Ağsuda körpü zibilə “düşüb” -FOTOLAR
Bu körpüdən “əli dolu gəlib, əli boş” keçənlər kimlərdir?.. Yaxud, məmurlar hara baxır?!.
Yenixeber.org: Ağsu-Çöl Göylər yolunun üzərində yerləşən Yasamal körpüsü (Bico kəndinin ərazisində olduğu üçün “Bico körüsü” də deyilir) hazırda böyük bir zibilxananı əks etdirir. Həmin yolun ən böyük avtomobil körpüsü olmasına baxmayaraq, bu gün bu körpü elə ən böyük laqeydliyin də nəticəsini yaşamaqdadır.
Əvvəlcə, qeyd edək ki, körpünün altını, ətrafını zibilləyən həmin yolun üzərində yerləşən kəndlərin sakinləridir. Maşını olanların əksəriyyəti evlərində, həyətlərində çöpə atılası nə varsa, gətirib bu körpüyə atırlar. Nəzarətin olmadığını, baxımsızlığın baş alıb getdiyini görən mədəniyyət, təbiət düşmənləri, ərindiklərindən daha zibil kisələrini körpüdən aşağı tullamırlar, elə yolun qırağına selbələyib, yollarına davam edirlər. Hələ ki, körpünün üstündən maşınlar rahatlıqla hərəkət edə bilirlər, ancaq bu gedişlə körpünün üstü də altına çevriləcək.
Yasamal dərəsinin və körpüsünün zibil anbarına çevrilməsinin bir “savab tərəfi” var ki, sahibsiz itlər zibilliyi özlərinə sığınacaq seçiblər – həm qidalanırlar, həm də daldalanırlar. Bunun xeyri də yenə məmurlara toxunur, çünki daha aidiyyatı qurumların xərc-xəcalət və əziyyət çəkib, sahibsiz itlər üçün sığınacaq tikməyinə ehtiyac qalmır.
Körpünün özünün və ətrafının təmizliyinin hansı qurumlar tərəfindən diqqətdə saxlanmalı olduğuna gəlincə: Əgər yol idarəsi baxırsa, onda heç! Ona görə ki, yolun özü xaraba qalıb, baxmırlar, yolun, körpünün kənarı onların vecinə də gəlməz; Hər gah, ərazi kəndin olduğu üçün, kənd bələdiyyəsi nəzarət eləyirsə, sədr, demək olar, hər gün o körpüdən o yana keçir-bu yana keçir, - maraqlanardı, təmizlədərdi, zibil atanları məsuliyyətə sürükləyərdi. .. Yeri gəlmişkən bildirək ki, məlumata görə, əvvəlki illərdə bir neçə dəfə Bico kənd rəhbərləri həmin ərazinin zibillərini topaladıb, yandırıblar. Lakin həmin vaxtlarda indikinin heç onda biri qədər zibil olmayıb burda, indi zibil az qalır maşınların pəncərəsindən içəri girsin.
Yəqin ki, rayonun birinci şəxsi də (eləcə də, digər böyüklər) səyyar görüşlərə gedəndə bu iyrənc mənzərəni görüb. Və görübsə, bəlkə də tapşırıq da verib ki, bu boyda “ayıbın üstünü örtsünlər”... Hər halda, nəticə göz qabağındadır.
Bu anormallığın ən ayıb tərəflərindən biri budur ki, yolun üzərində yerləşən kəndlərə şəhərlərdən və digər rayonlardan qonaq-qara da gəlib-gedir. Onlar belə mənzərəni görəndə, ən azından ürəklərində, bu zibilxananı yaradanları zibilə döndərənə qədər söyüb-oxşamırlarmı?!.
Düzdür, hər vətəndaşın vətəndaşlıq vicdanı olmadır – dövlətə, ölkəyə, torpağa sevgiylə yanaşmalıdır, ancaq eyni zamanda, aidiyyatı qurumların səlahiyyətliləri də vəzifələrinə, maaşlarına, yedikləri çörəyə hörmət qoymalıdırlar!
Problem həll olunana qədər, mövzu diqqətimizdə olacaq!
Mövzuyla bağlı aidiyyətli şəxsləri dinləməyə hazırıq.(becan.az)