Əsassız həbs edilən, “Əməkdar memar” Akif Əliyevin doğmaları və öz adından qardaşı Tofiq Cəlalov növbəti dəfə prezidentə və hüquq mehafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlayıb.
Yenixeber.org: Əsassız həbs edilən, “Əməkdar memar” Akif Əliyevin qardaşı Tofiq Cəlalovun müraciət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Hörmətli cənab Prezident,
Dəyərli vaxtınızı aldığımıza görə üzrxahlıq edirik, Sizi səmimi qəlbdən salamlayırıq, Sizə əbədi cansağlığı, daha qüdrətli Azərbaycan arzulayırıq.
Hörmətli cənab Prezident,
Danılmaz həqiqətdir ki, Siz 18 illik prerzidentliyiniz dövründə respublikamızda yarım əsrə bərabər abadlıq-quruculuq işləri görürsünüz. Bu quruculuq işlərinin iqtisadi səmərəsini hesblamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər.
Xarici siyasətiniz xüsusi alqışlara layiqdir. Beynəlxalq görüşlərdə, tədbirlərdə ali tribunalardan kağızsız, şparqalkasız ingilis dilində səsləndirdiyiniz, sərbəst mənalı, məzmunlu çıxışlarınız həmişə gurultulu alqışlarla qarşılanır.
Son bir neçə gün əvvəl Brusseldəki çıxışınız və uğurunuz dediklərimizin əyani, parlaq təzahürüdür. Mübaliğəsiz deyə bilərik ki, Siz savadlı aparat rəhbəri, ağıllı, müdrik ölkə rəhbəri, güclü diplomat və dünyaşöhrətli siyasət ustasısınız.
Düzdür, prezidentlik iddiasında olan siyasi boşboğazlar çoxdur, lakin ədalət naminə deməliyik ki, bu gün Azərbaycanda Sizi əvəz edən lider yoxdur.
Siz sadəlik nümunəsi göstərib, dəfələrlə efir məkanlarında özünüzü xalqın xidmətçisi, Prezidentliyə andiçmə mərasimlərində hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınızı elan etmisiniz.
Hörmətli cənab Prezident,
Bütün bunlarla yanaşı səmimi etiraf etməliyik ki, ölkə daxilində mövcud olan haqsızlıq, rüşvətxorluq və xüsusən də özbaşınalıq məmləkətimizi qaranlıq zülmətə sürükləyir, nəticədə ölkədə sosial gərginlik yaranır, narazıların sayı artır, Sizin vətən, xalq qarşısındakı xidmətlərinizə kölgə salır.
Cənab Prezident,
Düz ilyarımdır ailəmiz çox nəhəng bir haqsızlıqla üzüzədir. Memar olaraq istedadını, iş bacarığını və zəngin təcrübəsini nəzərə alaraq sərəncamınızla “Əməkdar memar” fəxri adına layiq gördüyünüz Abşeron rayonunun baş memarı Akif Əliyev heç bir hüquqi əsas olmadan rüşvətalma (311-ci maddə) ittihamı ilə həbs edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə o, 10( on) 6 (altı ) ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Halbuki Akif Əliyev yox, icra başçısı İradə Gülməmmədova həbs edilməli idi. Çünki, Abşeron rayon sakinlərinin çoxsaylı şikayətləri memardan deyil, icra başçısından olduğundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bütün faktlar icra başçısının adına, ünvanına yazılmışdı və ittihamlar bütövlükdə icra başçısının səlahiyyətlərinə aid olmuşdu. Lakin qısa zaman kəsiyində İradə Gülməmmədovanın milyonları haqqa qalib gələrək başçının adına tərtib edilmiş bütün sənədlər dəyişdirilmiş, İradə Gülməmmədova “sudan quru çıxmış”, Akif Əliyev memarın səlahiyyətlərinə aid olmayan qondarma ittihamlarla 2020-ci ilin iyun ayının 23-də həbs edilmişdir.
Cənab President,
Xahiş edirik, ölkə başçısı olaraq göstəriş verin, telekanallar vasitəsilə xalqa müraciətlər ünvanlansın. Əgər bir nəfər tapılsa və desə ki, Akif Əliyevə rüşvət vermişəm, onda qoy Akifin cəzası ömürlük olsun. Mümkün deyil, Akif Əliyev icra başçısı, talançı İradə Gülməmmədovanın cəzasını çəkir, onun heç bir günahı yoxdur.
Düz ilyarımdır başımıza gələn müsibətlər barədə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayətlər yazıb göndəririk. Lakin heç kimdən cavab ala bilmirik, heç bir orqan dəvət edib bizi dindirmir.
Məhkəmələrin fəaliyyəti üzərində nəzarət hüququ olan Məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədova, Respublikanın baş Prokuroru cənab Kamran Əliyevə onlarla müraciət yazıb göndərmişik, imdad diləmişik, heç kimdən səs-səmir çıxmır.
Görünən budur ki, cənab Prezident, bu gün ölkədə vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir və bu da haqlı olaraq xalqın narazılığına səbəb olur, ölkədə gərginlik yaradır.
İzn verin, bir daha icra başçısı İradə Gülməmmədovanın fəaliyyətini analiz edək. Unudulmaz Heydər Əliyev həkimlik peşəsinini ən şərəfli peşə adlandırırdı. İradə Gülməmmədova ixtisasca həkimdir. O Abşeron rayonunda poliklinikanın baş həkimi işləmişdir.
O baş həkim işlədiyi dövrdə onun istər Bakıda, istərsə də Abşeron rayonunda çoxlu sayda obyektləri var idi. İndi isə Abşeron rayonunu icra başçısı kimi obyektəlrinin sayını, hesabını bilmir. Əgər desək ki, rayonu hərraca qoyub, yanılmarıq. Rayonda bir qarış torpaq qalmayıb, satılıb. İradə Gülməmmədova bu gün iki yol ayrıcındadır:
Ya tutdurduğu Akif Əliyevi azadlığa qovuşdurmalıdır, ya da özü həbs edilməlidir.
Hörmətli cənab Prezident,
Ünvanınızı ümid, pənah məbədi hesab edib qapınıza təşrif gətirmişik. Siz ən çətin dramatik anlarda belə xalqımızı tənha qoymamısınız, heç kimdən köməkliyinizi əsirgəməmsiniz.
Sizi kimsəmiz hesab edirik və xitabən Sizə müraciət ünvanlayırıq:
Hər kimsənin var kimsəsi,
Biz kimsənin yox kimsəsi.
Ey kimsəsizlər kimsəsi
Biz kimsənin ol kimsəsi.
Siz həqiqətən də kimsəsizlərin, tərəfsizlərin, arxasızların kimsəsisiniz.
Siz cənab Prezident,
Xalqımızı, vətənimiz Azərbaycanı qanı canı qədər sevən prezidentsiniz. Nümunə üçün deyə bilərəm ki, bir neçə il öncə İsmayıllı rayonuna səfərinizi, ictimaiyyət nümayəndələri ilə, eləcə də Aztelekomun rəisi olaraq mənimlə mehriban, səmimi görüşünüzü çox gözəl xatırlayıram və çəkdirdiyimiz xatirə şəklini qoruyub saxlayıram.
Heç kimə sirr deyil ki, Siz ona görə aramsız uğurlara imza atırsınız ki, həmişə xalqın arasındasınız.
Qədim bir şərq məsəlində deyildiyi kimi:
“Arxası el olanın başı göylərə dəyər”.
Allah Sizi qorusun, kölgənizi xalqımızı başı üstündən əskik etməsin! (milletinsesi.info)