"BU, AZƏRBAYCANDA ANTİ-RUSİYA MEYİLLƏRİNİ DAHA DA GÜCLƏNDİRİR" -Deputatlardan sülhməramlıların özbaşnalığı ilə bağlı sərt açıqlamalar
"Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasına heç də razı deyil"
Yenixeber.org: Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq, dövriyyəyə buraxmaq səlahiyyətini kimİN verdiyini sual edir. Xəritələrlə manipulyasiya və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Məsələni Oxu.Az-a millət vəkili Vüqar Bayramov şərh edib.
O bildirib ki, birmənalı şəkildə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatın hüdudlarını nəzərdə tutan yeni xəritə təqdim etməsi təəssüf doğurur: “Bu, ciddi bir təəccüb yaradır. Çünki yeni xəritənin tərtib edilməsi razılaşma prinsipinə ziddir. Eyni zamanda, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Bütün hallarda əsaslandırılmamış yeni xəritələrin cızılması və təqdim olunması heç bir halda qəbul olunan deyil. Həm də manipulyasiya təəssüratı yaradır.
Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericilik və üçtərəfli bəyanat əsasında tənzimlənir. Onlar fəaliyyətlərini bu prinsiplərə uyğun qurmalıdırlar. Hazırlanan yeni xəritə qeyri-realdır. Təbii ki, xəritənin düzəlişə ehtiyacı var. Anlaşmaya uyğun olaraq istiqamətlər hazırlanmalıdır”.
V.Bayramovun sözlərinə görə, son proseslər onu göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda keçirilən Zəfər paradında iştirak etməsi Rusiya sülhməramlılarını qıcıqlanıblar: “Ümumiyyətlə, Rusiya sülhməramlı missiyanın həyata keçirilməsində, regiondakı fəaliyyətində də Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. 10 noyabrda olan bəyanat həyata keçirilməlidir.
Azərbaycan ordusu güclüdür. Son proseslər onu göstərdi ki, Azərbaycan öz ərazisində həyata keçirilməyə cəhd edilən terror hadisəsinə antiterror əməliyyatı ilə cavab vermək gücünə malikdir”.
Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.
Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir.
Rusiyada bəzi dairələr anlamalıdırlar ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlərin tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil.
Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyillərinin daha da güclənməsinə səbəb olur".
“Ermənistan məğlub tərəf olaraq kapitulyasiyanı imzalamağa məcbur olduqdan sonra, hər iki tərəfin razılığına əsasən Rusiya Dağlıq Qarabağa gələrək sülhməramlı kimi fəaliyyətə başladı. Hətta, Sazişin şərtlərinin Ermənistan tərəfindən riayət olunmasının tam təminatını verdi”.
Bunu isə Milli Məclis sədrinin müavini, deputat Adil Əliyev “Facebook” hesabında yazıb.
O, daha sonra qeyd edib: “Lakin, Rusiya sülhməramlılarının Sazişdə nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi, əzəli və əbədi torpaqlarımızın başqa adla təqdim olunması, xəritədə manipulyasiya etməsi heç başa düşülən deyil. Sülhməramlının fəaliyyəti beynəlxalq hüquqda öz əksini tapıb, heç bir halda sülhməramlı üzərinə qoyulmuş vəzifə və öhdəliklərdən kənar hərəkət edə bilməz.
Rusiya sülhməramlılarının hazırladığı xəritənin heç bir hüquqi, siyasi bazası yoxdur, habelə onların belə bir xəritə hazırlamaq səlahiyyətləri də yoxdur. Bu ilk növbədə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyünün pozulması, habelə 2020-ci ilin 10 noyabr tarixli Sazişinin şərtlərinə bir başa ziddir. Bu səbəbdən də dərhal yayılmış xəritələrdə olan nöqsan aradan qaldırmalıdır, onsuz da Rusiyanın sülhməramlı qismində Dağlıq Qarabağda yerləşdirilməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı”.
“Görünür ki, Rusiya tərəfinin Ermənistana verdiyi texnikaların məhv olunmuş, sıradan çıxarılmış şəkildə Şanlı Zəfər yürüşümüzdə bütün dünyaya nümayiş etdirilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşması Rusiyadakı bəzi qüvvələri ciddi şəkildə narahat edir. Unutmasınlar ki, 30 ilə yaxın kağız üzərində qalmış qətnamələri Müzəffər Ali Baş Komandanın rəhbərliyində Şanlı Ordumuz cəmi 44 gündə icra etdi, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən güclü dövlətlərindən biridir.
Əmin olsunlar ki, növbəti baş verə biləcək belə bir səhv, habelə Ermənistan və onun himayədarlarının törədəcəyi istənilən təxribat nəticəsində vassallığı qəbul etmiş Ermənistan daha da böyük itkilərə məruz qalacaq”, - deyə deputat bildirib.
Milli Məclisin deputatı Tahir Kərimli də oxu.az-a açıqlamasında Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının bu missiyanın vəzifə və funksiyalarını beynəlxalq qanunvericilik, birgə üçtərəfli bəyanatla tənzimlənən şəkildə öhdəliklərinə uyğun qurmadıqları ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Açıq şəkildə Azərbaycan tərəfi Hadrut istiqamətində meşələrdə gizlənən erməni yaraqlılarının olması barədə Rusiya sülhməramlılarına məlumat verib. Əslində, Azərbaycanın suveren ərazisi olduğu üçün Azərbaycan özü istənilən anti-terror əməliyyatı keçirə bilərdi. Lakin qarşılıqlı şəkildə sülhməramlıların həmin ərazilərdə olması səbəbindən mövcud vəziyyətə onların nəzarət etməsinə şərait yaratdı”.
