Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ELMİN "QAPISI"NA ATILAN DAŞLAR -Ali Attestasiya Komissiyasının fəaliyyəti kimləri qane etmir?

 

İnsanın böyük dünya ilə tanışlığı qapıdan başlayır. Addımını kandardan bayıra qoydunmu, namütənahi bir aləmin ağuşuna düşürsən.

Yenixeber.org: Hər şeyin qapısı var; evimizin, evin içindəki otaqların, otaqlardakı dolabların.

Hər bir ölkənin, şəhərin, ucsuz-bucaqsız okeanların, nəhayətsiz kainatın, perimetri 40-50 kvadrat metrə sığan evimizin qapısı həm də onun sərhədidır.

                           Qəlbimizin də qapısı var.

Vicdanın, mərhəmətin, insafın, insaniyyətin qapısı olduğu kimi, etiqadın, idrakın, biliyin, elmin, məsuliyyətin də qapısı var.

... Və qapı sənin olanı yad gözlərdən gizlətməklə yanaşı, həm də inam, etibar deməkdir, məsuliyyətdir, cavabdehlik və sərvaxtlıq deməkdir.

Mənə görə elmin sərhəd qapısı, onun həyati mənafelərini qoruyan “gömrük məntəqəsi” məhz Ali Attestasiya Komissiyasıdır. İndiyədək bir söz adamı, yazar kimi həmişə sözün qəhr və qeyrətini necə çəkmişəmsə, alim kimi də elm təsərrüfatına çəki-düzən verən, onu təsadüfi adamların, bu müqəddəs məbədi bazara çevirib nəfslərinə alət eləmək istəyənlərin çirkli əllərindən qoruyan qurumun məhz AAK olduğuna dərindən inanmışam.

                                “Məni niyə döyürsünüz...?”

Hər bir sahədə olduğu kimi, elm təsərrüfatındakı məsuliyyətsizlik də bu məkanın spesifik şarlatanlarının – elmi zəka, alim şücaəti, dərrakə, təfəkkür kimi mətahları bazara çıxarmış “Gülümsərov”ların, milli “Ostap Bender”lərin və qeyri işbazların meydan sulamasını mümkün etmişdir.

... Və ən acınacaqlısı da bilirsinizmi nədir? Yaxın keçmişdə bütün bu elmi rəzalət, alim-insan miskinliyi uzaq bir coğrafiyada deyil, hamının gözü qarşısında baş verirdi. Elmin bəkarətinə elm sahəsində ən yüksək nöqtələrə ucalmış professorların, akademiklərin gözləri qarşısında, elmi şuralardakı müzakirələr, dissertasiya şuralarındakı müdafiələr zamanı kollektiv təcavüz edilirdi. Şəhvət və ehtirasın ekvivalenti kimi iddiaçının “dayday”ının mənsəbi, elmi rəhbərin “sanbalı” və ən əfsalı isə adamın pul kisəsinin qalınlığı çıxış etdiyindən cınqırını çıxaran olmurdu ki, - Ay camaat, biz neyniyirik, niyə bizə çörək verən, ad-san, mənsəb-məqam bəxş edən bir sahəyə xəyanət edirik?!

                                                 Bəli, niyə?

Çünki heç kim “pis kişi” olmaq istəməyib... ki, bəs filankəs “məllim” inciyər. Axı, mənim də sabah ona işim düşə bilər... oğlum-qızım var, qohum-əqrəba var.

Təəssüflər olsun; bu, XXI əsrdə orta əsr zehniyyətidir, artıq etnikləşmiş, aborigen “məndən ötən sənə dəydi” psixologiyasıdır. Lakin düşünmürük ki, böyük şairimiz Məmməd Araz demişkən, nəticədə “Səndən, məndən ötən zərbə Vətənə dəyir”, yəni böyük hesabla elmin hörməti, nüfuzu, urvatı əldən gedir.

Bəli, zamanında bu cür elmi cinayətlərin qarşısı alınmayıb, əksinə, kütləvi praktikaya çevrilərək özünə Ali Attestasiya Komissiyası adlanan qurumda da həmfikirlər qazanaraq şəbəkələşib, adiləşib, sıradan hadisəyə çevrilib.

