Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir. Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi. Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər. Həmin gənclərin şikayətlərini araşdırdığımız vaxt ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə eşitdik ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb. İnformasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir.