Bakıda özbaşınalıq: Mənzil sahiblərinin xəbəri olmadan evləri söküldü -VİDEO
Binəqədi rayonu Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan və mülkiyyət sənədi olan orderləri olan bir qrup sakin onlara məxsus olan mənzillərin xəbərləri olmadan söküldüyünü bildirib.
Yenixeber.org: Belə ki, 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün düşən şəxslərin qeyd edilən ünvandakı yataqxanada məskunlaşması nəticəsində həmin mənzillərin qanuni sahibləri məcburi köçkünlərin durumuna görə yaşadıqları mənzillərdən çıxmaq məcburiyyətində qalıblar. 2018-ci ildə isə məcburi köçkünlərə dövlət hesabına Qobu Park yaşayış kompleksində mənzillər verilib. Bundan sonra vaxtilə evlərini tərk edən şəxslər qeydiyyatda olduqları mənzillərə yenidən sahib çıxmağa çalışıblar. Artıq məcburi köçkünlərin onlara məxsus evlərdən çıxarıldığını eşidən şəxslər Səttar Bəhlulzadə küçəsinə gəldikdə isə gözlərinə inanmayıblar. Məlum olub ki, artıq bina yoxdur və sökülüb. Yataqxana binasının yerində isə "Ümid VQM" MMC tərəfindən çoxmərtəbəli bina tikilir.
Məsələni yerində araşdırmaq üçün çəkiliş qrupumuz adıçəkilən ünvana yollanıb.
Uzun illər məcburi köçkünlərin ona məxsus olan evdən çıxarılacağını gözləyən Almaz Eyvazova Publika.az-a açıqlamasında bildirib ki, oğlu Vasif Abdullayev Birinci Qarabağ müharibəsi veteranıdır. Onun oğlu müharibədə olarkən boş qalmış evinə məcburi köçkünlər yerləşdirilib. A.Eyvazova əlavə edib ki, Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan şəxslər sovet dövründə müxtəlif müəssisələrdə işləyən fəhlələrdir: “15 may 1992-ci ildə o zamankı Tikinti Nazirliyinin 64 nömrəli əmri ilə bu yataqxana Nərimanov Rayon İcra Hakimiyyətində mənzil şəklində bölüşdürülüb. Həmin dövrdən bu günə qədər burada qeydiyyatda olanların heç birinin yaşayış hüququna xitam verilməyib. Bu yataqxana sökülərkən bizim heç birimizdən razılıq ərizəsi alınmayıb. Qeydiyyatda olduğumuz ünvanı bizdən icazəsiz söküblər. Hətta bizi başqa yerə də yerləşdirməyiblər. Halbuki Tikinti Nazirliyinin əmrində göstərilirdi ki, yataqxana mənzil şəklində bölüşdürülsün və 4 nömrəli Tikinti İdarəsinin fəhlələrinə verilsin, üstəlik, orada yaşayan fəhlələr başqa yerlərə yerləşdirilsin. Yəni həmin əmrə əsasən heç bir sakinin kənarda qalması nəzərdə tutulmayıb. Nərimanov Rayonunun keçmiş icra başçısı isə qanunsuz şəkildə mənzilləri bölüşdürüb, order verib, amma burada qeydiyyatda olanların yəni, bizim bundan xəbərimiz olmayıb. 26 ildir biz yollardayıq. Biz hazırda kirayələrdə yaşayırıq. Amma faktiki qeydiyyatda olduğumuz ünvanda “Ümid” MMC tikinti aparır. Bizə heç bir kompensasiya verilməyib. Yataqxana da qeyri-qanuni olaraq sökülüb. Üstəlik, order verilən sakinlər də indi çöldə qalıblar. Onların da, qeydiyyatda olanların da hüquqları pozulub. Şəxsiyyət vəsiqəmizə baxın (çıxarıb göstərir) qeydiyyat yerimiz buradır, amma mənzilimiz sökülüb, bina yerində yoxdur. Bina Binəqədinin ərazisindədir, departamentin balansındadır, Nərimanov rayon İcra Hakimiyyətinin məmurları isə söyləyir ki, bina bizim balansımızdan çıxıb. Bakı Şəhər Mənzil Kommunal Departamenti deyir ki, bizim balansımızda olsa da Binəqədinin ərazisi olduğu üçün cavabdeh deyilik. Binəqədinin icra hakimiyyəti nümayəndələri də eyni cavabı verirlər. Dünən mənə deyiblər ki, aidiyyatı orqanlar sizin məsələnizə baxacaqlar. Aidiyyatı orqanlar kimlərdir?!”.
