Azərbaycan oliqarxları var-dövlətini Kremlin düşməninə etibar edir
Bu ilin iyununda NATO-ya üzv olan Monteneqronu cəlbedici edən nədir? Bu kiçik dövlətdə 35 min avroluq əmlak alana il ərzində ölkədə müvəqqəti yaşamaq hüququ verilir; bu səbəbdən əmlak ötən ilə nisbətən 8,68% faiz artıb
Yenixeber.org: Azərbaycan hökumətinin gördüyü sərt maliyyə tədbirlərinə baxmayaraq, ölkədən xaricə valyuta axını bu il ərzində də davam edib. Virtualaz.org xəbər verir ki, bunu Balkan ölkəsi Monteneqronun Mərkəzi Bankının 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair açıqladığı statistika da təsdiq edir.
Statistikaya əsasən, bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Monteneqroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon dollar yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon dollarlıq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur-87 milyon avro.
“Yeni Müsavat” xatırladır ki, bu ilin iyununda Rusiyanın ciddi basqılarına baxmayaraq, Monteneqro NATO-ya qoşularaq, alyansa üzv olan 29-cu dövlət oldu. Bu, vaxtilə Yuqoslaviyanın bir hissəsi olmuş ölkənin müstəqillik əldə etməsindən 11 il sonra baş verdi. Rusiyanın Xarici İşlər Nazirliyi Monteneqronu “düşmənçilik istiqaməti” tutduğuna görə sərt qınadı və hazırda da münasibətlər gərgindir. Monteneqronun alyansa qoşulması ilə Rusiyanın Balkan ölkəsindəki iki dəniz limanına çıxışını faktiki itirməsi ilə nəticələndi ki, bu səbəbdən də zaman-zaman bu ölkədəki müxalifətin keçirdiyi aksiyalarda Rusiyanın barmağı olduğu iddia olunur.
Amma göründüyü kimi, Kremlin təhdidlərinə baxmayaraq, Azərbaycan varlıları artıq kürəyini NATO-ya söykəmiş bu ölkəyə öz var-dövlətlərini etibar etməkdən çəkinməyiblər. Varlı azərbaycanlıların bu ölkəyə marağının iki mühüm səbəbi ola bilər. Əvvəla, bu ölkəyə SOCAR ciddi investisiya yatırıb. Hələ 2012-ci ildə SOCAR Monteneqronun Kubor adasını 90 illiyə icarəyə götürüb. Anlaşmaya görə, şirkət birinci dörd ildə adada kurort və turizmin inkişafına 52 milyon avro yatırmalı idi.
İcarə razılaşmasının imzalanmasından sonrakı 8 ildə isə SOCAR tərəfindən adaya 258 milyon avro yatırılacağı planlaşdırılırdı. Bildirilirdi ki, SOCAR 45 illik icarə haqqını bəribaşdan ödəyəcək, bu zaman adadakı daşınmaz əmlakın hər kvadratmetri cəmi 1 dollardan hesablanıb. Hazırda bu müqavilənin icrasının hansı mərhələdə olduğunu demək çətindir, çünki bu məlumatlar yalnız dövlətlər asında müzakirə edilir.
“Yeni Müsavat”ın məlumatına görə, Azərbaycan Monteneqroda daha bir iri layihə də həyata keçirir. Belə ki, “Azmont Investments” şirkəti “One&Only Portonovi Montenegro” istirahət kompleksinin tikintisinə başlayıb. Lüks istirahət kompleksi 26 hektar ərazisi olan və Monteneqronun Boka Kotorska körfəzinin sahillərində gözəl mənzərəli bir ərazidə yerləşən Portonovi şəhərciyinin əhəmiyyətli bir hissəsi olacaq. “One&Only Portonovi Montenegro” istirahət kompleksi 2018-ci ildə qapılarını qonaqlar üçün açacaq. Portonovi layihəsi Azərbaycanın xarici ölkələrdə qeyri-enerji sektorunda həyata keçirdiyi ən iri yatırım layihəsi hesab olunur.
Azərbaycanlıları Monteneqroya cəlb edən ikinci mühüm səbəb burada 2015-ci ilin noyabrında qəbul edilmiş qanundur. Bu ölkədə qəbul edilən qanuna görə, 35 min avroluq əmlak alana il ərzində ölkədə müvəqqəti yaşamaq hüququ verilir. Məlumatlara görə, hazırda bu qiymətə Monteneqroda əmlak almaq çətinləşib, çünki sahilə yaxın ərazilərdə əmlakın 1 kvadratmetri ən azı 1000 avrodur. “Global Property Guide” konsaltinq şirkəti 2017-ci ilin ilk rübündə dünyada ən çox əmlak qiymətləri artan 18 ölkənin siyahısını açıqlayıb ki, o siyahıda Monteneqro da yer almışdı. Şirkətin məlumatında bildirilirdi ki, Monteneqroda əmlak ötən ilə nisbətən 8,68% faiz artıb.
Turizm şirkətindəki bir mənbəmiz deyib ki, həqiqətən də ölkənin turizm bölgələrində əmlakların qiyməti çox artıb ki, bu da tələbatla bağlıdır. Amma məsələn, ölkənin Podqoritsa adlanan bölgəsində evlər dəniz sahillərindəkindən 20-30 faiz ucuzdur.