“Avropa Parlamenti paradoksal fəaliyyəti ilə özünü çoxdan gözdən salıb” -"Azərbaycanla təzyiq dili ilə danışmağa onların qüdrəti çatmaz"
“Avropa Parlamenti yenə də kağız üzərində Azərbaycan haqqında mənasız, əhəmiyyətsiz və heç bir əsası olmayan cızma-qaralar edib. Qurumun Xarici Əlaqələr Komitəsinin "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı"nda ölkəmizlə bağlı yer alan məqamların ağ yalan olduğu hətta orada oturanların özlərinə də məlumdur. Nə qədər çirkin iş gördüklərini, ikiüzlü yanaşma sərgilədiklərini, böhtan danışdıqlarını yaxşı bilirlər. Amma buna baxmayaraq, hələ də öz əməllərindən əl çəkə bilmirlər”.
Yenixeber.org: Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanofob və islamofob təfəkkürün məhsulu olan kağızdakı yalan iddialar, sanksiya çağırışları və digər bu kimi məsələlər ədalətsiz olduğu üçün qurumun iç üzünü də açıb göstərmiş olur və dünyada ona olan inamı ayaqlar altına sərir: “Göstərir ki, bu qurum fəaliyyətində qətiyyən səmimi deyil, büsbütün paradoksal fəaliyyəti ilə diqqət çəkir. Separatizm, terror, işğal siyasəti dünyada sülh və təhlükəsizliyə əsas təhdiddir. Azərbaycan üzləşdiyi bu problemləri beynəlxalq hüquq çərçivəsində özü təkbaşına aradan qaldırıb. İndi qalxıb Azərbaycanı bu məsələlər barədə ittiham etmək, ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik göstərmək tamamilə absurddur”.
“Həm Avropa Parlamenti, həm də onunla eyni mövqedə olan digər təşkilatlar da anlamalıdırlar ki, Azərbaycan sıradan bir dövlət deyil, belə kağız parçaları onun ədalətə söykənən siyasətinə təsir edə bilməz. Eyni zamanda yeni reallıqlar yaradan, dünyada böyük söz sahibinə çevrilən, qlobal təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla təzyiq dili ilə danışmağa onların qüdrəti çatmaz. Biz sizin gücünüzün, sözünüzün kəsərinin olmamasına, ikiüzlü fəaliyyətinizə 30 il davam etmiş Ermənistanın işğalı dövründən yaxşı bələdik. Odur ki, öz daxili işlərinizlə məşğul olun. Amma unutmayın ki, düşdüyünüz korrupsiya bataqlığında boğulmaq üzrəsiniz”, - Milli Məclisin deputatı deyib