Başqa bir iddiaçı, daha doğrusu, şikayətçi qeydiyyat məsələsi ilə bağlı üzləşdiyi problemi dilə gətirib:
“Mənim atam rəhmətə gedib, qeydiyyatda olduğum ünvan söküldüyü üçün dəfn pulunu ala bilmirəm, deyirlər ki, gedib arayış gətirməliyəm. Yaşadığım yer hazırda söküldüyü üçün aidiyyatı qurumlar arayış da verə bilmirlər. Buranı kimlərin sökdüyünü, kimlərin icazəsi ilə tikinti aparıldığını bizə demirlər. Şirkətin rəhbəri ilə görüşəndə deyib ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı icazə verib. Hələ deyilənə görə, binanın birinci mərtəbəsini, yəni qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə verəcəklər".
Şikayətçi Yaşar Səfərov söyləyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər, ancaq cavab verən yoxdur:
“Deyirlər ki, sizin burada mülkiyyət hüququnuz yoxdur. Binəqədi rayon İcra Hakimiyyətindən də bizə eyni sözü söylədilər. Deyirlər ki, həmin bina bizim balansımızda deyil. Amma faktiki olaraq bina Binəqədi rayonunun ərazisində yerləşir. Hər kəs bir-birinin üzərinə atır. Biz səsvermə hüququndan məhrum olmuşuq. Seçkilərdə səs verə bilmirik”.
Murad adlı şəxs isə söyləyir ki, nə arayış ala bilir, nə də rəsmi şəkildə hər hansı quruma müraciət etmək mümkündür: “Deyirlər ki, bina yoxdursa, sənə arayış verə bilmərəm. Biz 1980-ci illərdən burada yaşayırıq. Mənim oğlum, nəvələrim də burada qeydiyyatdadırlar. Amma bina söküldüyü üçün hamımız “hava”dayıq. Hətta o vaxt qaçqınlar gələndə biz əşyalarımızı da qoyub çıxdıq ki, pis durumdadırlar, onlar üçün saxladıq”.
İddiaçılarla birgə hazırda ərazidə tikinti aparan “ÜMİD VQM" MMC-nin ofisinə yollandıq ki, qarşı tərəfin də mövqeyini öyrənək. İddiaçılar binaya daxil olsalar da, ərazidə tikinti aparan ofisin əməkdaşları çəkilişə icazə vermədilər və açıqlama verməyə məcbur olmadıqlarını söylədilər. Amma iddiaçılardan bir-iki nəfər içəridə qalaraq MMC əməkdaşları ilə məsələni aydınlaşdırmağa çalışdılar. İddiaçı Yaşar Səfərovdan içəridə olub-bitənlərlə bağlı soruşduq: “Bizə dedilər ki, icazə əsasında tikinti aparırlar. İcazəni isə Binəqədi rayon İcra Hakimiyyətindən aldıqlarını söylədilər və bizi nə şikayətimiz varsa, icra hakimiyyəti ilə dəqiqləşdirməyimizi istədilər”.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyevin açıqlamasında bildiri ki, bina qəzalı olduğu üçün sökülüb: "Binəqədi rayonu, Səttar Bəhlulzadə 23 saylı ünvanda 3 saylı yataqxana binası 17.08.2018-ci ildə aidiyyəti məsul qurumların araşdırılması nəticəsində qəzalı elan edilib. Binanın texniki vəziyyəti haqqında 17.08.2018-ci il tarixli Akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınıb.
Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17.08.2018-ci ildə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən köçürülüb. Əlavə məlumat üçün qeyd edək ki, qəzalı yataqxanaya dair 1990-1994-cü illərdə order almış və orada ümumiyyətlə yaşamamış şəxslərin problemləri ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib”.
İcra Hakimiyyətindən verilən açıqlamada vaxtilə mənzillərini məcburi köçkünlərin müvəqqəti yaşaması üçün tərk etmiş şəxslərin probleminə aydınlıq gətirməməklə yanaşı məsələnin hələ uzanacağını göstərdi.
Şikayətçilər sonda bildirdilər ki, hüquqlarının bərpa olunması üçün sona qədər mübarizə aparacaqlar və müxtəlif dövlət qurumlarına müraciət edəcəklər. (publika)