçəridə yer haqqı baha qiymətə olduğundan, alverçilər küçələrə axışır. Lakin gündə min manatlarla yer haqqı yığmaq, sabiq başçının adamları üçün çətin olmur. Di gəl ki, bazarın ərazisini vaxtında zibildən təmizləmək, satıcılar üçün şərait yaratmaq onları heç maraqlandırmır. Aidiyyatı qurumlar, rayon rəhbərliyi, xüsusilə də, ticarət obyektlərində gigiyenik sağlamlığa nəzarət edən rayon Epidemologiya və Gigiyena Mərkəzinin əməkdaşları, bir dəfə də olsun, gəlib, bazarın sanitar təmizliyi ilə maraqlanmırlar. Satılan ev quşlarının sağlam olub-olmaması da, onlar üçün maraqlı deyil. Qida Təhlükəsizlik Nəzarəti də, hər şeyə göz yumur, fəaliyyətsiz oturub yerində. Sanki bu vacib məsələlərin onlara aidiyyatı yoxdur və yaxud, elə bil, belə iyrənc alverlə qazanmağa adət edən sabiq başçının adamlarının əlləri onlara da çatır?!.".
Ümid edirik ki, İsmayıllı camaatının bu narahatlığı müvafiq dövlət qurumlarını tezliklə hərəkətə gətirib, mərkəzi şəhər bazarının acınacaqlı sanitar durumu ilə maraqlandıracaq və beləcə, şikayətçilərin qaldırdıqları çözülməz problemlər tezliklə öz həllini tapacaq.(araz.az)
Səməndər QURBANOV