Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rejissor ağlaya-ağlaya dedi ki, “yalvarıram, verilişə çıxma”- Elza Seyidcahanın evindən reportaj , fotolar

 

 

Əməkdar artistlə uzun müddət idi ki, görüşə bilmirdim. Nəhayət, bu günlərdə “şeytanın qıçını qırıb” görüşdük. Görüşümüz sənətçinin evində baş tutdu. Qonaq otağına daxil olar-olmaz sənətçinin divardakı portretləri, geyim və aksesuarları diqqət çəkir. Stolun üstündəki uzun qara tüllü, kahin papağına bənzər geyimi əlimə alıb soruşuram:

Yenixeber.org: 

- Bu yeni geyim üçündür?

- Yox, o papağı qara tül donumla geyinirəm.

- Bu geyimləri sizin üçün kim hazırlayır?

- Kürəkənim Elxan Alisatov.

- Deməli, qeyri-adi, səs-küyə səbəb olan geyimlərinizin hamısı kürəkəninizə məxsus imiş.

- Əvvəllər böyük bacım da hazırlayırdı. Amma indi bəli, gördükləriniz geyim və aksessuarlar hamısı Elxana məxsusdur”.

Qonaq otağının yanındakı kiçik dar otağa daxil oluruq:

- Bax, bura onun kiçik emalatxanasıdır. İndi maraqlı bir papağın üzərində çalışır. Tezliklə onu geyimimdə görəcəksiz.

- Bir neçə il əvvəl geyimləriniz indiki şeiriləriniz qədər çox müzakirə olunurdu, səs-küy yaradırdı. Amma deyəsən, nənə olduqdan sonra qeyri-adi geyimlərə çox da üstünlük vermirsiz...

- Yox, arada geyinirəm. Amma indi daha çox şlyapalara diqqət edirəm. Bu haqda da çox yazırlar... Solo konsert etmək istəyirəm. İnşallah, orada geyimlərim olacaq.

- Solo konsertinizi bu dəfə nəyə həsr edəcəksiz?

- Bu haqda hələ dəqiq bir şey deyə bilmirəm. Bəlkə də adi, bəlkə də qeyri-adi olacaq. Amma təyyarədə keçirəcəyim konsertim həyata keçməyib.

- Demişdiz buna görə Türk Hava Yollarından icazə alacaqsız.

- Yəni, hələ ki, layihə olaraq qalır.

- Son vaxtlarda çox tənqid olunduz. Həm sosial şəbəkələrdə, saytlarda, həm də televiziya ekranlarında...

- Qələbəyə doğru hücumlar daha çox artır. İnsan hər bir qələbəni qazananda çoxlu itki verir. Mən də, maşallah, 5 sahədə çalışıram. Həm müğənni-bəstəkaram, həm şeir yazıram, həm də şükür ki, gözəl qadınam və gözəl xasiyyətim var. Xasiyyətin özü də bir hədiyyədir. Bəzi insanlar istəyir ki, mülayim xasiyyətdə olsunlar, amma alınmır. Hətta bir dəfə rəssam kimi özümü sınadım, istedadım üzə çıxdı. Hər sahənin özünün qısqancları, uğursuzları var. Görürlər ki, Elza Seyidcahan bu yolların hamısında birincidir, ona görə də qısqanclıqlar yaranır.

- Özünüzə rəqib bildiyiniz şair varmı?

- O qədər rəqib var ki. Rəqib olmasa insan həyatda hərəkət edə bilməz ki.

- Bir dəfə konservatoriyada olarkən oradakı bəstəkarlardan biri sizin haqda danışarkən bildirdi ki, zamanında sizi oradan qovublar. Buna görə diplomunuzu da ala bilməmisiz. Yalnız əməkdar artist adını aldıqdan sonra müəyyən yollarla diplomunuzu almısız.

- Bu sözlərə təəccüb etmirəm. Hələ yaxşı ki, deməyiblər ki, bəstəkarlığı bitirməmişəm.

