İlan sancan “Gizir”, ölümdən dönən bəy oğlu, Amerikada ağlayan bəstəkar... - BİR FİLMİN HEKAYƏTİ
![news content](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124810.612.png)
“Sonradan o səhnəyə baxanda dəhşətə gəldik...”
Yenixeber.org: Bu il kinorejissor Tofiq Tağızadənin yazıçı Yusif Səmədoğlunu ssenarisi əsasında “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “7 oğul istərəm” filminin 55 illiyidir.
55 ildir, bir film sevilərək baxılır, onu ərsəyə gətirən ictimai quruluş, ideologiya iflasa uğramış olsa belə, sənət əsəri kimi qəbul olunur, baxılır, sevilir. İndi də bəzi epizodları dillər əzbəridir.
“Hamam hamam içində
Xəlbir saman içində,
Dəvə dəlləklik eylər
Köhnə hamam içində...”
![](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124813.767.jpg)
İsmayıl Osmanlının film boyu müxtəlif məkanlarda gözlənilmədən peyda olub bu misraları oxuması filmə xüsusi rəng qatması ilə bahəm, obraza nifrət aşılayır. Aktyor da gözəl yaradıb. Yeri gəlmişkən, İsmayıl Osmanlı bu filmə çəkiləndən sonra Bakı küçələrinə çıxa bilmirmiş. Bir dəfə aktyoru küçədə Kələntər dayı bilib, döyməyə də qalxıblarmış, Allah istəyib, ətrafda kinonu həyatdan ayıra bilən ayıq adamlar da olub.
“Çal, aşıq, çal, komsomolun canı it canıymış”, “Yanıq Kərəm”i çal, ağa-bəy havasıdır”, “Tələsmə gizir”, “Hanı peykanlıda kişi?”, “Yoxsa Əzrayıl gəlib bu kəndi torbasına yığıb aparıb”, “Allah sizə rəhmət eləsin, ölülər”, “Sən mütrüflük edəndə, mən əlimə silah alıb döyüşürdüm”... saydıqca bitməyən sitatlar gətirmək olar “7 oğul istərəm” filmindən. Hər birinin də dərin və çoxçalarlı mənaları var.
Komsomol tarixini bəy balası çəkə bilməz
Ssenari o vaxt filmi çəkəcək rejissorla birgə, onunla razılaşdırılıb yazılıbmış. Filmi çəkmək isə Kamil Rüstəmbəyova həvalə olunub. Bəli, “Axırıncı aşırım” filminin rejissoru Kamil Rüstəmbəyova. Fikir verəndə aydın sezmək olur ki, bu iki film arasında qəribə bir “qohumluq” var. Estetika, ruh qohumluğu. Ssenari tam hazır olub, rollar belə bölüşdürülüb, bu vaxt Mərkəzi Komitədən göstəriş gəlib ki, filmi Tofiq Tağızadə çəkməlidir. Sovet ideologiyasına görə, komsomol tarixindən olan bir filmi bəy balası çəkə bilməz. Təbii ki, Kamil Rüstəmbəyov o filmə elə çalarlar qata bilərdi ki, bu, mövcud ideologiyaya sərf etməzdi. Hərçənd, bu gün də aktual olardı. Necə ki, “Axırıncı aşırım” filmində bunu edib.
O vaxt kinostudiyaya rəhbərlik edən və filmi Kamil Rüstəmbəyovun uğurlu çəkəcəyinə inanan Adil İsgəndərov heç nə edə bilmir. Yalnız “Axırıncı aşırım”ı çəkmək söhbəti ortaya gələndə onu Kamil Rüstəmbəyova həvalə edib, üstündə durmaqla yanğısını çıxarır. Odur ki, bu iki film fərqli rejissorların adına da olsa, dəsti-xətt bənzərliyi var.
Tofiq Tağızadə həmkarının seçiminə hörmətlə yanaşmaqla yalnız Humay və Cəlal obrazlarına seçilən aktyorları dəyişir. Cəlal obrazına Əliabbas Qədirovu deyil, Ənvər Həsənovu çəkir. Humay isə Zemfira İsmayılova olur, ona qədər tanınmayan başqa bir aktrisa sınaqdan keçirilibmiş.
Sarı Şəmistan 7 aktyora xalça bağışlayıb
Film 1970-ci ildə çəkilib, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunub.
Ssenarini Yusif Səmədoğlu atası Səməd Vurğunun “Komsomol poeması” əsəri əsasında qələmə alıb.
Səməd Vurğun özü müəllim işlədiyi illərdə komsomol sıralarında xidmətləri olub. “Məndən tez-tez soruşurlar xoşbəxtsinizmi? Cavab verirəm – Hə! Çünki gəncliyim Lenin komsomolu sıralarında qanlı-qadalı müharibələrdə keçmişdir”. (S.Vurğun)
Gəray bəy, Şəkər bəy, Bəxtiyar konkret tarixi şəxsiyyətlərdir. Sarı Şəmistanla sonralar çəkiliş qrupunun görüşü də keçirilib. Onlar yalnız film ekranlara çıxandan sonra məlum olub. Bütün bölgələri, əyalətləri gəzən filmlə birgə oralarda görüşlərdə olan aktyorlar yaxınlaşıb özünü təqdim edən personajların qarşısında karıxıb qalırmışlar. Belə görüşlərdən birində sağ-salamat Sarı Şəmistan “7 oğul”un hərəsinə bir xalça da bağışlayıb.
Bir neçə epizodda çəkiliş vaxtı dəyişiklik olunub. Məsələn, Bəxtiyarın Humayı döydüyü səhnədə mübahisə düşüb. Sonda belə qərara gəlinir ki, bolşevik silahdaşını itirdiyi üçün gözünə heç nə görünmür, qızı döyür, amma o biri bolşevikdə milli hisslər baş qaldırır, kişinin qadını döyməsinə yol vermir. Burda hadisənin biri o birini tamamlayır.
