İntihar körpüsü
İnsanların «Koroğlu» metrostansiyası yaxınlığındakı asma körpüyə çıxaraq intihara cəhd etməsi adət halını alıb. Bu vaxta qədər buna bənzər 7 fakt qeydə alınıb. Artıq bu körpüyə ad da verilib – «İntihar körpüsü».
"Xeberinfo.com": Onlardan ilk olaraq 20 yaşlı gənc, körpüdən tullanaraq faciəvi şəkildə intihar edib. Digərləri isə xilas edilib. Əvvəllər intihar etmək məqsədi ilə bu körpüyə çıxanların sayı az idi. Son zamanlar isə bu hallar artmaqdadır. Maraqlıdır, intihar etmək istəyən insanlar niyə məhz «Koroğlu» körpüsünü seçir?
Körpüyə çıxanlar əsasən maddi durumlarının pis olmasından, kimlərəsə borclu olmalarından şikayət edirlər. İntihara səbəb kimi də bunları göstərirlər.
Körpüyə çıxaraq intihar edəcəyini deyənlər, əslində bu yolla öz problemlərini geniş ictimaiyyətə çatdırırlar. Əsas məqsəd də budur. Çünki bilirlər ki, körpüyə çıxdıqları zaman mətbuat orqanlarının, vətəndaşların və dövlət orqanlarının diqqətini çəkə biləcəklər.
Bundan başqa, çoxları bilir ki, özünü yandıraraq intihar edən Qarabağ qazisinin ailəsinə maddi yardım edilib. Ondan sonra bir neçə nəfər də özünü yandıraraq öldürməyə cəhd etdilər. Körpüyə çıxanlardan birinin imdadına da millət vəkili Qənirə Paşayeva yetişmişdi. Bundan sonra körpüyə çıxanların sayı çoxaldı.
İntihar etmək istəyənlərdən biri Fəqan Nəsibov adlı şəxs idi. O, avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə «Koroğlu» metrostansiyasına yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxaraq intihara cəhd etmişdi. O, hazırda Zərdabın icra başçısı olan Lütfəli Babayevin Mingəçevir rayonunun icra başçısı olarkən ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edir, buna görə də intihar edəcəyini bildirirdi. Amma... F.Nəsibov dekabrın 2-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yasamal Rayon Məhkəməsində F. Nəsibov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, vətəndaşa qarşı 10 min manat miqdarında dələduzluqda təqsirləndirilir.
62 yaşlı Yusif Əmirov iyulun 31-də körpüyə çıxaraq intihara cəhd etmişdi. Y.Əmirov, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq, bu addımı atdığını bildirmişdi.
Zamiq İbrahimov adlı Bakı sakini dekabrın 30-da məlum körpüyə çıxaraq, intihara cəhd edib. Onu bu körpüyə çıxaran isə qardaşının qatillərinin tapılmaması olub. Z.İbrahimovun qardaşı Ramil İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Zamiq qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Dövlət orqanları isə intiharların qarşısını almaq üçün bəzi üsullara əl atıblar. Belə ki, adı çəkilən körpünün ətrafında mühafizə polisləri yerləşdirilib. Onlar 24 saat növbələşmiş rejimdə ərazini dolaşırlar və hər hansı bir şəxsin körpüyə çıxmasına mane olurlar. Biz bunu çəkilişimiz zamanı da müşahidə etdik.
«Polis əməkdaşları «Koroğlu» körpüsündə intihara cəhd hallarını nəzərə alıb sayıqlıqlarını bir az da artırıblar» - bunu mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.
O, sözlərinə bunları da əlavə edib: «Həmin halların qarşısı polis əməkdaşları tərəfindən alınır. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirləri ilə həmin halların qarşısı alınır. Adı çəkilən ərazidə xidmət aparan bizim post patrul xidmətinin əməkdaşları intihara cəhd amillərinə də diqqət yetirirlər və belə halların baş verməməsi üçün lazımı tədbirlər görürlər».