- Zatən bitirə bilmədiyinizi deyirlər.

- Yox. Doğrudur, mən iki dəfə məzuniyyət götürmüşəm. Bu da övladlarım ilə bağlı idi. Həmin vaxt uşaqların yaşı çox az idi. Mən hər zaman övladlarım üçün çalışmışam, gəncliyimi, məhsuldar vaxtlarımı onlara qurban vermişəm. Konservatoriyanı bitirib-bitirmədiyimi isə əfsanəvi bəstəkarımız Arif Məlikovdan öyrənə bilərsiz. Bir daha qeyd edirəm, bəli, ikinci dəfə son kursda oxuyarkən məzuniyyət götürmüşdüm. Daha sonra imtahanımı verib bitirmişəm.

- Beləliklə, neçə ilə bitirdiz?

- Əslində hələ Qara Qarayevin dövründə tələbələr qəsdən məzuniyyət götürürdülər ki, bəstəkarlıq sinfini bir az da oxusunlar. Bəstəkarlıq sinfində nə qədər çox qalsan, bir o qədər çox qazanırsan.

Söhbətimizin bu əsnasında Elza Seyidcahan bacısı Rasimənin də gözəl səsə malik olmasından söz açır:

- Milli Musiqi Günündə həm də Arif Məlikovun doğum günü keçirildi. Tələbələr bəstəkarlıq kafedrasının otağına yığılıb kiçik bir süfrə də açmışdılar. Arif müəllim məni də dəvət etdi. Getdik, görüşdük, tələbələrlə çox gözəl ünsiyyətimiz oldu. Bu zaman mənim bacım Rasimə də mənimlə idi. Bacım Arif müəllimin çox bəyəndiyi, Niyazinin əsəri olan “Arzular” mahnısını ifa etdi. Baxın, necə gözəl oxuyur.

Əlindəki telefonda tədbirlə bağlı videonu göstərir. Rasimə Seyidcahanın vokal səsi ilə “Aruzlar”ı ifa etməsi məni təəccübləndirir:

- Rasimə xanımın musiqi təhsili var?

- Bəli, Rasimə xanım konservatoriyanın vokal fakültəsini bitirib.

- Bildiyimə görə, o, Amerikada yaşayırdı...

- Bəli, amma hazırda Bakıdadır.

- Şou-biznesə qatılmağı düşünürmü?

- Elə şou-biznesin qorxusundan bu sənətə gəlmir.

- Diqqət edirəm, adi günlərdə makiyajdan heç istifadə etmirsiz.

- Hə, son vaxtlar demək olar ki, istifadə etmirəm. Amma insan var ki, evdə olanda belə makiyajdan istifadə edir. Məsələn, mənim keçmiş qaynanam həmişə mənə deyərdi ki, “Bax, mama qurban, yuxudan duranda birinci önlüyünü geyin və mütləq makiyaj et. Qadın hər gün evdə bəzəkli olmalıdır”.

- Belə görünür ki, qaynananızın yaxşı xüsusiyyətləri də olub.

- Əlbəttə, olub.

- Amma hər zaman ondan giley etdiyinizin şahidi oluruq.

- Anlaya bilmirəm ki, niyə verilişlərdə, müsahibələrdə ancaq bu cür məqamlar qabardılıb, başlıqlara çıxarılır? Əvvəla, məndə elə maraq yoxdur ki, keçmişimdən giley edim. Sadəcə, bəzi jurnalistlər bunun azarındadır ki, keçmişindən gileylənəsən, ağlayasan. Yaxşı danışsan, ondan bir kəlmə verməzlər. İndi bir kəlmə danışmışam, o saat onu bəzəyib-düzəyib başlıqlara verəcəklər.

- Demisiz ki, “Mənim evimi qaynanam dağıdıb”.

