"Müxalifətin seçkiyə hazırlığı qeyri-qənaətbəxşdir"
Azərbaycanda bu ilin noyabrında növbəti dəfə Milli Məclisə seçkilər keçiriləcək. Seçki ili olmasına baxmayaraq, siyasi arenada bir süstlük hökm sürür. Belə hesab edilir ki, buna səbəb hakim Yeni Azərbaycan Partiyasının ölkədə söz sahibi siyasi qüvvə olması ilə yanaşı, müxalif cəbhədəki qarşıdurmalardır.
"Xeberinfo.com": Seçki öncəsi ölkənin siyasi areanasındakı vəziyyətlə bağlı politoloq Qabil Hüseynli ilə söhbətləşdik.
- Qabil müəllim, seçki ili olmasına rəğmən siyasi arenada seçki atmosferi hiss edilmir. Nədir buna səbəb?
- Seçkilərə az müddət qalmasına baxmayaraq, siyasi atmosfer passivliyi ilə seçilir. Düzdür, bəzi partiyalar qurultaylar, yığıncaqlar keçirir, bloklar yaratmağa çalışır. Hesab edirəm ki, bunu da seçkiyə hazırlığın;n ilk mərhələsi kimi qiymətləndirmək olar. Növbəti ayın əvvəllərində seçki üzrə təbliğat kampaniyası başlayacaq. Buna qədər namizədlərin müəyyənləşməsi prosesi də başa çatmalıdır ki, bu kampaniyanı qura bilsinlər. Ancaq, hələ ki arzu edilən fəallıq hiss edilmir.
Bir sözlə,seçkilər sanki ölkə əhalisinin diqqətində deyil. Görünən odur ki, əhalinin əsas diqqət ayırdığı əsas məsələ Dağlıq Qarabağ problemidir. Ona görə də seçkilərə bir o qədər də maraq yoxdur. Ona görə də seçkinin yumuşaq, sakit bir atmosferdə keçəcəyini proqnozlaşdırıram.
- Hazırkı dövrə qədər müxalifətin seçkiyə hazırlığı hansı detalları ilə diqqətinizi cəlb edə bilib?
- Müxalifətin seçkiyə hazırlığını qeyri-qənaətbəxş hesab edirəm. Məsələn AXCP seçkiləri boykot etməklə bağlı anonslar verir. Belə görünür, bu partiya seçkilərə qatılmayacaq. Müsavat Partiyasının isə başı gic savaşdan ayılmayıb. Düzdür, partiya namizədlərini müəyyənləşdirdiyini bildirir. Hər halda bu partiyada da seçki ab-havası hiss olunmur.
Hesab edirəm ki, heç olmasa mətbuat səviyyəsində platformalarının açılması, müəyyən tezislərin irəli sürülməsi nəzərə çarpmır. Odur ki, seçici etiraflarını qızışdıracaq məsələyə rast gəlinmir.
- Siz qeyd etdiniz ki, müxalifətin seçkiyə hazırlığı qeyri-qənaətbəxşdir. Belə olan halda onların bu seçkidə uğur qazanma şansları varmı?
- Əgər AXCP seçkidə iştirak etməyəcəksə, onların heç bir şansı yoxdur. Müsavatın şanslarını da yüksək qiymətləndirmirəm. Olsa-olsa 1 və ya 2 nəfər seçilə bilər. Digər partiyalar isə seçkiyə blok və təkbaşına getdiklərini açıqlayıblar. Bununla belə onlardan da uğur gözləmirəm. Digər partiyalardan 1-2 nəfər parlamentə düşə bilər.
- Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də deputat mandatı uğrunda mübarizə aparacaq. Siz onun şanslarını necə dəyərləndirirsiniz? İsa Qəmbər deputat seçilə bilərmi?
- Onun seçkidə uğur qazanıb-qazanmayacağını bir Allah, bir də İsa Qəmbərin özü bilir. Azad, şəffaf, rəqabətə söykənən seçki baş tutsa, inanmıram ki, İsa Qəmbər deputat mandatına sahib olsun.
- Qabil müəllim, özünüz seçkidə iştirak edəcəksinizmi?
- Vəziyyətə, namizədlərə, siyasi mühitdəki gedişata baxıb, qərar verəcəyəm. Əgər siyasi mühit sağlam olsa, iştirak edərəm.
Azvision.az