Bakıda qanunsuz tikinti: İcra Hakimiyyətində rüşvət iddiaları və Müşfiq Rəhimov FAKTORU -DETALLAR

Redaksiyamıza daxil olan məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda qanunsuz tikinti və korrupsiya halları ilə bağlı ciddi iddialar var. Bildirilir ki, Müdafiə Nazirliyində general rütbəsində xidmət edən şəxsin qohumu Mənzil İstismar Sahəsinin (MİS) rəisi təyin edilib və icra hakimiyyətinin qeyri-rəsmi maliyyə əməliyyatlarına rəhbərlik edir.


Hacı Fərid və onun arxasında duran şəxs
Məlumata görə, qanunsuz tikinti ilə bağlı əsas fiqurlardan biri ərazidə yerləşən "Köhnə Ciyərxana" restoranının sahibi kimi tanınan Hacı Fəriddir. O, iddialara görə, icra hakimiyyətindəki müəyyən şəxslərlə əlaqə quraraq tikinti layihəsini həyata keçirməyə çalışır.

Mir Cəlal Paşayev prospektində qanunsuz tikinti
Daxil olan məlumatlara əsasən, qanunsuz tikinti Mir Cəlal Paşayev küçəsində baş verir. Xatırladaq ki, Mir Cəlal Paşayev Azərbaycanın görkəmli yazıçısı, ədəbi tənqidçisi və dramaturqu olmaqla yanaşı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın babasıdır. Mehriban Əliyevanın təşəbbüsü ilə bu ərazidə abadlıq işləri aparılmışdır.

Buna baxmayaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri bu ərazini qeyri-qanuni tikintilərə açıq zona kimi istifadə etməyə çalışırlar. Məlumata görə, abadlaşdırılmış məhəllənin bir hissəsi dağıdılaraq yerində çayxana tikilmək istəyilir. Bu işlərə rəhbərlik edən tikinti sahibi Hacı Fəriddir. O, iddialara görə, Müşfiq Rəhimovun dəstəyi ilə layihəsini maneəsiz icra etmək üçün müəyyən vəsaitlər xərcləyir.
İcra Hakimiyyətində məxfi planlar və qanunsuzluqlara göz yumulması
Mənbələrin bildirdiyinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin Tikinti şöbəsinin müdiri Ramiz Quliyev və birinci müavin Gülarə Verdiyeva qeyri-qanuni tikintilərə şərait yaradır. Eyni zamanda, icra hakimiyyətində çalışan Müşfiq Kərimli yayılan məlumatların silinməsi üçün müxtəlif üsullara əl atır və bu prosesdə tikinti sahibinə köməklik göstərir.

Sual olunur: Yaşayış binasının qarşısında domino və nərd oynanacaq çayxananın tikilməsi kimə nə qazandıracaq? Bu, Nəsimi rayon sakinlərinin sosial rifahına hansı müsbət təsiri göstərə bilər?
Redaksiyamıza daxil olan məlumata görə, Hacı Fərid və onun arxasında duran şəxslə bağlı bütün bu iddialar araşdırılacaq və cəmiyyətə rəsmi açıqlama veriləcək. Hüquq-mühafizə orqanları, Baş Prokurorluq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iddiaları araşdırmalı və qanunsuz fəaliyyətlərə son qoymalıdır.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyəti baş verənlərə aydınlıq gətirməli və ictimaiyyətə hesabat verməlidir. Əks halda, bu cür halların davam etməsi paytaxtın inkişafına mane olacaq və vətəndaşların dövlət orqanlarına inamına ciddi zərbə vuracaq.("aknews.az")
Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyini gözləyirik.