Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bu faciədə biz də ölmüşük, yaralanmışıq, hər şeyimizi itirmişik…” -Azərbaycanlı zəlzələ qurbanları dövlətdən kömək gözləyir

Yenixeber.org: Türkiyə hökuməti zəlzələdən zərə çəkənlərə, bölgədə bərpa işlərinin aparılmasına ilkin olaraq 100 milyard lirə (təxminən 9 milyard manat) ayırıb. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bölgədə ailəbaşına 10 min lirə (900 manat) vəsait veriləcək. Bundan başqa, vətəndaşların ən zəruri ehtiyaclarının qarşılanması üçün dövlət, vətəndaş cəmiyyəti, iş və sənət dünyası, habelə dost ölkələr, dünya maliyyə qurumları böyük miqdarda yardım ayırıb. Bu sırada Azərbaycanın həm xilasetmə işlərində fəaliyyəti, həm də zəlzələ qurbanlarına dəstəyi diqqətə layiqdir. Hazırda zəlzələ bölgəsində 800-ə yaxın xilasedici və tibbi heyət çalışır, ötən 6 gündə 9 təyyarə dolu humanitar yardım göndərilib, SOCAR 35 milyon manat vəsait köçürüb. Sadə azərbaycanlıların həm maddi, həm də mənəvi dəstəyi misilsizdir. Fəlakətin baş verdiyi gündən hər bir azərbaycanlı qardaş ölkənin ağrılarını öz qəlbində hiss edir. 

Xatırladaq ki, dağıdıcı zəlzələ Türkiyənin təxminən 110 min kvadrat kilometr ərazisini əhatə edib, Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mersin şəhərlərində 13.5 milyondan çox əhali yaşayıb. Onların içərisində yüzlərlə Azərbaycan vətəndaşı var ki, zəlzələ onlardan yan keçməyib. Bu günə olan məlumata görə, onlardan 4 nəfər həlak olub: 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.

Dağıntılar altında qalan azərbaycanlı tələbələrin olduğu da məlumdur, dünən axşam verilən məlumata görə, xilasedicilər onların yaşadığı apartmanda axtarışlar aparırlar. 

Zəlzələnin baş verdiyi ilk gündən (6 fevral) Azərbaycanın türkiyədəki Səfirliyi “qaynar xətt” yaratdığını, bölgə üzrə koordinatorlar təyin etdiyini, onların əlaqə nömrələrini açıqladı. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən son məlumata görə, Türkiyədən 395 azərbaycanlı təxliyə ediləcək, onlardan 200-ə yaxını artıq avtobuslar vasitəsi ilə ölkəyə gətirilib. Xatırladaq ki, ölkənin quru sərhədləri bağlı olduğuna görə, onların təxliyəsi ancaq dövlət səviyyəsində mümkündür. Bundan başqa təxliyədə hava nəqliyyatdan istifadə olunmayıb. Bunun səbəbi barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib ki, “avtobuslarla təxliyə daha operativ həyata keçirilir” (?) 

Türkiyədə, eləcə də təbii fəlakətin baş verdiyi 10 şəhərdə çoxlu sayda azərbaycanlı yaşayır. İki ölkə arasında viza məhdudiyyəti yoxdur, mövcud qanunlar təhsil almağa, bizneslə məşğul olmağa, habelə təhsil, səhiyyə, inşaat və s. sahələrdə çalışmağa imkan verir. Qeyri-rəsmi məlumatlara görə, Türkiyədə, əsasən bölgələrdə yerləşən universitetlərində 45-50 minə qədər azərbaycanlı tələbə təhsil alır. İllik təhsil haqqı, yemək, qalmaq xərcləri az olduğuna görə, şirkətlərin bu cəlbedici təklifləri bir çox gəncin yolunu qardaş ölkədən salıb. Türkiyə ali məktəblərində, xəstəxanalarında, müxtəlif biznes strukturlarında da çoxlu sayda Azərbaycan vətəndaşı özünə iş tapıb. Onların bir çoxu artıq uzun illərdir qardaş ölkədə yaşayır, cəmiyyətə inteqrasiya olunub.

