Yalçın Rzazadə:"Sənət yoxdur, hamısı atlanır-düşür" - VİDEO
"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan Xalq artisti Yalçın Rzazadə maraqlı açıqlamalar verib
Yenixeber.org: Klassik mahnılara müraciət eliyən bəzi müğənniləri tənqid edən Xalq artisti Yalçın Rzazadə onların həm ifada, həm də musiqi sözlərində səhvə yol verdiklərini açıqladı:
“Hər bir ifaçı öz səsinin gözəlliyində hansısa vurğunu verə bilər. Ancaq bəstəkarın notunu dəyişmək olmaz. Dəyişib özlərindən yeni tonlar əlavə edirlər. Ona görə də musiqi korlanır”.
Xalq artisti müğənninin tamaşaçını inandırması üçün onun hər şeydən öncə oxuyan ürəyinin olmalı olduğunu xüsusi vurğuladı:
“Pianino ifa etməyi öyrənmək olar. Pianist olmazsan, ancaq müəyyən dərəcədə ifa edə bilərsən. Rəsm çəkməyi də öyrədə bilərlər. Ancaq səs olmasa, mahnı ifa etmək mümkün deyil. Mən həmişə deyirəm ki, birinci ürək oxumalıdır, sonra səs. Ürək oxumasa, səs oxusa da, effektli alınmaz. Oxuyanda dinləyən tamaşaçı gərək hisslərinə inansın”.
Bəzi müğənnilərin səsinə düşdü, düşmədi, ona təklif edilən mahnını oxumaq istədiyini deyən Yalçın müəllim, gənc ifaçılara düzgün repertuar seçməyi tövsiyə etdi:
“Yanıma çox insan gəlir. Hardansa bir mahnı eşidirlər. Gəlib deyirlər ki, bunu oxuyacam. Qulaq asıb deyirəm ki, bu, sənin mahnın deyil axı. Oxusan, uduzarsan. Çünki bu, sənin səsinin tembrinə uyğun deyil. Repertuarı, mahnını səsə uyğun tapıb ifa etmək də bir ustalıqdır”.
O, gənc ifaçıların onun mahnılarına müraciət edərkən onların qarşısında hansı tələblər qoymasından söz açdı:
“Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar. Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar”.
Son zamanlar istər yerli, istərsə də əcnəbi müğənnilərin səsləri olmadığı üçün bədənlərini önə çıxarmalarını qınayan Yalçın Rzazadə nələri açıqladı indi biləcəksiz:
“Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.