Xocalının işğalından 22 il ötür
Xocalının ətrafına hərbi texnika fevralın 25-i səhər saatlarından etibarən yığışmağa başlayır. Həmin gün ətrafa ölü bir sükut çökmüşdü. Bu tufanqabığı sakitlik idi. Sükutu təxminən günorta saat 13.00 radələrində dağların arxasından gələn zirehli texnikanın səsi pozur.
"xeberinfo.com": 1992-ci ildə Xocalı rabitə qovşağının rəisi, Cavid Əliyev: “Gündüzdən dörd bir tərəfdən zirehli texnikalar başladılar yerlərini tutmağa. 366-cı motoatıcı alayın zirehli texnikası, BRDM-lər, BTR-lər, bütün texnikalar Həsənabadın alma bağı altında, Daşbulağın altında, hər tərəfdən düzüldülər".
Cavid Əliyev o zaman Xocalı rabitə qovşağının rəisi vəzifəsində çalışırdı.
Rabitə qovşağı, həm də son iki ayda Xocalıda generator hesabına işıqlandırılan iki binadan biri sayılırdı. Əsgəranla Ağdam arasındakı yüksək gərginlikli xəttin partladılmasından sonra Xocalı neçə müddət idi ki, zülmətə bürünmüşdü. O zülməti həmin gecə müxtəlif çaplı silahlardan atılan atəş işıqlandırdı. Və bir də Xocalıda yandırılan evlər... O gecəni Xocalı aeroportunun əməkdaşı, döyüşçü Nazim Hüseynov göz yaşları içində xatırlayır.
Xocalının müdafiəçisi, Nazim Hüseynov: “Və biz bunlara baxmayaraq Ağdama, Şuşaya müraciət etdik ki, artıq Xocalı mühasirəyə alınır. Siz nə kömək edə bilirsizsə, edin. Burda xəstələr var, qocalar var, qadınlar var. Biz 366-cı alayın qarşısında heç nə idik. Döyüş taktikasını bilməyən, könüllü insanlar idik".
Amma Ağdamdakı komitə sadəcə vəd verir. Xocalıya hücum başlayanda isə hava telefonunun başında heç vəd verən də tapılmır.
1992-ci ildə Xocalı rabitə qovşağının rəisi, Cavid Əliyev: "Axırıncı mən götürmüşəm o ratsiyanı. Götürmüşəm, Şuşanı da, Ağdamınkını da. Çağırdım, heç kim cavab vermədi. Sonradan öyrəndim ki, içəridə 30-a qədər adam olubdu, heç kim risk etməyib. Götürüb nə deyək, əlimizdən bir şey gəlmir”.
Beləcə, köməksiz və əliyalın əhali Qarqar çayını keçərək meşə ilə Kətik dağına tərəf qaçır. Əhalinin böyük qismi Əsgəran-Naxçıvanik-Ağdam istiqamətində irəliləyir. Onlar od içində yanan Xocalıdan, bu dəhşətdən baş götürüb qaçırdılar. Əsl dəhşət isə onları qarşıda gözləyirdi. Naxçıvanik yolunda pusquya düşən əhali gülləbaran edilir. 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilir.
Faciənin ertəsi günü Azərbaycanın rəsmi dövlət qəzeti olan "Xalq qəzeti" DİN-in məlumatına əsasən yazırdı. "26-na keçən gecə Xocalı bir neçə istiqamətdən şiddətli atəşə tutlub. Yaralanlar var.. İlkin məlumata görə, iki sakin həlak olmuşdur". Eyni xəbəri dövlət televiizyası da verir. Bizsə bu gün Xocalıya dünyadan qiymət istəyirik. Özümüzün zamanında verə bilmədiyimiz qiyməti. AnsPress.