Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Tünzalə: "Bıçaq altına girəcək insan deyiləm"- MÜSAHİBƏ - VİDEO

 

 

Əməkdar artist Tünzalə Ağayeva  müsahibə verib:

Yenixeber.org:  

- İlk öncə yaradıcılığınızdan danışardınız.

- Əslində yayın sonunda “Bəhanə gəzirəm” adlı mahnımı təqdim etdim. Bu da mənim üçün olduqca uğurlu bir mahnı oldu. Hətta orijinal versiyasından sonra remiks versiyasını da təqdim etdik. Klipi də sadə olmasına baxmayaraq, çox baxımlı oldu. Sənətçi üçün əsas odur ki, onun çıxartdığı mahnılar, kliplər dinləyiciləri tərəfindən sevilsin. Mediadakı dostlarım hər zaman məndən yeni xəbərlər gözləyirlər. Mən də buna satira ilə yanaşıram. Deyirəm ki, hər gün yeni xəbər olmur. Prodüserim Yalçın da mənə deyir ki, buna insanları sən öyrətmisən. Çünki tez-tez mahnı çıxarırsan. Mən istirahəti öz işimi görməklə edirəm. Boş-boşuna istirahət etməyi xoşlamıram. Yeni mövsümdə yeniliklərim çox olacaq. Hazırda 3 əsər üzərində işləyirəm. Bunlardan 2-si çox ritmik, biri isə lirikdir. Lirik mahnı valideynlərimizə həsr olunub.

 

- Son dövrlərdə sosial şəbəkədə məşhurlaşan musiqilərə münasibətiniz necədir?

-  Bizlə yaşıd və ya bizdən yaşca böyük insanların zövqünü zorla korlaya bilməzsən. Gündə 70 dəfə eyni klipləri və musiqiləri verməklə zövqü formalaşmış insanın zövqünü dəyişmək qeyri-mümkündü. Həmin adam zövqsüz mahnılara da qulaq asa bilər. Amma o demək deyil ki, bayağı mahnı həmin şəxsin gündəlik qulaq asdığı mahnılar sırasına daxil olacaq. Amma bəla bundadır ki, hər birimizin evində uşaq böyüyür, zövqü hələ axtarışdadır, həssasdır. Bu dövrü biz də keçmişik. Amma bizdə belə informatik addım olmayıb. Bizim vaxtımızda internet anlayışı yox idi. Bayağı musiqilərə senzura olmadığı üçün rahat şəkildə məşhurlaşır. Yəni hər bir insan azaddı - söz deməyə, oxumağa, kəllə-mayallaq aşmağa. Bu, insanın öz haqqıdır. Necə istəyər, elə də davranar. Amma bu, anarxiyaya, zövqlərin korlanmasına gətirib çıxarır.  Rəqəmsal izlənmədə baxış sayının çox olması sizləri aldatmasın. Məsələn, baxış sayında göstərilən rəqəm qədər hər kəs o mahnıya axıra qədər baxmayıb. Videonun altındakı milyon baxış sayı o demək deyil ki, o müğənnini milyonlar sevir. Məsələn, mən stolun üstündəki stəkana toxundum, bu o demək deyil ki, mən o stəkandakı suyu içdim. Baxış da bunun kimi bir şeydir. Bayağılıq çoxalır, heç olmasa keyfiyyət də çoxalsın.

 

- İndi bir çox müğənnilərin çıxardığı mahnılar maksimum 1-2 ay sevilir. Amma illər öncə ifa olunan mahnılar bu günə qədər də radiolarda səslənir. Səbəb nədi?

- Peşəkar başını aşağı salıb, işi ilə məşğul olmalıdır. Mənim 15 milyon izlənməm yoxdur, bu, məni heç narahat etmir. Konsert versəm, kassamda bilet satılmasa, bu, məni narahat edə bilər. Baxış sayları yox. Amma mən elə müğənnilərdənəm ki, ilin istənilən vaxtında balaca formatda konsert və ya Heydər Əliyev Mərkəzindəki 2 günlük konsertimdə kassamdan korluq çəkməmişəm. Çünki mən bilirəm ki, real tamaşaçının artistiyəm. Mən virtual rəqəmlərdən doğmuş, “Youtube”dan çıxmış müğənni deyiləm. Bu gün bir gəncin doğru meneceri yoxdursa, o nə etsin? “Youtube”dan məşhur olmaq istəyir. Başqa çarəsi yoxdur. Amma keyfiyyətli biridirsə, mütləq ona sahib çıxan bir menecer tapılacaq.  Məni ancaq konsertim maraqlandırır. İzlənmə, baxış sayı məni qəti maraqlandırmır. Hər zaman ustadlar deyir ki, sən səhnəyə çıxırsansa, orda sənə bir nəfər belə qulaq assa, o bir nəfər üçün oxu. Bizi belə yetişdiriblər.