- Doğrudur, belə şeylər olub. Amma istəmirəm ki, bunlar indi gündəmə gəlsin. Çünki artıq bu cür şeylərə qisas hissi ilə baxmıram. Mən o insanları çoxdan bağışlamışam, Allaha həvalə etmişəm. Allah özü onları yerbəyer edib. Mən isə öz mükafatımı almışam.

- Bir dəfə keçmiş həyat yoldaşınızın açıqlamasını oxudum. Sizin haqda heç bir pis fikir bildirməmişdi.

-Bəli, mən də indi onun haqqında xoş sözlər deyə bilərəm. Hər zaman bu cür münasibətdə olmuşuq.

- Qaynananız hazırda həyatdadır?

- Bəli. Və istəmirəm ki, onun haqqında pis fikirlər getsin.

- Bəs onunla bağlı açıqlamalar verəndə sizə reaksiya verirmi?

- Yox, əlaqə saxlamır.

- Baba Vəziroğlu ilə münasibətləriniz nə yerdədir? Bir ara onun haqqında gileyləndiniz.

- Münasibətmiz adi “salam-sağ ol”dan ibarətdir. Sadəcə, mən gözləmirdim ki, “Xalqın şairi” verilişində mənə o cür cavablar versin. Çünki o, məni gənclik vaxtlarından, 25 yaşımdan tanıyır. Onun şerlərinə musiqi yazmışdım. Amma verilişdə məni şoumen adlandırmışdı. Demişdi ki, verilişə şou lazım imiş, ona görə Elzanı gətiriblər. Əgər gəncliyimdə şou göstərməmişəmsə, sənətimlə niyə şou göstərməliyəm ki?

- Son şeirinizi niyə məhz “Deşik-deşik dünya” adlandırmısız?

- Əslində o şeirdə varlılıqdan kasıblığa doğru olan sitiuasiyanı göstərməyə çalışmışam. Məsələn, qazanın daşır, əvvəlcə kəfini, sonra içini, sonra dibini yeyirsən. Bu şeirin adını kasıbçılıq da qoya bilərdim. Amma nəsə bu cür qoydum. Varlılar adətən qazanı daşandan sonra yeyirlər. Kasıb isə qazanın dolmasını gözləmir, nə qazanırsa yeyir. Və qazanın dibinə çatanda dibini o qədər qaşıyıb yeyir ki, kəfgir qazanı deşib çölə çıxır... “

Bu məqamda əməkdar artistə zəng gəlir. Qarşı tərəfdən gələn səs: “Elza xanım, mən əliləm. Sabah əməliyyat olunacam. Əməliyyat pulumu verə bilərsiz?.. “

- Bu cür zənglər tez-tez gəlir?

- Çox. İmkanım çatdığı qədər köməklik edirəm. Köməklik edə bilməyəndə çox təəssüflənirəm. Amma Allah həkimlərimizin canını sağ etsin, dəfələrlə kimlər üçünsə onlara müraciət etmişəm, köməkliklər göstəriblər. Yəni kömək istəyənlər mənim adımı veriblər, həkimlər təmənnasız onları müalicə ediblər.

Söhbətimizin bu yerində otaqda olan kürəkəni söhbətə müdaxilə edir:

- Bir xanım var idi, gözlərinin biri qüsurlu idi. Xarici görünüşü yaxşı olmadığından həyat yoldaşı onu boşamışdı. O da Elza xanıma öz dərdini yazmışdı. Elza xanım da həkimə müraciət etdi, onu pulsuz əməliyyat etdilər.

Elza Seyidcahan: - Qız bu haqda “İnstagram”da da yazıb öz təşəkkürünü bildirmişdi.

-Bəs siz özünüz yerli həkimlərimizə etibar edirsizmi?

- Çox. Onlar Allahdan bizə hədiyyədilər.

- Bu sualı ona gör soruşdum ki, sənətçilərimizin, hətta məmularımızın yerli həkimlərə etibar etmədiklərinin şahidi oluruq.

