Yol polisinin nömrə inhisarçılığı korrupsiyaya yol açır-DE-FAKTO
Baş DYP İdarəsinin istehlakçı hüquqlarının pozmasına qiymət verilmir
Yenixeber.org: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsi 001-009, 100-900, 111-999 rəqəmləri ilə ifadə olunan avtomobil nömrələrinin verilməsinə görə 1000 manatdan 3000 manata qədər dövlət rüsumunun ödənilməsini doğrulayır. Di gəl, vətəndaş, istehlakçı istədiyi nömrəni almaqda xidmət qurumunun – Baş Dövlət Yol Polisi İdarəsinin inhisarçı mövqeyi ilə qarşılaşır və hüququndan yararlana bilmir . Niyə? Ən geniş yayılmış metod nömrənin sərfiyyatda olmaması, olanda isə anında satılmasıdır. Təsəvvür edin, 15 ildir yol polisi 001 nömrələrinin ümumiyyətlə mövcud olmadığını bildirir! (?) Belə çıxır, nömrələr 2-dən başlanır? Eyni zamanda, nömrə mövcud deyilsə, niyə qanuna salınıb? Açıq-aşkar istehlakçı hüquqlarının pozulması, nömrələrin gizlədilməsi, sərfiyyata çıxarılmadan qıtlıq yaradılıb şişirtmə qiymətə “şişirdilmiş” şəxslərə satılması inhisarçılığı hökm sürür. Bu inhisarçı özbaşınalığından dövlət büdcəsi də ziyan çəksə də, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi büdcə gəlirlərinin süni şəkildə azaldılmasına hüquqi qiymət verilməsini təmin edir. Təkcə 001 nömrəsinin sərfiyyatdan gizlədilməsi ilə büdcənin 2 milyon manata yaxın vəsaitdən məhrum olmasını hesablamaq çətin olmaz yəqin.
Fikrimizcə, nömrə verilməsində hüquq və azadlığı xarici ölkələrdəki kimi təmin etmək olar. Deyəsən, qonşu Gürcüstan da bu sistemə keçib. Yəni hər bir avtomobil yiyəsi öz daşınar əmlakına istədiyi adı verməkdə sərbəstdir. Necə deyərlər, kasıb itinin adını “Gümüş” qoymaqda tam azaddır, bircə başqa kasıbın itinin ad hüququnu pozmasın. Yoxsa, bizdəki kimi ?Hansı nömrəni istəyirsən, sərfiyyatda olmur, ya da anında satılır. Bu necə ola bilər? 77 ilə başlayan nömrələr sərfiyyata çıxan kimi 777 nömrəsinin verilməsini istəyən Qarabağ qazisinə xidmətdən hələ də imtina edilir. Belə çıxır 800 civarında nömrə anında satıldı? Axı bu fiziki yöndən də mümkün deyil. Ümumiyyətlə, xidmət sahəsində inhisarçı mövqeyindən yararlanılması, kiməsə üstünlük verilməsi, ayrı-seçkilik edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19. 09.1995 tarixli qanun mal seçilməsində, xidmət göstərilməsində ayrı-seçkiliyi qadağan edir. Qanun yalnız SOSİAL MÜDAFİƏYƏ EHTİYACI OLAN ŞƏXSLƏRƏ müəyyən güzəştlər tətbiq edilməsinə yol verir. Yol polisi isə, əksinə, Qarabağ qazilərinə qarşı qərəzli ayrı-seçkiliyə yol verir, hətta xidmətdən imtina edir. “Qocaman” oxucular sovet dönəmində “bərkgedən” nömrələrin müharibə iştirakçılarının “Zapı”larına verilməsindən bilgilidirlər. Qarabağ qazilərinin “nazlifan”larının “bəxtinə” isə “nazsız” nömrələr düşür.
Yol polisinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, “piştaxta altından” nominal dəyərindən qat-qat bahasına satması korrupsiya faktıdır. Prezidentin 04.04.2022 -ci il tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında nəzərdə tutulmuş kompleks tədbirlər başlıca olaraq ŞƏFFAFLIĞIN ARTIRILMASINA, DÖVLƏT ORQANLARI (QURUMLARI) tərəfindən göstərilən XİDMƏTLƏRİN KEYFİYYƏTİNİN YAXŞILAŞDIRILMASINA xidmət edir. Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil nömrələrini sərfiyyatdan gizlətməsi, hətta xidmətdən imtina etməsi isə nə dövlətə, nə onun başçısına, nə də vətəndaşa xidmət sayılır. Belə “xidmət”in bir adı var : (ÖZÜNƏ)RÜŞVƏT XİDMƏTİ!
Məğrur Bədəlsoy