Məgər sirdimi ki, uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min ənvayi-əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK adlı heybətli bir kabus, problemlər devi dikəlirdi. Beyninin cövhərini, ürəyinin yağını elm yolunda əridənlər, illərin məhrumiyyətinə qatlaşanlar, ailəsinin boğazından kəsib əlinə düşəni məqalə-kitab çapına xərcləyərək nəhayətdə elmi işini adı keçən quruma təhvil verənlər, normalda rahat nəfəs almaq əvəzinə çox vaxt yeni problemlərin məngənəsinə düşürdülər – biganəlik, subyektivlik, ədalətsizlik, süründürməçilik, ikili standartlar, insanın canını boğazına gətirən, bezdirən, nifrət etdirən digər bəhanə-səbəblər az qala komissiyanın sıradan iş prinsipinə çevrilmişdi.

Əslində, elmin hər nə qədər bəlağətli səslənsə də iffətini, nüfuzunu, mənafelərini qorumalı olan bir qurumda ən müxtəlif prosedurlar “bazar iqtisadiyyatı”nın çirkli qanunlarına tabe etdirilmişdi. Konkret elm sahələri üzrə “sirat körpüsü”ndən keçməyin az qala fiksə edilmiş muzdu, “qiymət qaiməsi” mövcud idi. Müdafiə edib sənədlərini AAK-a təqdim edəndən sonra təsdiqini əsasnamə üzrə üç-dörd yaxud beş-altı ay gözləmək əvəzinə, xoş xəbər ümidi ilə illərlə gözünün kökü saralanlarla yanaşı, müdafiəsinin “qoxusu” dağılmamış diplomunu alıb cibişdana qoyanlar da az deyildi. İnamıram ki, indi bir kimsə çıxıb etiraza cürət edə, zira, həmin iztirabları yaşayan yüzlərlə zavallı var.

Və 2018-ci ilin payızından bəri Ali Attestasiya Komissiyasının fəaliyyətindəki yenilik rüzgarı, köklü dəyişikliklər xətti, bu binanın tamhüquqlu “vətəndaş”ına çevrilmiş ələbaxımlıq əhval-ruhiyyəsinə və bürokratiyaya “persona non grata” elan edilməsi, elmə sex-bostan-dirrik təfəkkürü ilə yanaşanlara “qırmızı vərəq” göstərilməsi elmi-tədqiqat və ali təhsil müəssisələrindəki bəzi yaramaz işbazların bazarına yekə bir “İstanbul qıfılı” vurduğundan həmin qurumdakı ciddi, prinsipial, mündəricəsinə görə innovativ islahatlara kölgə salmağa, bu və ya digər səbəbdən vaxtında müdafiə prosedurlarını yerinə yetirə bilməmiş adamları qışqırtmağa çalışırlar.

Niyə? Məqsəd nədir? Ali Attestasiya Komissiyasının fəaliyyətinin şəffaflaşması, demokratikləşməsi ilə paralel ciddiyyətin və məsuliyyətin də artırılması kimlərin işinə yaramır?!

                               Güzgüyə baxaq... vallah, özümüzük ki, varıq!

Hələ ötən əsrin əvvəllərində böyük maarifçi və ziya örnəyi Mirzə Cəlil cəmiyyətdəki cahillərə, nadanlara, yeniliyin qədəmlərinə badalaq vuranlara, tərəqqinin hulqumundan yapışıb sıxanlara müraciətlə – Məni niyə döyürsünüz, ey müsəlman qardaşlarım?! – deyirdi.

Bir əsr keçib, yenə də eyni zehniyyəti genetik olaraq yaşadan insanlar var!

Köhnə əyyamlar üçün qüssə çəkənlər var!

Sinəsini islahatlara, dəyişikliklərə istehkam edənlər var!

Ali Attestasiya Komissiyasını çirkabdan, qara-quradan təmizlənib “ağ qarğaya” çevrildiyi üçün dimdikləyənlər var!

                              AAK kimlərin bazarını bağladı?

Nə yoğurub, nə yapıb elmə “paraşütlə” düşənlərin!

Qızına-oğluna alim diplomunu toy-düyün hədiyyəsi kimi bağışlayanların!

Bir yağlı-pullu vəzifə qamarlayandan sonra qəfildən “alimlik istedadı” fontan vuranların!

