Moskva panikadadır - Lavrovun sərt açıqlamasının arxasında nə dayanır?
Son dövrlər Rusiya–Qərb münasibətlərində artan gərginlik fonunda səsləndirilən bu tip açıqlamalar regional proseslərin geosiyasi mahiyyətini bir daha gündəmə gətirir.
Yenixeber.org: Xüsusilə Cənubi Qafqaz və Qara dəniz hövzəsi kimi strateji əhəmiyyətə malik bölgələrdə baş verən dəyişikliklər böyük güclərin maraq toqquşması prizmasından dəyərləndirilir. Bu baxımdan Sergey Lavrovun son bəyanatları Moskvanın mövcud proseslərə münasibətini anlamaq baxımından diqqət çəkir.
Politoloq, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, bu, Rusiyanın hədələyici və xəbərdarlıq xarakterli çıxışlarının davamıdır və Sergey Lavrov bu açıqlamalarında daha çox SSRİ dövründən qalma siyasi yanaşmaları təkrarlayır:

“Vaxtilə SSRİ soyuq müharibə illərində Qərb blokunu Qərbin SSRİ-nin nəzarəti altında olan sosialist düşərgəsinə müdaxilə etməkdə, eləcə də sovet düşüncə sistemini dəyişməyə cəhd göstərməkdə ittiham edirdi. Sergey Lavrovun bəhs etdiyi bölgələr vaxtilə SSRİ-nin ərazisi olub, müttəfiq respublikalar statusu daşıyıb. Lakin Sovet İttifaqının bu respublikalara münasibətdə yol verdiyi ayrı-seçkiliklər və işğalçı siyasət nəticəsində SSRİ dağıldıqdan sonra həmin ərazilər öz müstəqilliklərini elan etdilər. Çünki bu ərazilər hələ Çar Rusiyası dövründə işğal olunmuşdu və əbədi olaraq Rusiyanın, Sovetlərin və ya indiki Rusiyanın bayrağı altında yaşamağa, onun nüfuz dairəsində qalmağa məhkum edilə bilməzdilər.
Bu ölkələr müstəmləkə asılılığından xilas olduqları üçün müstəqil siyasət yürütməyə və alternativ əməkdaşlıq modelləri axtarmağa başladılar. Bu kontekstdə onlar Avropa İttifaqı və ümumilikdə Qərb bloku ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Rusiya, xüsusilə də Sergey Lavrov Avropa İttifaqının, NATO-nun Cənubi Qafqaz və Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlığına qarşı çıxmaqla və bu prosesləri hədələyici ritorika ilə müşayiət etməklə, əslində gələcəkdə həmin bölgələrə təzyiq göstərə biləcəyinə dair mesaj verir. Yəni, Lavrov bu açıqlamaları ilə Avropanın Qara dəniz və Qafqaz regionlarında fəallığının artmasını Rusiya üçün qəbuledilməz hesab etdiyini nümayiş etdirir.
Lakin reallıq ondan ibarətdir ki, Avropa İttifaqı və Qərb ölkələri ilə bu regionların əlaqələri əsasən iqtisadi və institusional xarakter daşıyır. Siyasi əməkdaşlığa baxmayaraq, Baltikyanı ölkələr istisna olmaqla, keçmiş sovet respublikalarının Avropa İttifaqına üzvlüyü gündəmdə deyil. Rusiyanın mahiyyət etibarilə işğalçı siyasəti isə Ukrayna müharibəsi fonunda bir daha açıq şəkildə ortaya çıxdı. Bu müharibə region ölkələrinin Rusiyanın nüfuz dairəsindən uzaqlaşmaq meyillərini daha da gücləndirdi. Bu baxımdan Lavrovun bu tip bəyanatları daha çox psixoloji təzyiq və Qərbə qarşı güc nümayişi xarakteri daşıyır”.










AZ
RU