Zəlzələnin ölkədə yaratdığı böhran, təbii ki, onların da həyatına ciddi təsir edib. Xüsusən təbii fəlakət bölgəsində çalışanlar üçün çıxılmaz durum yaranıb. Universitetlərin birində çalışan, adının yazılmasını istəməyən müəllim bizimlə söhbətində dedi ki, faciədən təsadüfən sağ qurtarıblar:

“Bizim yaşadığımız 12 mərtəbəli bina da zədələndi, amma uçmadı, xəfif yaralarla salamat qurtardıq. Hazırda 5 nəfərlik ailəmlə köhnə dostlarımdan birinin evinə sığınmışam. Bütün əşyalarımız evdə qaldı, ora daxil olmaq mümkün deyil. Ona görə, pal-paltara, zəruri əşyalara ehtiyacımız var. Təbii ki, sığındığım evdə çox qala bilmərəm, kirayə tapmalıyam. Amma çox təəssüf ki, fürsətçilər nisbətən az zərər görmüş şəhərlərdə kirayə mənzillərin qiymətini ikiqat artırıblar. Təsəvvür edin, zəlzələdən qabaq aylıq 5 min lirəyə olan mənzil hazırda 12-15 min lirədir. Bunu ödəməyə bizim qazancımız yetməz”.

Həmsöhbətimiz bildirir ki, Türkiyə dövlətinin ayırdığı yardımlar ancaq öz vətəndaşları üçündür: “Təbii ki, belə olmalıdır, ilk növbədə hökumət öz vətəndaşını ayağa qaldırmalı, yaralarını sarımalıdr. Bizə isə öz dövlətimiz sahib çıxmalıdır, əgər çıxarsa…”

Müəllim faciə yaşandığı tarixdən keçən 6 gün ərzində Azərbaycan Səfirliyinin təyin etdiyi koordinatorla əlaqə qura bilmədiklərini deyir: “Nə telefona cavab verirlər, nə əlaqə qururlar. Həlak olanların cənazələrini vətənə aparmaq, əlbəttə, ən vacib işdir. Təxliyə olunmaq istəyən vətəndaşlarımızın ölkədən çıxarılması da son dərəcə vacibdir. Amma bununla dövlət öz işini başa vurmamalıdır. Burada minlərlə azərbaycanlı var ki, uzun illərdir, yaşayır, işləyir, uşaqları məktəblərdə təhsil alır. Onların Azərbaycana qayıtması mümkün deyil. Zəlzələ zamanı məni kimi, onların əksəriyyəti də acınacaqlı duruma düşüblər. Üzərlərinə atmağa paltarları belə yoxdur. İndi bu adamların taleyi necə olacaq? Onlar ölkəyə qayıtsalar, burada min bir əziyyətlə tapdıqları işlərindən məhrum olacaq, qazandıqları hər şeyi itirəcəklər. Dövlət onların əlindən tutub ayağa qalxmasına kömək etməlidir. Fərqi yoxdur, vətəndaş Azərbaycanda, yoxsa başqa ölkədə yaşayır, ona sahib çıxmaq lazımdır”.    

Həmsöhbətimizin Azərbaycan mediasından da umacağı var. Bildirir ki, onların durumunu işıqlandırmaq, aidiyyatı dövlət qurumlarına, cəmiyyətə çatdırmaq faydalı olar: “Bəlkə insafa gəlib, yaxud ictimai qınaqdan çəkinib burada çətin vəziyyətə düşmüş azərbaycanlılara da kömək əlini uzadarlar. Biz vətəndaşlarımızın, eləcə də dövlətin qardaş Türkiyəyə necə canıyananlıqla yardım etdiyini görürük və qürurlanırıq. Bu, hər şeydən əvvəl insanlıq, qardaşlıq borucumuzdur. Unutmasınlar, bu faciədə biz də ölmüşük, yaralanmışıq, hər şeyimizi itirmişik, dövlətimizi yanımızda görmək istəyirik…”(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam