Bakıdan bəzi bölgələrimiz istiqamətində hərəkət edən sərnişin avtobuslarının sürücüləri fasilə etmək üçün nəqliyyat vasitələrini Kürmədir rayonunda yerləşən kafenin önündə saxlayır. İnsanlar həmin iaşə obyektində çay içir və ya yemək yeyirlər. Eyni zamanda sərnişinlər kafenin ayaqyollarından da istifadə edir. O cümlədən rayondan paytaxtda yola çıxan avtobusların bəziləri eynilə həmin iaşə obyektinin önündə dayanırlar.

Yenixeber.org: Əməkdaşımız təsadüfən həmin kafenin mətbəxində olub və dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, orada tarakanların olduğu və antisanitar vəziyyətin hökm sürdüyü ortaya çıxıb. Həmçinin mətbəxdə heç bir gigiyenik normalara riayət edilmədiyi məlum olub.

Bu isə yüzlərlə insanın sağlamlığı üçün ciddi təhlükə yaradır. Kafenin belə vəziyyətdə olmasının məsuliyyətini kim daşıyır? Ümumiyyətlə, həmin iaşə obyektinə nəzarət edən varmı?

Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

O, bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən kafelərin və restoranların, hətta şəhərin mərkəzindəki mətbəxləri çox pis vəziyyətdədir:

“Telekanallarımızın birində yayımlanan verilişdə bu mənzərə ilə daha yaxından tanış oldum. İpək Yolu dünyanın bir çox xalqları üçün maraqlıdır. Çox insanlar gəlib İpək Yolunu öz gözləri ilə görmək istəyir. Lakin ən böyük antisanitar biabırçılıq elə bu yolun üstündədir. İstehlakçıların hüququ var ki, mətbəxlərə baxsınlar və orada yəmək yeyib-yeməmək haqqında qərar verə bilsinlər. Bu məsələyə cavabdeh orqan isə Qida Təhlükəsizliyi Agentliyidir. Bu qurum öz əsasnamələri əsasında iş aparmağa qadir deyil. Dövlət orqanlarına təyin olunan kimi insanların ayağı yerdən üzülür və ictimaiyyətlə iş apara bilmirlər. Uzun illər İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İstehlakçıların Müdafiəsi Xidmətinin belə şəraitin yaranmasında böyük rolu olub. Heç bir iş görməyib və vəziyyət gəlib bu həddə çatıb”.

Məsələ ilə bağlı minval.info Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən qurum əməkdaşından mətbuat xidmətinin rəhbərinin əlaqə nömrəsini istəsək də, təkidlə nömrəni vərə bilməyəcəyini söylədi.

Maraqlıdır, əgər Mətbuat Xidmətinin rəhbərinin əlaqə nömrəsi jurnalistə verilmirsə, o zaman qurum tərkibindəki bu xidmətin vəzifəsi nədir?(minval) 

 

Əcəmi Əsədulla