Deyirlər ki, atın rüsumunu ucuz etsək, ölkədə at sıxlığı olar və məmləkətin havası pisləşər
Yenixeber.org: Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
Oxucularımızın diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Rubrikanın daimi izləyiciləri görürlər ki, 1 aydan çoxdur görüşünüzə gələ bilmirəm. Səbəb o deyil ki, cəmiyyətimizdə problemlər qalmayıb, necə deyərlər, “kommunizm vaxtından əvvəl gəlib” çıxıb və artıq “Axı niyə?!” sualını verməyin elə bir əhəmiyyəti yoxdur. Yox-yox! Əksinə, problemlər nəinki azalmır, əksinə, sıraları genişlənir.
İndi son ayda özümün də üzləşdiyim bir problemdən yazmaq istəyirdim. Lakin əl saxladım. Jurnalistika qanunlarına uyğun olaraq, mən əslində əlimdə fakt olarkən, konkret ünvanı hədəfləyən yazı yazmalıyam, amma indi yazacağım problem bir möcüzədir – onun varlığını hamı bilir, görür, içtirakçısı olur, amma heç kim bu barədə konkret yazı yaza bilmir. Mətbuatda elə ümumi sözlərlə zəngin yazılar çıxır – “aldılar”, “soydular”, “ağ ediblər”...
Mən də bu sıradan çıxmağa iddialı deyiləm, amma hamının bildiyi, varlığına inandığı, üzləşdiyi bu problemlə bağlı əlimdə sübut edə biləcəyim faktın olmadığı və buna görə də məhkəmə qapılarında sürünməyə həsəsim olmadığı üçün, nağıl yazacağam. Dəqiq baxmışam – qanunvericiliyimizdə nağıl yazmağa görə cəzalandıran məcəllə yoxdur. Odur ki, oxuculara “At alanları niyə soyurlar” nağılını təqdim edirəm.
Biri var idi, biri yox idi, bir məmləkətdə çoxlu at almaq həvəskarları var idi. Ölkədə adambaşına düşən atın sayı əslində çox deyildi, amma at gətirənlərdən heyvanın cavanlığından, dişlərinin sayından, yarışlarda yer tutmasından, hansı samanı yeməsindən asılı olaraq, ölkənin kandarında nə qədər axça vergi alırdılarsa, daxili bazarda at qalxırdı ceyranın belinə. Heç kim də bu məsələyə əncam çəkə bilmirdi, çünki, deyilənə görə, bu axçaları vəzirlərdən birinin adamları yığırdı.
Bazar demişkən, məmləkətdə at almaq üçün bir neçə heyvan bazarı vardı. Burada əksəriyyəti təzə olmasa da, qüvvəsini saxlayan alman, gözüqıyıq dözümlü yapon atlarından tutmuş, çox saman yeyən Amerika, üzü-gözü bəzəkli, quyruğu-başı hörüklü, amma dözümcə o birilərdən zəif olan Koreya və Çin atları da vardı. Hələ mən daha çox kənd yerlərində isitfadə olunan, çapmağı zəif, amma samanı-yəhəri-nalı ucuz “urusyət” atlarını demirəm. Bir sözlə, sahibini başa düşməsi avtomatizm dərəcəsində olan atlardan tutmuş, hələ də iki addımdan bir dümsüklə işləyən atlara qədər - bazar dolu idi.
Maraqlıdır ki, at həvəskarları təkcə müxtəlif yollarla qazandıqları axçaları bu bazarda atlara verməklə at əldə etmiş olmurdular. Onlar satıcı ilə razılaşandan sonra, bir neçə nalbəndin, baytarın yanına gedir, atın hansı nalla nallandığı, əvəllər hansı saman və otu yediyi, vaxtı ilə uçrumda büdrəyərək, aşıb-aşmadığı barədə dəqiq məlumat alırlar. Amma bu da son deyildi.
Üçüncü mərhələ at alanlar üçün əsas idi. Belə ki, ölkədəki atların sayında qarışıqlıq olmasın deyə, hakimi-mütləqlər bir Ata Nəzarət İdarəsi yaratmış və onlara çoxlu keşikçilər təyin etmişdilər. Amma bu keçikçilər təkcə qorumağı deyil, həm də haqq-hesabı yaxşı bilirdilər.