Deputat bildirib ki, görünür, rusiyalı sülhməramlılar əraziyə gələrək, səsgücləndiricilər vasitəsilə meşədə olan yaraqlıları çıxarmaq istəsələr də, onlar imtina ediblər: “Bu halın yaşanması ilk dəfə deyil. Ondan əvvəl də ərazidə çalışan “Azercell” şirkətinin mexaniki də yaralanmışdı. Meşədə gizlənən yaraqlılar ərazilərimizdə mülki işlər aparan şəxslərə də hücum edərək, onlara xəsarət yetiriblər.
Bu, bir növ hiss olunan və görünən, gözlənilən bir hadisə idi. Düşünürəm ki, bəzən sülhməramlılar mandatdan kənara çıxan işlərə yol verirlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi həmin sülhməramlıların rəhbərləri ilə görüşüb bu məsələ barədə fikirlərini bildiriblər.
Onlara xəbərdarlıq edilib ki, əvvəl mandatlarına uyğun hərəkət etsinlər və Azərbaycan tərəfinin suveren hüquqlarını müdafiə etməsinə mane olmasınlar”.
Tahir Kərimli baş verənlər barədə Rusiya tərəfinin verdiyi bəyanata da toxunub: “Belə olan hada Rusiya tərəfi sülhməramlıların hadisə yerinə gəldiyini qeyd edir. Lakin hadisənin baş verməsində təqsirkar olan tərəfi müəyyən etmir. Sadəcə, insidentin aradan qaldırılması qeyd olunur.
Bir kəlmə deyilmir ki, bəyanatın normalarını pozan tərəf hansıdır? Birmənalı olaraq ərazidə silahlılar var. İstər köhnə Ermənistan ordusundan qalma olsun, istərsə də yenidən təşkil olunmuş olsun.
Ümumiyyətlə, yayılan bəzi məlumatlar var ki, Rusiya sülhməramlıları hansısa yaraqlıların, silahlıların saxlanılmasına imkan verir. Əslində, bu, Rusiyanın öz imicinə böyük bir zərbədir. Dünya ölkələri, eləcə də, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasına heç də razı deyil.
Belə olan halda hər iki dövlətin, həm də Azərbaycanın razılığı ilə sülhməramlılar orada yerləşiblərsə, həmin sülhməramlılar Azərbaycanın suveren hüquqlarına hörmət etməlidirlər.
Ölkə başçısı da dəfələrlə öz çıxışlarında xəbərdarlıq etmişdi ki, yanlış hərəkətə yol verənlər 10 qat cavablarını alacaqlar. Hər kəs ağlını başına yığmalıdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti vəziyyətə uyğun olaraq anti-terror əməliyyatı keçirməyə məcbur oldu.
Bu əməliyyat nəticəsində Azərbaycan sözügedən hər iki kəndə (Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri - red.) nəzarəti yenidən bərpa etdi. Həmin yaraqlılar öz cəzalarını aldılar və yenidən təxribata cəhd edərlərsə, layiqli cavablarını alacaqlar.
Azərbaycan tərəfi daha güzəşt etməyəcək! Azərbaycan Rusiyaya nə qədər hörmətlə yanaşsa da, sülhməramlıların ərazidə yerləşdirilməsinin ilkin məqsədi erməni silahlılarının oradan çıxarılmasıdır.
Təmas xəttində onların yerləşdirilməsi isə erməni yaraqlılarını ərazidən çıxardıqca olmalı idi. Amma sülhməramlılar erməniləri çıxarmamış gəlib yerləşdi. Bu səbəbdən də biz Xankəndinin özündə, digər yaşayış məntəqələrində də narahatlıq keçiririk.
Sülhməramlıların qondarma qurumun rəhbərlərinə dövlət kimi yanaşması, onlarla danışıqlar aparması, hərbçiləri ilə görüşməsi Azərbaycan ictimaiyyətində rusiyalı sülhməramlıların fəaliyyətinə ciddi şübhələr yaradır”.
“Erməni silahlı dəstələri bu ərazilərdə müxtəlif foto, videolar çəkirlər, çox rahat şəkildə bu kimi məlumatlar xarici mediaya ötürülür. O ərazilərdə əlisilahlı şəxslər olmamalıdır. Hesab edirəm ki, Azərbaycan Rusiya tərəfinə kifayət qədər xəbərdarlıq edib.
Artıq ölkəmiz qəti addımlar atmaqda haqlıdır. Eyni zamanda, Rusiyanın Azərbaycandan idxal etdiyi 189 milyon dollar dəyərində olan pomidor məhsullarına qoyulan qadağa və digər məhdudlaşdırıcı məqamlar var ki, heç də xoş deyil və siyasi yozum yaradır.
Yəni necə oldu birdən-birə illərdir Azərbaycandan idxal edilən məhsullardan razılıq edən ölkə həmin məhsullarda xəstəliklər tapdı? Azərbaycan rəhbərliyi Rusiya rəhbərliyinə bütün bu məsələlər barədə zəruri addımların atılması ilə bağlı arzu və istəklərini bəyan edib.
Onu da qeyd etmək lazımdır ki, sülhməramlılar müəyyən bir müddətə həmin ərazidə qalacaqlar. Azərbaycanın da adekvat cavablarını unutmaq olmaz. Azərbaycanın təmkinli, diplomatik yollarla, münasibətlərin pozulmayacağı şəkildə davranışları vəziyyəti korreksiya edəcək.
Heç bir nüfuzu olmayan Ermənistanın müdafiəsindən çox, regionda Azərbaycan, Türkiyə və digər dövlətlərlə əməkdaşlıq xətti daha üstün mövqeyə gələcək”, - deyə Tahir Kərimli sonda qeyd edib.
(azpolitika)