Bakıda iki hacının çirkab içində bazarı-2-3 manata qənaət olunsa da...
Dünyada hər cür bazar var. Məsələn, suyun içində - burada alıcılar və satıcılar qayıqlarda oturub, sakitcə alverlərini edirlər. Bazar var ki, birbaşa körpünün məhəccərlərinin üstündə piştaxtalar quraşdırılıb. Bazar da var ki, ayrıca adada yerləşir və könlü balıq istəyən katerlə həmin adaya gedib balıq alır. Bakıda da qeyri-adi bazar var – relslər üstündə. Özü də atılmış, heç kimə lazım olmayan relslər yox, fəaliyyətdə olan, qatarların gedib-gəldiyi...
Yenixeber.org: Bu qeyri-adi bazar Suraxanıda yerləşir. Təhlükəli olmasına baxmayaraq, burda gur alver gedir. Bazarın yaxlnlığında hökm sürən üfunət də alıcıları qorxutmur. Qalan bütün məziyyətlərinə görə, bu, adi bazardır – alıcılar qışqıraraq müştəri çağırır, meyvə-tərəvəz, ət, toyuq satırlar...
El arasında bu bazarı “Hacı Rəhim və Hacı Azad bazarı” kimi tanıyırlar. Lakin burada zaman sanki dayanıb durub. Müasirlik elementləri axtarmağa dəyməz. Heç adi piştaxtalar da gözə dəymir. Məsələn, balıq birbaşa yerdən satılır. “Gigiyenik tədbir” kimi altına qəzet, ya da karton sərirlər. Özü də düz alma və soğan “təpəcik”lərinin yanında. Həm görünən yerdir, həm də əyani reklamdır.
Küçə itləri də elə düz yaxınlıqda var-gəl edir, satıcıların onlara tərəf atacaqları toyuq və balıq hissələrini həsrətlə gözləyirlər.
Nə qədər axtarsa da, əməkdaşımıza bazar rəhbərliyini tapmaq qismət olmayıb. Lakin hər şeydən göründüyü kimi, bu obyektin sahibləri olan hacı Rəhimlə hacı Azadı qorxunc vəziyyət qətiyyən narahat etmir – alver gedir, artıq xərcə düşməyə nə gərək var?!
Bura alış-veriş üçün, adətən, qazancı az olan adamlar gəlir. Məhsulların keyfiyyəti aşağı, hər tərəf antisanitariya nümunəsi olsa belə, başqa yerlərə nisbətən ucuzluqdur. Odur ki, alıcılar 2-3 manat qənaət xatirinə sağlamlıqlarını, buradan qatarların keçdiyini də nəzərə alsaq, həyatlarını riskə atırlar.
Bəs bu bazar haqqında Qida Təhlükəsizliyi Agentliyində nə düşünürlər? Əslində, heç nə. Sakitcə bildirirlər ki, “bu istiqamətdə müvafiq nəzarət və yoxlama tədbirləri görülür”. Əlavə də edirlər ki, antisanitariya və digər xoşagəlməz hallarla qarşılaşan alıcılar agentliyin 1003 qaynar xəttinə müraciət edı bilərlər.
Saytımız müraciət edir. Agentliyin reaksiyasını gözləyirik.(virtualaz.org)
Alxas İsmayılov