Yenixeber.org: Son zamanlar bəzi icra başçılarının “qara paltarlılar” tərəfindən elə kabinetdəcə rüşvət aldıqları yerdə saxlanılmaları, digərlərinin kefinə əməllicə soğan doğrayıb. Bəziləri bundan qorxub, korrupsiya əməllərindən müvəqqəti əl çəksələr də, Füzulinin icra başçısı Alı Alıyev kimilər də tapılır ki, öz əməllərini davam etdirir. Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin təqdimatı ilə 2011-ci ildə Füzuli rayonuna icra başçısı təyin edilən A.Alıyev ilk gündən etibarən rayondakı bütün vəzifələri özünün və Əhməd Əhmədzadənin qohumları arasında bölüşdürüb. Həmin adamların əsas funksiyası isə pul toplayaraq icra başçısını çatdırmaqdan ibarətdir. Təsadüfi deyil ki, Əhməd Əhmədzadənin bacısının kürəkəni Xəqani Məmmədov Füzuli rayon Polis Şöbəsinin rəisi, Füzuli rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsinin keçmiş rəisi Vaqif Quliyev Alı Alıyevin bacanağıdır. Bu azmış kimi, Vaqif Quliyevin vəhabi oğlu İŞİD-in tərkibində vuruşub. Bunu Füzuli rayonunda bilməyən yoxdur. Elə Alı Alıyev də durumun qəlizliyini görərək, onu işdən çıxarıb, Şuşa Şəhər Məhkəmə Qərarlarının İcrası şöbəsinə yerini dəyişdirib. Oxucularımızı çox yormadan bildiririk ki, hazırda Füzuli rayonu məhz bu yarıtmaz kadrların səriştəsizliyinin qurbanına çevrilib. Onların idarəçilik qabiliyyətləri rayonu iflic vəziyyətinə salıb. İcra başçısı Alı Alıyevin bir xasiyyəti daha var. Onun yaxın qohumunun vəzifə başında olması mühüm deyil. Ona görə ki, həmin şəxs sədaqətli olmalı, vaxtında tələb olunan məbləği yığmalı və ona çatdırmağı bacarmalıdır. Onun prinsipilərinə zidd gedənlər istənilən vaxt şərlənə, işdən çıxarıla, hətta həbs oluna bilər.
Alı Alıyev qohumlarının əli ilə külli miqdarda vəsait toplayaraq rayonda və Bakıda bir neçə yerdə, o cümlədən Ali Məhkəmənin yaxınlığında yerləşən çoxlu obyektlərə, Füzulidə minlərlə baş mal-qarası olan fermer təsərrüfatına, yeni binalar tikən şirkətə sahib olmuşdur. Füzuli sakinləri bir şeyə məəttəl qalıblar ki, vaxtilə ümummilli lider Heydər Əliyevin əleyhinə imza atmış 98 nəfərdən biri olan, vaxtilə hakim Şəkər Məmmədovanın verdiyi məhkəmə qərarı ilə maddə ilə işdən azad olunmuş Alı Alıyev necə oldu ki, birdən-birə vəzifəyə gələrək bu qədər varlandı?
Bildiyimiz kimi, Füzuli rayonu rəşadətli ordumuzun qazandığı zəfərlə düşməndən tam azad olunub. Dövlət başçısı erməni vəhşiliyi nəticəsində təmamilə dağılan Füzuli rayonunun yenidən bərpa olunmasının ölkə qarşısında duran prioritet məsələlərdən biri olduğunu dəfələrlə vurğulayıb. Füzulilər isə Alı Alıyevin rayona göndərilən humanitar yardımın mənimsənilməsindən sonra, rayonun yenidən bərpası üçün ayrılacaq pulun da icra başçısı tərəfindən mənimsəniləcəyindən çox narahatdır. Füzulilər bu gün Alı Alıyevin bu vəzifədən təcili azad olunmasını istəyirlər. Çünki, rayonun bərpası üçün xərcləncək pullar “ qanuni olaraq ”Alı Alıyevin vəzifədəki qohumlarının əlindən gəlib keçəcək.
Belə ki, rayonda keçirilən bütün tenderlər və maliyyə əməliyatlarına məsul olan Teymur Piriyev Alı Alıyevin həyat yoldaşının əmisinin nəvəsidir. Rayonda gedən bütün tikinti və abadlıq işləri Alıyevin həyat yoldaşının əmisinin digər yeznəsi Nazim Əliyevin əlindən keçir. Yol çəkilişinə nəzarət də bu adamdadır. Nazim Əliyevin “xobbisi” isə məktəblərə direktor və ya direktor müavini təyin etməkdir. Çünki Füzuli rayonundakı bütün orta məktəblərdə ya direktor, ya da müavin onun adamlarıdır. Bununla bağlı konkret misallar da çəkmək olar. Məsələn, Nazim Əliyevin dayısı qızı Rəna Ağayeva Qayıdış 2 saylı məktəbin direktorudur. Və ya baldızının qızı, əslən Qazaxdan olan, amma Füzuli rayonunda yaşayan İlahə Novruzova Bakıda yerləşən 3 saylı məktəbin direktorudur. Adları çəkilən direktorlar 5 ildir Təhsil Nazirliyinin test imtahanlarından keçə bilmirlər. Sizcə, bu məktəblərdə hansı keyfiyyətli təhsildən danışmaq olar? Alı Alıyevin əmisi oğulları Adil və Gündüz Alıyevlər Füzuli rayonunda icra nümayəndələridirlər. Alı Alıyevin bibisi oğlu Əhməd Əsgərov Füzuli rayon Meliorasiya və Su İdarəsinin müdiridir.(aktualxeber.az)
Qarşı tərəfin fikirlərini də dərc erməyə hazırıq.