Deputat: “Korrupsioner, rüşvətxor məmurlardan imtina olunur”
İqtisadçı: “Problem fərdlərlə həllini tapmır, sistemin özü köhnəlib”
Yenixeber.org: Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin (MMX) İdarə Heyətinin sədri təyin edilib. O, buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, MMX cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) yanında fəaliyyətə başlasa da, sonradan publik hüquqi şəxs olaraq müstəqil qurum olaraq fəaliyyətini davam etdirir.
Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbovun istefası, NMR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsisatının yaradılması, Fuad Nəcəflinin NMR-də Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilməsi, habelə Anar Kərimovun mədəniyyət naziri vəzifəsindən azad edilməsi, yüksək ranqlı digər məmurların da vəzifələrindən azad ediləcəyi barədə yayılan məlumatlar fonunda MMX-yə yeni rəhbər təyinatı diqqətdən yayınmır.
Bəzi məlumatlara görə, 2023-cü ildə bu idarəetmə sistemində ciddi islahatlar aparılacaq. Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən bütün icra hakimiyyətləri ləğv ediləcək və regionlar üzrə Prezidentin səlahiyyətli nümayəndəliyi təsisatı yaradılacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Baş nazirin sabiq birinci müavini Vahid Əhmədov deyib ki, MMX əhəmiyyətli dövlət qurumudur: “Bu quruma yeni rəhbər təyinatı açıq şəkildə söyləməyə əsas verir ki, Xidmətin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsası qoyulur. Cənab Prezidentin son sərəncamına diqqət yetirsək, görərik ki, bu vəzifəyə kifayət qədər peşəkar və dövlət idarəçiliyində təcrübəsi olan gənc kadr təyin edilib. Mən ümumiyyətlə, gənclərin yüksək vəzifələrə təyin edilməsini təqdir edirəm. Düzdür, onların da fəaliyətində nöqsanlar qeydə alınır. Amma nə qədər olsa da, onlar sələflərinin yolu ilə getməyəcək, şəffaf fəaliyyət göstərəcəklər”.
“Etiraf etmək lazımdır ki, Azərbaycanda korrupsiya mövcuddur və bu, ən yüksək səviyyədə kəskin tənqid olunur. Ortada ciddi siyasi iradə var və korrupsioner, rüşvətxor məmurlardan imtina olunur. Prezidentin son fərman və sərəncamları bunun əyani təzahürüdür. Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması kimi ciddi bir missiya ilə fəaliyyət göstərir. Əminəm ki, qarşıdakı dönəmdə bu Xidmətin fəaliyyətində ciddi dönüşü müşahidə edəcəyik”, - deyə həmsöhbətimiz bildirib.
Deputat hesab edir ki, regionlar üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması müsbət məqamdır: “Çünki mövcud icra hakimiyyətləri sovetlər dövründən qalıb və müasir dövrün tələblərinə cavab vermir. Bu baxımdan onların fəaliyyətinin yenilənməsinə ciddi ehtiyac var”.
“Buna qədər Prezidentin Qarabağ, Şuşa və Zəngilan iqtisadi rayonları üzrə səlahiyyətli nümayəndələri təyin edilib. Onlar etimadı doğruldublar və kifayət qədər peşəkar fəaliyyət göstəriblər. Prezident Naxçıvan Muxtar Respublikasında da səlahiyyətli nümayəndəsini təyin etdi. Hesab edirəm ki, qarşıdakı dövrdə digər iqtisadi rayonlar üzrə də Prezidentin səlahiyyətli nümayəndələri təyin ediləcək”, - deyə Əhmədov vuğulayıb.
İqtisaçı ekspert Natiq Cəfərli mövzuya dair şərhində hazırkı idarəçilik metodunun artıq köhnəldiyini və əhəmiyyətini itirdiyini söyləyib: “Bu mövzu dəfələrlə müzakirə olunub. Prezident İlham Əliyevin özü bir neçə dəfə icra hakimiyyətlərinin işinin yarıtmaz olduğu ilə bağlı mövqe ortaya qoyub. Hətta bir neçə icra başçısı həbs edilib, vəzifədən azad olunanlar olub. Lakin buna baxmayaraq, sözügedən sahədə hələ də bir sıra problemlər mövcuddur”.
“Bu, onu göstərir ki, probem yalnız kadrlardan və ya mövcud idarəetmənin özündən qaynaqlanmır. Bu sistemin özü artıq köhnəlib və müasir reallığa cavab vermir. Bu baxımdan icra başçıları institutunun ləğv edilməsi, əvəzində seçilmiş şəxslərə regionlarda idarəetmə səlahiyyətləri verilməsi dövrün tələbidir. Dövlət başçısının fərmanı ilə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təsisaatının yaradılması müsbət məqamdır”, - deyə müsahibimiz bildirib.
Cəfərlinin fikrincə, mövcud gedişat yaxın tarixdə belə bir dəyişikliyin baş verəcəyini söyləməyə əsas verir: “Lakin bunun üçün Konstitusiya dəyişikliklərinə ehtiyac var. Naxçıvan Muxtar Respublikasının statusu Konstitusiya referendumu ilə həll edilməli, daha sonra isə ölkənin inzibati ərazi quruluşu dəyişdirilməlidir”.
“Korrupsioner məmurlarla bağlı məsələyə gəldikdə isə, bir daha qeyd etmək istəyirəm ki, idarəetmə sistemi dəyişməyənə qədər bundan qurtulmaq mümkün deyil. Əks halda bu dəyişikliklər nəticəsiz qalacaq və ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. Bütün hallarda son fərman və sərəncamlar müsbətdir və bundan sonra da davam etməlidir”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.(AYNA)