Halal ya haram döşünə deputat nişanı taxandan sonra ucuz “bəkqraund” xatirinə alimlik sevdasına düşənlərin!..

Bir də işin bir başqa yönü-səmti var, axı! Sirr deyil ki, elmin nüfuzunu çəki daşı kimi aşağı çəkən müstəsna amillərdən biri də uzun illərdən bəri dissertasiya işlərinin yazılması, bəlkə də yazdırılması ifadəsi daha doğru səslənərdi, üzrə əməlli-başlı “sindikat”ların yaradılması, alim istehsalı prosesinin, təbiri caizsə, bütöv bir klasterinin təşəkkül tapmasıdır.

Təsəvvürü belə iyrənc olsa da baxın; bir tərəfdə başıboş iddiaçı, o biri tərəfdə elmə sex təfəkkürü ilə yanaşan yaramaz və fürsətcil icraçı, digət tərəfdə isə kütləvi praktika halını almış bu cür elmi cinayətə göz yummaqla suç ortaqlığı işləyən elm funksionerləri, yəni bəzi AAK əməkdaşları.

                                                          Binqo!!!

Deməli, bu gün açıq-aşkar cəsarət etməsələr də, kuluarlarda, ali məktəb və institut dəhlizlərində, anqajə edilmiş dissertasiya şuralarında təşkil edilən müdafiə “birja”larında qaz vurub qazan dolduranların çevrəsində yeni biçimdə, ampluasında zühur etmiş AAK-ın kölgəsini qılınclayanların əsil məramı, məqsədi, azarı məlum oldu – bulanıq sularında “balıq tutduqları” köhnə əyyamlar üçün xiffət, “ötən günləri qaytaraydılar” nisgili!

Ancaq artıq gecdir, son qoyulub belə bir çirkin təcrübəyə. Ədəbiyyatçılar daha yaxşı bilərlər; eynən böyük Cəfər Cabbarlının “Sevil” pyesinin qəhrəmanının söylədiyi baş verib – “təşti-tabaq” sınıb! Yəni müasir marketoloji leksika ilə ifadə etsək, AAK-ın bir növ rebrendinqi baş verib, konseptual ideologiyasının dəyişdirilməsi yönündə çox ciddi və qayət uğurlu addımlar atılıb.

Ölkə Prezidentinin 11 iyun 2019 - cu il tarixli Fərmanı ilə yeni redaksiyada təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə” ilk baxışdan müdafiə ilə bağlı bəzi formal prosedurları ciddiləşdirsə də, nəticə etibarilə prosesin özünü xeyli asanlaşdırmış, lüzumsuz mərhələləri ləğv etmiş, dissertasiya şuralarının səlahiyyətlərini artırmış, fəaliyyətin şəffaflıq və əlçatanlıq kimi arxivacib ünsürlərini təmin etmişdir.

Qurumun təzələnmiş və dolğunlaşmış saytından da görünür ki, islahatlar, hər nə qədər çətin olsa da, əsas iş rejiminə xələl gətirilmədən həyata keçirilmişdir. Ötən müddət ərzində fəlsəfə və elmlər doktoru alimlik dərəcəsi almaq üçün müdafiə edilmiş işlərin təsdiqi, “professor” və “dosent” elmi adlarının verilməsi, yenə də diplom və attestatların alınması üçün yaranmış və müqayisə təriqi ilə deyək ki, az qala sovet dövründə Lenin Mavzoleyinə yaranan kilometrlik canlı şəridi xatırladan növbələrin “əridilməsi” də məhz AAK kollektivinin fədakar əməyi sayəsində mümkün olmuşdur.

