“Çox istəyərəm ki...” - Nazpəri də deputat olmaq istəyir?
Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər:
Yenixeber.org: “Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq. Bu gözəl şəxsiyyəti Milli Məclisdə Zeynəb Xanlarovanın əvəzinə görmək istərdinizmi?” – deyə onların paylaşdığı mətndə qeyd olunub. Kampaniyaya azərbaycanlı məşhurlar da qoşulub. Aktrisanı deputat kimi görmək istəyənlər arasında qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva, Əməkdar artistlər Elza Seyidcahan və Vasif Məhərrəmli də olub.
Məsələ ilə bağlı Xalq artisti Nazpəri Dostəliyeva “Yeni Sabah”a açıqlamasında Afaq Bəşirqızını millət vəkili kimi görməyi istədiyini deyib:
“Afaq Bəşirqızı sözünü deyə biləcək, sənətində öz imzasını atmış, böyük sənətkardır. O eyni zamanda xalqın, xüsusilə də qadınların qeydinə qalan gözəl insandır. Mən çox istəyərəm ki, Afaq xanım millət vəkili olsun. Buna böyük məmnuniyyətlə razı olaram. Afaq xanım deputatlığa tam layiqli namizəddir”.
Xanım sənətçi özünün deputat olmaq istəmədiyini, ümumiyyətlə siyasətə qarışmadığı da bildirib: "Mən ümumiyyətlə siyasətə heç vaxt qarışmıram. Amma yenə deyirəm, Afaq xanımı deputat olaraq görməkdən məmnun olaram".
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Afaq Bəşirqızı deputatlığa namizəd olacağını rəsmən elan etməsi ilə bağlı xəbərlər yayılıb. Afaq xanım açıqlamasında bu xəbərin yalan olduğunu bildirib və deputatlığa ayıracaq vaxtı olmadığını deyib:
"Mən deputatlığa namizədliyimi verməmişəm. Teatrda yetərincə işlərim çoxdur. Ona ayıracaq vaxtım yoxdur".