 

- “İnstagram” səhifənizdə çox insanı izləmirsiz. 

- Onun da bir mənası var. Yalnız Milli Olimpiya Komitəsinin səhifəsini izləyirəm. Çünki bu komitənin 2014-ci ildən bəri səfiriyəm. Bundan başqa Xocalı soyqırımı ilə bağlı səhifəni də izləyirəm. Bu o demək deyil ki, mən hər kəsi izləmirəm. Mən açıq olan profilləri görürəm.

 

- Hər jurnalistə müsahibə vermirsiniz. Bu, nədən irəli gəlir?

- Bilirsiniz, hər kəsin özünə uyğun həmsöhbəti, həm də səviyyəsi olmalıdır. Əgər qarşında oturan insanla söhbət tutmayacaqsa, özünü narahat hiss edəcəksənsə, o müsahibənin heç mənası olmayacaq. Məncə, təcrübəli insan kimlə danışacağını öncədən seçməlidir. Çünki hər kəsin söhbəti yaxşı ola bilməz.

 

- Bir çoxları iddia edir ki, müğənni ilə müğənninin dostluğu alınmaz. Siz necə düşünürsüz?

- Dost bir az dərin anlamdı. Amma qarşılıqlı hörmət münasibətləri var. Hərənin bir musiqi janrı var. Keyfiyyətli musiqi ifa edən həmkarlarımın uğuruna daim sevinirəm.

 

- Bir çoxları sizi parodiya edir. Münasibətiniz?

- Sağlam, keyfiyyətli parodiyadırsa, niyə də olmasın? tənqid, satira, parodiya hər zaman populyar janrlarıdır. Parodiyanı əsl aktyor eləməlidir. Baxın, aktyor deyirəm. Araşdırsanız, görərsiniz ki, parodiya janrı nə qədər ciddi və çətindir. Bir insana oxşamaq, onu bir az yüngül formada təqdim etmək olduqca böyük istedad tələb edir. Parodiya istedadlı şəkildə olunursa, mən onu qalxıb alqışlayaram.

 

- Sonuncu dəfə sizi müğənni Xatun Əliyeva parodiya etmişdi...

- Olsun da... Öz bacardığını edib. Nə deyə bilər ki?

 

- Bəyəndiniz?

- Mən onu izləməmişəm. Ona görə də nəsə deyə bilmərəm. Amma Tünzalə adı, mövzusu başqalarına fayda verirsə, mən etiraz eləmirəm. Yetər ki, mənim adım kiməsə fayda versin.

 

- Hər kəs Tünzalə Ağayevanı bir sənətçi kimi görüb. Bəs ana kimi necə anadır?

- Çalışıram ki, övladımın hər zaman yanında olum. Qızım təhsilini Azərbaycandan kənarda alır. Ona görə də danışığımız virtual olur. Onun özünü yaxşı hiss etməsi, dərslərini yaxşı oxuması, həyatdan, gəncliyindən zövq alması üçün hər şey edirəm. Bu da məni xoşbəxt edir. O da mənə qarşı həssasdır. Övladımla dostam. İndiki gənclərə “mənim dediyim olmalıdır” sözünü demək əvəzinə, onların nəbzini tutmaq lazımdır. Elə ola bilər ki, övlad gənc olduğuna görə bəzi məsələləri görmür. Biz də ana-ata olaraq bunun başqa yollarını tapıb, övlada dostcasına başa salırıq. Bizim dövrdə övladlara daha çox diktə olunurdu ki, “bunu etməlisən”. Bu əmri müzakirə etmirdik, sadəcə əməl edirdik. Amma bu gün belə deyil. Gənclər soruşurlar ki, niyə bunu etməliyəm? Biz də anlatmağa çalışırıq.

 

- Övladınız özünə peşə seçən zaman müdaxiləniz oldumu?