Atları nömrələmək üçün ölkədəki bütün qanunlar elə yaradılmışdı ki, İdarənin qapısından içəri girən kimi ya saatlarla növbə gözləməli, keşikçilər oturan müxtəlif otaqlara girib-çıxmalı və əgər “atın bir gözü sağa baxır, dili isə çöldədir” tipli gic-gic sualllara cavab verərək, onları inandıra bilirdinsə, 5-6 saatdan sonra böyük xahiş-minnətlə sənə atın filan nömrə altında məxsusluğunu sübut edən bir parça kağız verirdilər. Ya da bütün bu məşəqqətlərdən keçmək istəmirsənsə, bu keçikçilərə yaxınlaşmalı və qanuni rüsumun beşqatını ödəyərək, 15 dəqiqədən sonra, “yaxşı qurtardım” fikri ilə atını minib, oradan gedə bilərdin.
Kağız almadan bu İdarəni tərk etmək mümkün deyil, çünki elə çöldəcə bu keşikçilərin balaca qardaşları sürətli ağ atlarında sənə çatıb dərsini verər, atını alıb, günahkar at yiyələrinin müvəqqəti saxlandığı ümumi tövləyə göndərərdilər.
Amma bu məmləkətin keşikçiləri əhalinin xasiyyətinə yaxşı bələd olduqları üçün daha bir qazanc yolu əldə etmişdilər. Atlara verilən nömrəli kağız təkcə atın gücünə-filana əsaslanmırdı. Əgər atın alnına və dalına vuracağın kağızdakı nömrənin gözəçarpan, hamıdan fərqli olmasını istəyirsənsə, mütləq əlavə axçalar da verməlisən. Baxmayaraq ki, qanunda belə bir müddəa var idi, amma qanunda yazılanlarla keşikçilərin səndən tələb etdikləri axçalar arasında fərq o qədər böyük idi ki, bəzən bir nömrə üçün 20 atın pulunu verməli olurdun. Hətta 3 il əvvəl aldığın atın üstündəki nömrəsini, yeni aldığın atın alnına və dalına pərçim etmək istəyirdinsə, yenə də əlavə axçalar verməli idin. Məbləğin nə qədər olması isə qalırdı həmin keşikçinin oturduğu İdarənin sahibi-mütləqinin vicdanına.
Məhz bu dediyim amillərə görə, ölkədə atların qiyməti çox baha olurdu. Qonşu məmləkətlərlə maraqlananda gördüm ki, orada at alıb, ona nömrəli kağız yapışdırmaq üçün cəmi 15 dəqiqə vaxt lazım olur. Və rüsumu da çox deyil, atın gücündən və doğum ilindən asılıdır.
... Sonra da müxtəlif vəzir-vəkillər xalqın yığışdığı meydanlarda qalxıb deyirlər ki, atın rüsumunu ucuz etsək, ölkədə at sıxlığı olar və məmləkətin havası pisləşər. Sən demə, atın ifrazatı çoxlu parnik qazları buraxırmış. Zəhərlənib ölərik.
Maraqlıdır ki, onların qoyduqları bu qiymətə və yaratdıqları bu nömrəli kağız üçün axçayığma sisteminə görə, məmləkət çöllərində daha çox yaşı keçmiş ələngələr “şütüyür” ki, onların da sağlığında problemlər var və ifrazatları – parnik qazları çox olur...
Bəlkə, at gətirmək üçün rüsumu ucuzlaşdırıb, məmləkətə mümkün qədər təmiz ekoloji samanla yemlənən cavan atlar gətirməyə şərait yaratmaq, həmçinin axça yığmağı saxlamaqla, məmləkətin havasını daha tez təmizləmək olar? Buna niyə getməyək ki? Axı niyə?!
P.S. Mən heç vaxt Parisdə olmamışam və Eyfel qülləsini də canlı görməmişəm. Amma bu, o demək deyil ki, o qüllə ümumiyyətlə, mövcud deyil...(AYNA)