Qəbiristanlıqda “gədələri də yığışdır” ifadəsi bəy balası Cəlalı qıcıqlandırır və əmisinə silah çəkir.
Çəkilişlər Abşeronda, Şağanda, Mərdəkanda, Buzovnada, Fatmayidə, Qobustanda və kinostudiyanın pavilyonunda aparılıb.
Xəyyam Mirzəzadə Amerikada göz yaşlarına boğulub
![](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124807.118.jpg)
Filmə çəkilən 7 aktyor bu film sayəsində əzəli-əbədi qardaş olublar. İndinin özündə də sağ qalanlar rəhmətə gedənlərin ailəsinin xeyir-şərinə yarıyır.
Bu gün onlardan üçü sağdır – Əbdül Mahmudov (Qasım), Rafik Əzimov (Şahsuvar) və Ənvər Həsənov (Cəlal).
![](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124804.746.jpg)
Rafik Əzimov deyir ki, “Yeddi oğul istərəm” filmi SSRİ bankına ən çox valyuta gətirən 10 filmin cərgəsində idi: “Bir maraqlı faktı da deyim ki, filmin bəstəkarı Xəyyam Mirzəzadə Amerikada Brodveydə gəzintiyə çıxıbmış. Birdən şəhərin bir küçəsində geniş bir reklama rast gəlir. Həmin reklam ingilis dilində yazılsa da, şəkillərdə 7 oğulun məğrur görünüşü baxana gəl-gəl deyirmiş”. Həmin reklama diqqətlə baxan Xəyyam Mirzəzadənin gözündən biixtiyar yaş axmağa başlayır. Bu, sevinc yaşları idi ki, Azərbaycan filmi Amerika kimi bir ölkədə geniş maraq doğurmuşdu…
Filmin finalı da son anda dəyişdirilib. Gəray bəy məğlub olub intihar etməzdən əvvəl kəndə od vurub onu yandırır. Başqa bir versiyaya görə, kəndi əslində bolşeviklər od vurub yandırıblar, Gəray bəyi ələ keçirmək üçün. Finalda kəndin od tutub yanması səhnəsi dəyişdirilir, kənddə heç bir faciə yoxdur, yalnız Gəray bəy intihar edir. “Get Sarı Şəmistana de ki, Gəray bəyi qanına qəltan etdim”.
“7 oğul”dan sağ qalan üçü
Ənvər Həsənovun xatirələrindən: “Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıхır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Aхırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıхılaraq ölür. Mən yerə yıхılan vaхt çəkiliş qrupundan qəribə səs eşidildi. "Stop" deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdılar. Demə, yıхıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Bir az da kənara yıхılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıхmadım. Bu səhnələr heç vaхt yaddan çıхmaz".
Ənvər Həsənov Qobustanda aparılan çəkilişlər zamanı baş vermiş gülməli bir hadisəni хatırlayır. Uzun müddətlik və ağır çəkilişlərdən sonra aktyorlar istirahət etmək üçün kölgəlik aхtarırlar. Birdən əllərində torba və uzun çubuqlar olan iki kişinin gəldiyini görüb, onların ilan tutan olduğunu anlayırlar. Yaхınlaşıb, ilanlar barədə söhbət etməyə başlayırlar. Hamının diqqəti ilanlara yönələn anda Elçin Məmmədov yavaşca yaхınlaşıb Hamlet Хanızadənin (filmdə Gizir rolunu ifa edir) ayağından elə tutur ki, guya onu ilan çalır.
![](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124759.864.jpg)
Bu zaman Hamlet Хanızadənin rəngi ağarır və ürəyi zəif olduğundan huşunu itirir. Aləm dəyir bir-birinə. Tofiq Tağızadə gəlib ilan tutanları qovur. Hamlet Хanızadəni 15-20 dəqiqədən sonra özünə gətirirlər. Ayılandan sonra Hamlet Хanızadə qisas almaq üçün Elçini aхtarmağa başlayır. Elçin Məmmədov isə bunu əvvəldən bildiyi üçün qaçıb gizlənmişdi. Aхırda "qoy gəlsin, filmimizi çəkib qurtaraq, isti vurub başımıza" deyə Хanızadəyə müraciət edirlər. Nəhayət, çətinliklə də olsa, aktyorları barışdırmağa müvəffəq olurlar.
Bəxtiyarın pilləkəndə oturub siqaret çəkmə səhnəsi 3 dubla çəkilib. Həmin çəkilişi xatırlayan Uzun Qasım – Əbdül Mahmudov deyir ki, şəxsən özü bu səhnəni səbirsizliklə gözləyirdi:
![](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-11T124802.359.jpg)
“Pilləkənin altında oturub, maraqla Həsən Məmmədova baxırdım. Onun bu səhnəni necə yaradacağı mənə çox maraqlı idi. Gözünün içini, plastikasını görmək istəyirdim. Əslində mənə elə gəldi ki, o, heç nə etmədi. Çünki adət etdiyimiz pafosu, ah-ufları görəcəyimi düşünürdüm. Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər gözəl yaratmışdı ki… Qəribə nisgilli, kədərli baxışları vardı. Fikrimcə, o epizod olmasaydı, film də yaxşı alınmazdı”.
55 ildir, bir film sevilərək baxılır, onu ərsəyə gətirən ictimai quruluş, ideologiya iflasa uğramış olsa da belə, sənət əsəri kimi qəbul olunur, baxılır, sevilir. İndi də bəzi epizodları dillər əzbəridir…(pressklub)
Ramilə Qurbanlı