- Bu bir ara belə idi. Amma onlar getdilər xarici ölkədə xoşbəxtlik axtarmağa, gördülər ki, xoşbəxtlik öz ölkəmizdədir... 
Söhbətimiz yenə gəlib dayanır son qalmaqala:

- Mən heç vaxt özümdən böyüklərə qarşı hörmətsizlik etməmişəm. Amma sözünü deməyəndə sənə sadəlövh, şübhəli, birtəhər baxırlar.

Günahkar olmadığın halda bir-iki dəfə susduqdan sonra sən öz sözünü mütləq deməlisən. Mənim dayım “Şöhrət” ordenli əməkdar məşqçidir. O, “Xalqın şairi” layihəsinə baxıb mənə zəng etdi ki, “veriliş xoşuma gəldi. Amma Baba Vəziroğlu səndən yaşca böyükdür, sən ona imkan ver ki, danışsın. Fikir verdim ki, sən çox danışırsan. Sən orda danışma”. Dedim ki, “dayı, heç bilirsən ki, o, mənim haqqımda nə deyib? Məni şoumen adlandırıb”. Hətta verilişdə Baba Vəziroğlu misal çəkərək məni erməni ilə bir tutdu. Deyirdi ki, erməni ilə yan-yana yatıb və sairə...

-Bəs sonra bu haqda təklikdə söhbətiniz oldumu?

- Yox.

- Amma, görünür, xətrinizə dəyib...

- Çox dəydi. Mən məyus oldum. Çünki bizim gözəl şairlərimiz Nüsrət Kəsəmənli, Ramiz Rövşən və digərləri heç vaxt qadının xətrinə belə dəyməzdi. Onlar tanrıdan sonra sanki qadına səcdə edirlər. Bir var ki, qadına çıxarılan əlcək kimi baxasan, bir də var, daimi çətir kimi.

- Amma artıq şairlərin şeirlərində qadınların vəsfi dəyişib. Daha çox fiziki anlamda vəsf edilir.

- Çünki bəzi qadınlar o ülviyyəti, müəmmalığı qoruyub saxlaya bilmir.

- Elza xanım qadın kimi xoşbəxtdirmi?

- Hə, qadın kimi xoşbəxtəm.

- Amma şeirlərinizdə tənha qadın obrazı görürük. Məsələn, bir şeir yazmışdız, “Qadın bir şey istəyir... “ Sanki içinizdəki harayı qeyd etmişdiz.

- Yox, o şeirləri özümə yazmıram ki. Elə bir qadın yoxdur ki, sevilməyi istəməsin.

- Amma təksiz...

- Qadın istəyir ki, kimi sevirsə, həmin şəxs onu sevsin.

- Belə çıxır ki, sevdiyiniz olmayıb ki, hazırda yanınızda kimsə yoxdur?

- İnşallah, əgər idealım olsa, yəqin mən də sevərəm. Amma qadın kimi həmişə sevilmişəm. Biz dörd bacı olmuşuq. Qızlar bulağından su içəndən evimizə həmişə elçilər, sevənlər gəlib. Anam çox zəhmətkeş olub. Deyərlər ki, “anasına bax, qızını al”. Mənim də anama baxıb, qızlarını almaq istəyirdilər ki, gələcəkdə onun kimi olacağıq... Mən heç istəmirdim ailəm dağılsın. Evimizdə o qədər müqəddəs tərbiyə var idi ki, ailəmiz dağıldıqdan sonra uşaqlar çox stress keçirdilər, atalarının, gözəl ailəmizin xiffətini çəkirdilər. Mən də çox ağlayırdım. Uşaqlar ata-anasını çox sevirdilər. Heç vaxt valideynlərinin dava-dalaşlarını görməmişdilər. Təsəvvür edin ki, durduğumuz yerdə ailəmiz dağıldı, biz ayaq üstdə “öldük””...

Söhbətin ab-havasını dəyişmək üçün divardakı portretlərə nəzər salıram:

- Diqqət edirəm, fotolarınız teatrdakı tamaşalardan çəkilib. Məgər siz tamaşada oynamısız?

- Bəli, “Pantomima” və digər teatrlarda çalışmışam. Həmçinin AzTV-də “Sən mənim dayımsan”, “Bağdada putyovka var” və sairə tamaşalarda oynamışam. “Sən mənim dayımsan” tamaşasında Siyavuş Aslanla bir epizodik duetimiz var idi. Mən deyirdim ki “Əhməd çox istedadlıdır”. Siyavuş Aslan da məni yamsılayıb cavab verdi. O qədər çox sevinirdim ki, görkəmli aktyorumuzla birgə duetimiz oldu. Belə də ki, mənim bütün mahnılarım, geyimlərim özü bir tamaşadır...

- Son vaxtlar sizdən də yeni mahnılar eşidə bilmirik. Ümumiyyətlə, maraqlı estrada mahnıları görmürük, daha çox toylara hesablanmış mahnılar var. Elza xanımın “Son vida”, “Tənha qadın”, “Ağ çiçəyim” kimi məşhur mahnılarının davamı gələcəkmi?

- Bəzən toylarda bu mahnıları da istəyirlər. İnşallah, davamı gələcək.

- Bəzən deyirlər ki, Elza xanımın başı o qədər şeirlərinə qarışıb ki, mahnı yazmağı unudub.

- Yox. Əksinə, hər şeiri yazdıqdan sonra deyirəm ki, daha yazmayacam. Sonra görürəm ki, yox, fikirlər məni narahat edir. Şeir özü mənə gəlir. Hətta bəzən avtomobil sürəndə şeir gəlir, avtomobili saxlayıb, onu qeyd edirəm. Yəni şeir mənim vaxtımı almır, əlimdə su içimi kimi bir şeydir. Hərdən mənə sifariş edirlər ki, şeir yazım. Amma yox, mən sifarişlə şeir yaza bilmərəm.

- Demişdiz ki, oğlunuz şeir yazmağınıza qarşıdır.

- Yox, oğlum çox təvazökardır.

- Peşəsi nədir?

- Universitetin maliyyə bölümün bitirib. Yaxşı skripka çalır. Daxili İşlər Nazirliyinin orkestrində çalışıb. Oğlum istəsə bəstəkarlıq da edər, mahnı da oxuyar, o məndən çox istedadlıdır. Sadəcə, çox təvazökardır.

- Bir ara siyasətə qoşulub, deputatlığa namizədlik verdiz. Yenidən siyasətə qoşulmaq arzunuz varmı?

- Niyə istəmirəm ki? Həvəsim də, meylim də var. Həmin vaxt mən çox təcrübə topladım... Mən zamanında yaxşı yaşayan dahiyəm. Bəlkə də təvazökarlıqdan uzaqdır, amma hamımız dünyaya dahi gəlmişik. Sadəcə, gərək hər kəs öz sənətini seçsin.

Məni tanınmış aktyorlar parodiya edib. Halbuki bəzi müğənnilər pul verir ki, onları parodiya etsinlər. Bu günlərdə “Bu şəhərdə”nin Müşfiqi “Tikim sizin ağzınızı” şeirimə görə mənə zəng edib dedi ki, “Halal olsun sənə, konsert qabağı bu şeir bizə ilham verdi”... Bir məşhur kino rejissorumuz var. Bir gün ağlaya-ağlaya mənə zəng vurub dedi ki, “Elza xanım, yalvarıram, o verilişə (“Xalqın şairi” verilişini nəzərdə tutur X.G.) çıxma. Ora sənin yerin deyil, sənin yerin daha yüksək yerlərdir”. Dedim, “axı mən sənətçiyəm, gündəmdə, efirdə olmalıyam. Əgər o verilişə çıxmasaydım, siz məni görməzdiz və bu gün siz mən zəng vurub öz münasibətinizi bildirməzdiz”.


Fotolar Xalidə Gərayındır 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam