Məhkəmələr kredit bataqlığında -PROBLEM
“Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır”
Xeberinfo.com: Bunu facebook profilində tanınmış vəkil Cavad Cavadov yazır. Onun sözlərinə görə, bu işlərin çoxluğu hakimlərin başqa işlərə normal baxmasını, araşdırmasını fiziki baxımdan mümkünsüz edir.
Vəkil Cavad Cavadovun həmin statusunu təqdim edirik:
“2016-cı ildə məhkəmədə baxılan mülki işlərin rəqəmləri barədə Dövlət Statistika Komitəsinə sorğu etsəm də, bu məlumatın hələ hazır olmadığını bildiridilər, lakin keçən ilin ilk yarısında baxılmış işlər barədə məlumatlar təqdim etdilər. Bunlar da çox maraqlıdır.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıbsa, yalnız 2016-cı ilin birinci yarısında bu rəqəm 166 043 olub.
2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olubsa və bunlar ümumi işlərin 75,15 faizin təşkil edirsə, yalnız keçən ilin ilk yarısında bu kateqoriyadan olan işlərin sayı 136 231 olub, bu isə həmin dövr üçün işlərin ümumi həcminin 82 faizi edir. Şəxsi müşahidələrimə görə, 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam edəcək.
Lakin elə bu statistik rəqəmlər belə bəzi nəticələr çıxarmağa imkan verir:
1.Məhkəmələrin icraatında olan mülki işlərin 82 faizi kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin başqa işləri normal qaydada araşdırması fiziki baxımdan mümkün olmur.
2. Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün (misal olaraq qonşu Rusiya Federasiyası nümünəsində) onlar notariat orqanına həvalə edilməlidir. Statistik rəqəmlərə görə, onsuz da məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada (tərəfləri dəvət etmədən) – əmr icraatı qaydasında baxır. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115 415 məhkəmə əmri qəbul edilib və bu, həmin işlərin 84 fazini təşkil edir.
3. Beynəlxalq reytinq agentliyi “S&P” (Standard & Poor’s) bu yaxınlarda ölkəmizlə bağlı yaydığı hesabatında məlumat verib ki, Mərkəzi Bank problemli kreditlərin həcmini gizlədir və reallıqda onların sayı 9 faizdən xeyli çoxdur. Gətirdiyim statistik rəqəmlər bunu dolayısı ilə təsdiqləyir.
4. Bu qədər sayda işlər son nəticədə icra üçün məhkəmə qərarlarının icrasını təmin edən qurumlara təqdim olunur. Nəzərə alsaq ki, icra şöbələrinə icrası tələb olunan başqa işlər də verilir. Normalda heç bir qurumun bu qədər sayda işin icrasını təmin edə bilməsi fiziki olaraq mümkün deyil.
P.S. Zənnimcə, bu vəziyyətin yaranmasına əsas səbəblər kreditlərin dollar-manat məsələsində borclulara bankların vaxtında güzəşt etməməsi, hökümətin bu yöndə qanunvericilik səviyyəsində heç bir tədbir görməməsi, həmçinin ölkəyə neft pulları axan vaxtlarda problemli kreditlərin bir qisminin bu vəsait hesabına silinməməsidir…”