“Sən yanmasan, mən yanmasam...” –çex tələbə Yan özünü yandıraraq Praqanı işğal edən SSRİ-yə etiraz bildirib
Ətrafdakı insanlar onu saxlamağa cəhd etsələr də, onlar 20 yaşlı tələbənin meydanın ortasında üzərinə benzin tökərək özünü yandırmasının qarşısını ala bilməyiblər. O, ağır yanıq dərəcəsi ilə xəstəxanaya çatdırılıb, həkimlər üç gün mübarizə aparsalar da, Yan Palaxın həyatını xilas etmək mümkün olmayıb.
Yenixeber.org: Hadisə 1969-cu ilin yanvar ayının 16-da Çexoslovakiyanın paytaxtı Praqa şəhərində baş verib. Karlov universitetinin fəlsəfə fakültəsinin tələbəsi Yan Palax şəhərin Vatslav meydanında üzərinə benzin tökərək özünü yandırıb.
20 yaşlı gənc özünü hansı səbəbdən yandırıb? Sözsüz ki, hadisədən sonra ortaya çıxan ilk sual bu olub. Bu sualın cavabı tələbənin çantasındakı kağızlarda tapılıb.
Yan Palax 1948-ci ildə Praqada anadan olub. Uşaqlığı Melnik rayonunun Vşetatı kəndində keçib. Ticarətlə məşğul olan atası Yozef çörəkbişirmə sexinə və şirniyyat mağazasına sahib olub. 1948-ci ildə kommunistlər hakimiyyətə gəldikdən sonra onun sahib olduğu obyektlər əlindən alınıb. Bu hadisə Palaxlar ailəsində dərin və ağır izlər qoyub.
Yan Palax Melnik rayonunda gimnaziyanı bitirdikdən sonra sənədlərini Praqa şəhərindəki Karlov universitetinin fəlsəfə fakültəsinə verib. İmtahanları müvəffəqiyyətlə versə də, sosial mənşəyinə görə, onu bu ali təhsil ocaqğına qəbul etməyiblər. Elə həmin il o, Praqa iqtisadiyyat universitetinə qəbul olunub. Ancaq bir ildən sonra Yan Palax yenidən Karlov universitetinə üz tutub. Bu dəfə o, universitetin fəlsəfə fakültəsinin tələbə adını qazana bilib.
Elmə, təhsilə, xüsusilə də tarix fənninə böyük maraq göstərən tələbə kimi tanınan Yan Palax həm də son dərəcə qapalı bir gənc kimi fərqlənib. Gənc olmasına baxmayaraq, dünyada gedən siyasi proseslərə özünəməxsus baxışları olan Yan Palax 1968-ci ildə “Praqa baharı” adı ilə tarixə düşən hadisələr zamanı etirazçı gənclərin arasında böyük fəallıq göstərib. SSRİ-nin və Varşava Müqaviləsi Təşklatının digər üzv dövlətlərinin Çexoslovakiyaya qoşun yeritməsini Yan Palax ölkəsinin işğalı kimi qiymətləndirərək tələbələri təşkilatlanmağa, birgə mübarizəyə səsləyib.
Amma ölkədə hökm sürən kommunist diktaturası rejimə qarşı çıxanları həbs etməklə, işdən çıxarmaqla, qorxu işində saxlamaqla susdurub. Bunu anlayan Yan Palax da mübarizəsinin nəticəsiz qalacağını yaxşı dərk edib və mübarizə üsulu kimi başqa yol seçməyi qərara alıb.
Gənc tələbə yanvarın 16-da günorta saatlarında Praqanın Vatslav meydanına üz tutub. Yan Palax əvvəlcədən hazırladığı yazılarını, məktubları, etiraz səbəbini göstərdiyi qeydləri çantasına yığaraq özü ilə götürüb. Saat 16.00-da o, şüşə qabda olan benzini üstünə töküb. Mane olmaq istəyənlərdən uzaqlaşaraq meydanın ortasında özünü yandırıb. Ətrafdakılar bu səhnəyə laqeyd qalmayıblar, üst geyimlərini çıxararaq onu bükməklə yanğını boğmaq istəyiblər. Amma bu cəhdlər Yan Palaxı xilas edə bilməyib. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları onu universitet xəstəxanasına aparıb. Bədən səthinin 85 faiz yanğına məruz qalması daxili orqanların fəaliyyətini yarasız vəziyyətə salıb. Üç gündən sonra Yan Palax xəstəxanada vəfat edib.
Bu hadisə beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub. Qərb mətbuatı hadisəni qəzetlərin manşetinə çıxarıb, kommunist rejiminin növbəti fəsadı kimi təqdim edib. Kütləvi informasiya vasitələrində Yan Palaxın özünü yandırma səbəbi açıqlanıb, onun çantasındakı məktubların bir qismi olduğu kimi çap olunub. Qəzet səhifələrində Yan Palaxın “Mən kommunist rejiminə, sovet rejiminə etirazımı belə bildirirəm” cümləsi xüsusi şriftlərlə əks edilib.
Bütün bu səsli-küylü hadisənin fonunda SSRİ sükut nümayiş etdirib. Sovet mətbuatında hadisə ilə bağlı bir cümlə olsun belə məlumat getməyib. Yalnız Mərkəzi Komitənin katibi Mixail Suslov müşavirələrin birində məsələyə toxunaraq bir cümlə ilə münasibət bildirib: “Kommunist Partiyasının ideyalarını qəbul etməyənlər Çexoslovakiyada gənc bir tələbəni ölümə sürükləyiblər...”
Qeyd edək ki, Yan Palaxdan sonra 4 ay ərzində daha 36 nəfər etiraz əlaməti olaraq intihar yolu seçiblər və onlardan 7-ni xilas etmək mümkün olmayıb.
Rejimin qoyduğu məhdudiyyətlərə baxmayaraq Yan Palaxın dəfni günü Praqa küçələrinə on minlərlə insan axışıb, etirazçı gənc son mənzilə izdihamla yola salınıb.
Çexoslovakiyada yerli hakimiyyət Yan Palaxın özünü yandırmasını əhaliyə yanlış bir şəkildə təqdim etməyə çalışıb. Onlar əslində Yan Palaxın özünün yandırmaq fikrində olmadığını, şüşə qabda süni alov yaradan, tamaşalarda, film çəkilişlərində istifadə olun maye olduğunu bildiriblər. Onu da qeyd ediblər ki, hansısa qüvvələr Yan Palaxda olan şüşə qabdakı mayeni ondan xəbərsiz benzinlə dəyişib, məqsədləri bu yolla ictimai sabitliyi pozmaq olub.
Bu məsələ ilə bağlı Yan Palaxın valideynləri məhkəməyə müraciət edib. Məhkəmə onların ittihamını qəbul etməyərək Yan Palaxı ölkənin siyasi stabilliyini pozmaqda günahlandırıb.
Hadisədən 20 il sonra, 1989-cu ildə kommunist rejimi devriləndə 1969-cu ilin yanvar hadisəsi Praqada böyük izdihamla qeyd olunub. Hadisə yerinin yaxınlığındakı muzeyin qarşısında Yan Palaxın şərəfinə memorial kompleks salınıb, Praqanın mərkəzi meydanlarının birinə onun adı verilib, haqqında film çəkilib, kitab yazılıb. Və bütün bunların hamısında Yan Palaxın adının qarşısında bu sözlər yazılıb – “Azadlıq məşəli”.(musavat)
İlham Cəmiloğlu