İradə Gülməmmədovanın toxunulmazlığına status verən kimdir?-PROBLEM
Qanunsuz həbs edilən baş memar Akif Əliyevin 3 bacısı və qardaşı Baş Prokurorluğun binasının qarşısında intihar edəcəklərini bildirirlər
Yenixeber.org: Günlərin bir günü Məhəmməd peyğəmbər (ə.c) Məkkədən Mədinəyə gedərkən yol kənarında bir qadının kənd camaatı tərəfindən daşa basıldığını görür. Yaxınlaşıb qadından soruşur ki, nədir günahın, sənə niyə daş atırlar?
Qadın buyurur ki, Ya Rəsul Allah mənim heç bir günahım yoxdur. Amma bircə onu bilirəm ki, mənə daş atanların hamısı Allah Taalanın günahkar bəndələridir.
Əziz oxucular, görürsünüzmü, günahkarların günahsızları daşa basması Peyğəmbərimizin yaşadığı dövrdən bu günlərimizə qədər gəlib və indi də mövcuddur. Eyni vəziyyət, faciə bizim ailəmizin də başına gəlib.
Məlumat verdiyimiz kimi bu ilin iyun ayının 23-də Abşeron rayonunun baş memarı, əməkdar memar qardaşımız Əliyev Akif Ələs oğlu heç bir əsas olmadan qondarma ittihamlarla Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi tərəfindən həbs edilmişdir. Halbuki nə onun üzünə dirənən olub, nə onun əleyhinə ifadə verən, nə rüşvət aldığı yerdə yaxalanıb, nə evində rüşvət pulları aşkar edilib, nə də seyfində. Sual olunur: Bəs o, hansı əsasda tutulub?
Bir daha xatırladırıq ki, rayonun İcra başçısı onun bütün səlahiyyətlərini, o cümlədən memara məxsus möhürü və ştampı da onun əlindən almışdı.
Bu haqsızlığa dözə bilməyən bacımız Verdiyeva Güləsər Ələs qızı iyul ayında intihar elədi. Birmənalı olaraq bildirmək zərurəti yaranır ki, qardaşımız İradə Gülməmmədovanın əvəzindən həbs edilib və hazırda Kürdəxanı həbsxanasındadır.
Qeyd edək ki, Akif Əliyev həbs ediləndə İcra başçısının pulunu yığan bacısı oğlu Babək də həbs edilmişdi və başçının rüşvət pulunu yazmağını etiraf etmişdi. Lakin təəccüb təsiri bəxş edən cəhət budur ki, müstəntiqlə əlbir, dilbir olan İradə Gülməmmədova bir sutkadan sonra bacısı oğlu Babəki azad etdirmiş, qardaşımız Akif Əliyev isə hələ də başçının cəzasını çəkir!
Abşeron rayonunun hər bir sakini çox gözəl bilir ki, İradə Gülməmmədova başçı işlədiyi illərdə yaxın qohumlarını başına toplayıb onların vasitəsi ilə rüşvətxorluqla, talançılıqla məşğul olub, amma qondarma rüşvətalma maddəsi ilə haqsız tutulan qardaşımız Akif Əliyev olub. Müstəntiq Tural Məhərrəmov İradə Gülməmmədova ilə bağlı qapılar arxasında xəlvəti söhbət ediblər, işi bağlamaq üçün ssenari hazırlayıblar. Yazıçı Anarın obrazlı ifadəsi ilə desək avtogen açmadığı qapını pul açıb. Qardaşımız Akif Əliyev həbs edilib.
Bir sual bizi dərindən düşünməyə vadar edir: Düşünürük ki, görəsən İradə Gülməmmədovanın toxunulmazlığına xüsusi status verən kimdir?
Biz bu haqsızlığa qəti etiraz edirik və xəbərdarlıq edirik ki, lap yaxın vaxtlarda qardaşımız azadlığa buraxılmasa Baş Prokurorluq qarşısında biz hamılıqla intihar edəcəyik.
Bu zaman bütün məsuliyyət və cavabdehlik Tural Məhərrəmovun və İradə Gülməmmədovanın üzərində qalacaq. Bu qərarımız qətidir və dəyişilməzdir. Biz atacağımız bu addımı bir aydan artıqdır müzakirə edirik. Onu da xüsusi vurğulamaq istəyirik ki, 2 aydır bu barədə Baş Prokurorluğa aramsız müraciətlər yazıb göndəririk, nüfuzlu saytlarda ictimailəşdiririk. Lakin heç bir cavab ala bilmirik.
Görünən budur ki, vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətdədir, rüşvətxorluğa isə əbədi yaşıl işıq yandırılıb. Nə olar, qoy biz həyata əlvida deyək, rüşvətxorlar talançılar yaşasın, öz çirkin əməlləri ilə məşğul olsunlar.
Bizləri intihara sürükləyən haqsızlıqdır.
MillətinSəsi.info
P.S. Redaksiyamıza müraciət edən həbs edilən baş memar Akif Əliyevin 3 bacısı ailəli olduqları üçün adların açıqlamamağımızı bildirdiklərinə görə onların ad və soyaqlarını açıqlamırıq. Amma həmin şəxslər əsassız olaraq həbsdə olan qardaşı ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət etdiklərini bildiriblər.