Son vaxtlar sosial şəbəkələrdə bəzi iddiaçıların müdafiə öncəsi müzakirə və seminarların təzələnməsi ilə bağlı etirazları səsləndi. Məsələnin mahiyyəti ilə biz də maraqlandıq. Bu prosesə dəxli olan adamlarla söhbət etdik. Və alınan nəticəmi deyim, mənzərəmi adlandırım, gerçəkdən şaşırdıcı idi. Bu cür etirazların lokal və fərdi xarakter daşıması bir yana, hər halda, doktorant və dissertantlar, hüquqi dillə ifadə etsək, yeni açılmış hallarla bağlı subyektiv narahatlıqlarını dilə gətirirdilər. Lakin görünəni o idi ki, müdafiəni keçirməli olan dissertasiya şuralarının dislokasiya olunduğu ali və elmi-tədqiqat müəssisələrinin bəzi aidiyyətli əməkdaşları düzgün izahat-maarif işi aparmaq əvəzinə, ana sənəd olan Əsasnamənin ayrı-ayrı müddəalarını, vəziyyəti yüngülləşdirməyə yönəlmiş yeniliklərin məqsəd və fəlsəfəsini sabotə etməklə məşğuldurlar. Və nəticə etibarilə, normalda bilməmək oxuyub öyrənməyi təşviq etdiyi halda, bizim mentalitetimizin timsalında haqsız şayiə və “ağız ədəbiyyatı” yaradıcılığını qidalandırır.

Doğrudan da, məgər iddiaçı üçün lüzumsuz vaxt və enerji itkisinə səbəb olan “aparıcı təşkilatda müzakirə” mərhələsinin ləğvi müsbət yenilik deyilmi?

Elmi işin müzakirəsindən sonra AAK-dan müdafiəyə icazə prosedurunun aradan qaldırılması və həmin hüququn birbaşa dissertasiya şuralarına verilməsi az qala inqilabi dəyişiklik deyilmi? Xatırlamaq kifayətdir ki, həmin icazəni gözləyə-gözləyə az qala qocalanlar vardı.

Fəlsəfə doktorluğu üzrə “İnformatika” və “Fəlsəfə” fənlərindən minimumların ləğvi bütün iddiaçıların ürəyindən xəbər vermədimi? Mən hələ bununla bağlı bəzi mübhəm məqamların üzərindən “sükutla” keçirəm.

Beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan elmi nəşrlərdə bəlli sayda məqalə nəşri ilə bağlı tələb isə haqlı olmaqla yanaşı, ən azından elmi etika və özünütəsdiq prizmasından da məqbuldur, qənaətindəyəm. Alim olmaq istəyən adamın Web of Sciense, SCOPUS, Springer, Ulakbim və digər elmi bazalardan birində məqalələrinin dərci ən azından özünün başucalığıdır.

                                          Yola davam...

Cəmiyyətdə, ictimai həyatda anlaşmaya, harmoniyaya nail olmaq üçün cari olduğu qədər də ali maraqların kooperasiyasını təmin etmək vacibdir.

Azərbaycanın anonsunu elan etdiyi yeni islahatlar mərhələsi bütün başqa sahələrdə olduğu kimi, elmə münasibətdə də yeni paradiqmaların dövrəyə girdiyinin ismarıcını verir. Yəni “hər oxuyan Molla Pənah olmadığı” kimi, hər dissertasiya müdafiə edən, lap diplomunu alan belə həqiqi alim deyildir. Fransız yazıçısı F.de Laroşfuko elmin mahiyyəti etibarilə həqiqət axtarışı olduğunu söyləyirdi. Biz də həqiqətləri etiraf eləməyi və söyləməyi bacarmalıyıq. Bu mədəniyyəti özümüzdə tərbiyə etməyi bacarmalıyıq.

Bəli, bu gün elm sənayesi klasterində AAK strateji pillədir. Və əgər nəzərə alsaq ki, müasir inkişafın trendi və elə lokomotivi də elm tutumlu iqtisadiyyatdır, bilik iqtisadiyyatıdır, onda bu qurumun bütövlükdə Azərbaycanın perspektiv inkişafının yol xəritəsindəki əhəmiyyətini təsəvvür etmək çətin deyildir.

Biz bəşəriyyətin sürətlə “insansızlaşdırılmış” dünya modelinə doğru getdiyinin məsuliyyətini dərk etməli və onun obyektiv gerçəklərini əks etdirən koqnitiv biliklərdən praktikada istifadə etmək üçün elmə münasibətdə məsuliyyətin, ciddiyyətin, tələbkarlığın artırılmasının vacibliyini anlamalıyıq.

Ali Attestasiya Komissiyası həmin prosesdə avanqard rola iddia etdiyi üçün məsuliyyətin böyük bir payı da onun üzərinə düşüb.

Bar verən ağaca isə daş atan çox olur.

Xalid NİYAZOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam