İranda etirazçı gənclər əsasən “Z” nəslinə aiddir -AÇIQLAMA
İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən kütləvi etirazlar fonunda hakimiyyətin səhvlərini etiraf edərək, gənclərin narazılığının haqlı olduğun söyləyib.
Yenixeber.org: Dövlət başçısı vurğulayıb ki, gənclərin küçələrə çıxması onların qayğılarına lazımi cavab verilməməsinin nəticəsidir və buna görə məsuliyyət birbaşa hakimiyyətin üzərinə düşür.
Gənclərin narazılığı İran cəmiyyətində hansı struktur problemlərə işarə edir?
Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, İran Prezidenti Məsud Pezeşkian tələbə və gənclərin etiraz aksiyalarındakı haqlı mövqelərini birinci dəfə deyil müdafiə edir və bunu əvvəl də qeyd etmişdi:
"Bu həm etiraz aksiyalarının tələblərini İran hakimiyyətinin etiraf etməsi, həm də həmin tələblərin iqtisadi, maliyyə və sosial sahələrə aid olduğunu göstərir. Digər tərəfdən, hakimiyyət bununla etirazçıların tərəfində olduğunu və yaranmış problemlərin həlli istiqamətində fəaliyyət göstərdiyini nümayiş etdirir. Hökumət etirazçı tələbə və gəncləri sakitləşdirməyə çalışır. Ancaq xəbərlərdə bildirilir ki, etiraz aksiyaları zamanı 200-dən çox tələbə qətlə yetirilib. Bu isə onu göstərir ki, öldürülən tələbələr haqlı olub və onların ölümündə günahkarlar məsuliyyətə cəlb edilməlidir".
Politoloq qeyd etdi ki, İranda etirazçı gənclər əsasən “Z” nəslinə aiddir:
"Yəni, müasir dövrün tələblərini irəli sürən gənclərdir; onlar 20-40 il öncəki idarəetmə üsullarını qəbul etmir. Bu gənclər ictimai sərbəstlik, geyim və davranış azadlığı, istirahət, söz və mətbuat azadlığı, düşüncə azadlığı tələb edirlər. Onlar İranın arzularının və istəklərinin “həbsxana”ya çevrilməsini istəmirlər. Hakimiyyət isə zorakı metodlarla ölkəni idarə etməyə çalışır. Beləliklə, köhnəlik – yəni mürtəce anlayış ilə yenilik, müasirlik və çağdaşlıq arasında mübarizə gedir. Bu mübarizə dekabrın 28-dən yanvarın ortalarına qədər İranda baş vermiş hadisələrdə özünü göstərdi. Hadisələr göstərdi ki, yeni İran idarəetmə sistemində struktur problemləri mövcuddur və İran konstitusiyasında yeniliklərin olmasına ehtiyac var. Problemlər hakimiyyətin dövlət idarəetmə sistemindən qaynaqlanır. İranda struktur dəyişiklikləri, islahatlar və əsas qanunun günün tələblərinə uyğunlaşdırılması siyasi-ictimai gündəmin başlıca mövzusudur".










AZ
RU