Bakıda bəzi restoranlar göstərilən xidmətlərə görə əlavə ödəniş də alırlar.

Yenixeber.org: Hesabın 10 faizə qədər miqdarında servis haqqı tutulması ənənəyə çevrilib. Ancaq bəzi restoran və kafelər masa üçün də pul tələb edirlər.

Redaksiyamıza daxil olan şikayətə görə, Bakının Nizami rayonu Neftçilər metrostansiyası yaxınlığında yerləşən “Anatolia” restoranında da hər masanın öz qiyməti var.

Restoranda ləzzətli təamları yedikdən sonra hesabı görən müştərilər əlavə yazılmış 2 manatın şahidi olurlar. Bunun səbəbini soruşan müştərilər yalnız bu zaman oturduqları masanın da pullu olduğunu anlayıblar. Onlara təqdim edilən qəbzdə 2 manat “yertutma” haqqı kimi qeyd edilib.

Belə çıxır ki, restoran öz xidmət səviyyəsini yüksəltmək, müştərilərin məmnuniyyətini təmin etmək üçün öz interyerini təşkil etmir. Onun yalnızca müştəridən qoparacağı əlavə pul düşündürür. Maraqlıdır ki, restoran rəhbərliyi masa üçün əlavə pul tələb etmək fikrinə gələndə qonaqların ayaqüstündə dayanıb yemək yemək ehtimalını da düşünürdü?

Restoranın administratoru məsələ ilə bağlı deyib ki, onlarda qayda belədir: “7 ildir belə işləyirik. İşçilər masanın hesabından tutulan faizdən əlavə maaş alırlar. Qaydamız budur”.

Yalnızca sözügedən restoranda deyil, mərkəzdə yerləşən bir çox iaşə obyektində də bu hal mövcuddur. Hətta bəzən masanın öz qiyməti 15 manata qədər olur. Üstəlik müştəri masaya əyləşəndə ona şərtlər barədə heç bir məlumat verilmir. Hər şey iş işdən keçdikdən sonra, müştəri  sifariş verdiyi xörəkləri yeyib masadan qalxmaq istəyəndə məlum olur. Bundan sonra qonaqlar nə qədər etiraz etsələr də, restoran “qaydamız belədir” deyərək pul qoparır.

Restoranın bu cür ödəniş tələb etməsi nə qədər doğrudur? İstehlakçılar onsuz da restoranın göstərməli olduğu xidmətə görə əlavə ödəniş etməlidilərmi?

Bütün bu sualları Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynova ünvanladıq.

Eyyub Hüseynov Minval.info-ya bildirib ki, bu cür ödənişin tələb edilməsi tamamilə qanunsuzdur: “Mən bunu birmənalı şəkildə istehlakçıların aldadılması hesab edirəm. Bu Azərbaycanda turizmin inkişafına birbaşa zərbədir. Belə məkanları ifşa etmək lazımdır. Biz anlayırıq ki, biznes qurumu öz xidmətinə istədiyi qiyməti qoya bilər. Lap əgər masa üçün əlavə ödəniş tələb edirsə belə, müştəri öncədən məlumatlı olmalı, xəbərdarlıq edilməlidir.

Qurum sədri qanunsuz şəkildə tələb edilmiş pulu geri qaytarmağın mümkünlüyündən də bəhs edib: “Bu cür halla qarşılaşan müştərilərin Azad İstehlakçılar birliyinə ərizə ilə müraciət etsinlər və həmin pulu qaytartdırarıq”.(minval.info)

Dəniz Kərimzadə