İndi ümid qalıb Ali Radaya: bəlkə, deputatlar bu qanununu qəbul etməyələr…
Yenixeber.org: Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
Oxucularımızın diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
…5-6 ay idi ki, oxucularımızın görüşünə gəlmirdim. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardı. Bir ara o andıra qalmış “Omicron”un nə bilim neçənci ştammı gəlib mənə də urcah oldu, daha sonra Ukraynada baş verənlər bütün diqqətimi ora yönəltdi, sonra bizimkilərin Moskvanın Ruben Vardanyan proyektini dinc yolla necə məhv etməsi prosesini müşahidə etdim, sonra da səfirliyimizin əməkdaşının ölümü ilə nəticələnən İrandakı son hadisələr ortaya çıxdı.
Bir sözlə, yazmağa mövzu çox idi və proseslər o qədər sürətlə inkişaf edir ki, yazmaq üçün kompüterin qarşısına oturan kimi situasiya dəyişirdi. Odur ki, qərar gəldim, sadaladığım mövzuların çalışıb sonunu gözləyəcəm ki, hansısa hadisə barədə yazdıqlarım 2-3 gün sonra keçmiş zamanda oxunmasın.
Elə bu düşüncələrlə var-gəl edirdim ki, qarşıma bizim üçün heç vaxt köhnəlməyəcək və təəssüf ki, keçmiş zamanda qalmayacaq bir mövzu çıxdı. Bəlkə də, müharibə xəbərləri, videoları və şəkilləri ilə dolu olan Ukrayna “Telegram” kanallarında bu mövzu 2-3 cümlə ilə getdiyi üçün, ona çox adam əhəmiyyət vermədi. Amma mənim girdə eynəklərimdən yan keçmədi.
Müharibə çox axmaq şeydir - ələxsus da, bütün ölkə ərazisində aparılırsa. Müharibə zamanı dövlət məmurlarının başları “Hər şey qələbə üçün” ideyasının reallaşmasına o qədər qarışır ki, bəzən elə qərarlar qəbul edirlər ki, özləri bir yana, yaxın-dost dövlətlər, daha doğrusu, orada yaşayan və xalqlarının rifahı naminə gecə-gündüz çalışan məmurlar üçün də başağrısı yaradırlar.
Baxın, bizim ölkə dağ boyda Rusiyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya bacardığı dəstəyi göstərir: deyilənə görə, əl altdan silah da verir (humanitar yardım öz yerində), Ukraynada olan SOCAR yanacaq doldurma məntəqələrində təcili yardım və yanğınsöndürən maşınlara havayı yancaq verir, hətta rusların enerji infrastrukturunu dağıtmaqla, allahsızcasına donmağa məhkum etdiyi insanlara generatorlar belə, göndərir. Amma hər yerdə, hətta bizdə də dövlət xidmətlərinin elektronlaşdığı bir şəraitdə Ukraynada elə bir qanun qəbul ediblər ki, bizim məmurlar olduqca pis vəziyyətdə qalıblar.
Bu bizim ukraynalı qardaşlarımız oturduqları yerdə qərara gəliblər ki, öz dövlət xidmətlərinin elektron xidməti olan “Дiя” resursuna ölkəyə idxal edilən avtomobillərin gömrükdən keçirilməsini – “rastamojka”sını da salsınlar. Yəni, istənilən Ukrayna vətəndaşı Almaniyadan maşın gətirir və daha gömrükdə qapı-qapı gəzmədən, evindəcə bu “Дiя” resursuna daxil olur, dövlət rüsumunu ödəyir, maşınını “rastamojka” edir.
Təbii ki, tətbiqdə avtomobilin xüsusiyyətlərini nəzərə alaraq prosedurun təxmini dəyərini hesablamaq da mümkün olacaq. Gömrük rəsmiləşdirilməsi funksiyasının tətbiqi Ali Radanın təsdiqindən sonra planlaşdırılır.
Bu da bu! A kişilər! İndi özünüz deyin, Ali Rada bu qanunu qəbul edəndən sonra, effektiv rəsmiləşdirilmə qaydası keçmiş sovet ərazisinə yayılsa, bizim “rastamojka” ustaları nə edəcək? Birdən bizim rəhbərliyin də bu metod xoşuna gəldi və qərara gəlindi ki, bizdə də elə belə olsun. Bəs onda maşının motorundan və göstəricilərindən daha çox həm maşının, həm də onu gətirənin xarici görünüşünə baxaraq, bədahətən rəsmiləşdirmə qiyməti deyənlər nə edəcəklər?
Axı niyə bizim gecə-gündüz “bolet” elədiyimiz Ukrayna hökuməti bizim məmurlara belə pislik edir? İndi bu məmurlar Ukraynaya göndərilən yardımı əvvəlki həvəslə təşkil edəcəklərmi? Heç dəxli var?! A kişi, başınıza “urus” bomba tökür, siz isə demokratiya, şəffaflıq və Avropa standartları hayındasınız. Özünüz cəhənnəmə, bizimkiləri də zibilə salırsınız.
Belə dostluq və həmkarlıq olar? İndi ümid qalıb Ali Radanın deputatlarına. Bəlkə, onlar bizim məmurları da nəzərə alaraq, bu qanununu ya qəbul etməzlər, ya da qəbulunu bir neçə il uzadarlar. Ona kimi də... Görək noolur...(AYNA)