- Heç bir müdaxiləm olmadı. Özünə də demişəm ki, bu həyatı sən yaşayacaqsan. Gənclik, peşə sənin əlindədir. Sən anlamalısan ki, hansı peşədə öz bacarıqlarını göstərə biləcəksən. Qızıma demişəm ki, kim olursansa, ol, maksimalist ol. Çünki mən özüm maksimalistəm. Demirəm ki, dağı dağ üstünə qoymuşam, super meqa-staram. Mən Tünzalə Ağayevayam. Bu, mənim zirvəmdir.

- Hazırkı dövrdə bir çox müğənnilər açıqlama verir ki, konsertdən müəyyən miqdarda gəlir əldə ediblər. Digər həmkarlarınız iddia edir ki, Azərbaycanda konsertdən qazanan müğənni yoxdur...

Bakı balaca şəhərdir. İstənilən informasiyanı artistin özü olmadan da öyrənə bilərsiz. Bəli, bu bir gerçəkdir, nə yazıq ki, keyfiyyətli artistlər konsertdən qazanmır. Artistin konsertdən qazanması üçün bir istisnası var. Gəlir əldə etmək üçün konsertin sponsoru olmalıdır. Konsert verən müğənnilərin əksəriyyəti imic xatirinə bunu edirlər. Fəaliyyətləri bir yerdə qalmasın, hərəkət olsun deyə, buna gedirlər. Yeni əsərlərini öz konsertlərində təqdim edirlər. Bu cür fəaliyyət isə gəlirdən çox imicə xidmət edir. Amma nə edək ki, bu arzuolunmaz halın əziyyətini biz çəkirik. Konsertin böyük sponsoru yoxdursa, müğənnilər pulsuz qalır.

 

- “Konsertdən gəlir əldə etdim” deyən müğənnilərimizin bəziləri 100 nəfərə dəvətnamə göndərir. Bəs bu müğənni nədən qazanır? 

- Gəlin, həmin artistin gündəminə, aktuallığına baxaq. Bu adam xit mahnını sonuncu dəfə nə zaman buraxıb? İlin gündəmindədirmi? Top 5-də, trenddə varmı? Bunların hamısı çox önəmli məsələdir. Trenddə olmayan müğənni necə zalı doldura bilər? Məni başa salın. Doldura bilər, hamıya bilet paylayar, onda tamaşaçı 4-5 gün də gələ bilər. Məsələn, bir insan hədəf tutub ki, 5 min adama bilet paylasın. Gəlin, bir-birimizi aldatmayaq. Hamıya hər şey bəllidir. Məsələn, artist deyir ki, 5 gün konsert verdim, kamerada da göründü ki, zal da dolub. O anda tamaşaçılara yaxınlaşıb soruşmaq lazımdır ki, siz bileti alımısınız, yoxsa dəvətnamədir. ( gülür) Məsələn, hər bir ailədən 4-5 nəfərin eyni anda bilet alıb konsertə getmək imkanı varmı? Bir az absurd şeylər də var. İstəmirəm ki, kamera qarşısında açıqlayım.

 

- Geyimlərinizi özünüz seçirsiz, yoxsa...

- Peşəkar müğənni hər zaman peşəkar komanda ilə işləməlidir. Geyimlərimi əziz dostum Gülnarə Xəlilova hazırlayır. Hər zaman bu insanın işindən, peşəkarlığından məmnunluq hissi keçirtmişəm. Biz illərdir ki, bir yerdə çalışırıq. Bu da o deməkdir ki, bir-birimizdən razıyıq. Məşhur insanlar da deyir ki, qadının özü yozdursa, onun libası da yoxdur. Yəni geyim insanın əynində yaxşı görsənməlidir. İçindəki zövq potensialı illərcə yatırsa, peşəkarlarla işləyirsə, bu, açılacaq. Hara gedəcəyim yeri öncədən müəyyənləşdirib, ora uyğun geyim geyinirəm.

 

- Plastik əməliyyatlara münasibətiniz?

- Ehtiyac olarsa, edərəm. Bəzən mənə yazılar ki, Tünzalə xanım, niyə burnunuzu əməliyyat etdirmirsiz? Buna heç vaxt ehtiyac duymamışam. Burnum kimi narahat edirsə, baxmasın. Mən burnumdan çox məmnunam. Hesab eləmirəm ki, bıçaq altına girəcək insanam. Amma mən bilmirəm gələcəkdə məni nə gözləyir, 70 yaşına kimi yaşasam, o vaxt ehtiyac olsa, edəcəm. 

 

 

 

 

 

 

 

Lent.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam