TÜRKLƏRİN RUSİYAYA, ƏRƏB DÜNYASINA VƏ “SİYASİ İSLAM”A İNAMI AZALIR –Rəy sorğusunun nəticələri daha nələri aşkarlayıb?
Ayla Qanioğlu
“Əl-Monitor”, 30.06.2020
ABŞ-a inam artdıqca, Türkiyə ictimaiyyətinin Rusiyaya inamı azalır. Bu ay dərc edilmiş ictimai rəy sorğusu Ankara ilə Moskvanın regional siyasətləri arasındakı qarşıdurmanın təsirini ortaya qoyur.
Yenixeber.org: Aprel ayında İstanbulun Kadır Has Universitetinin keçirdiyi “Türkiyə Xarici Siyasətini İctimai Qavrama” sorğusu Rusiyanı dəstəkləyənlərin keçən ililə müqayisədə 14 faiz azaldığını, Rusiyanı təhdid olaraq görənlərin sayının 2019-cu ildəki 44,2%-dən 55%-ə yüksəldiyini aşkarlayıb. Buna paralel olaraq sorğu ABŞ-a ümumi etimadın artdığını göstərir. ABŞ-ı təhlükə olaraq görənlərin sayı 2019-cu ildəki 81.3%-dən (11 faiz azalaraq) 70%-ə enib.
Bu, ABŞ-ın Suriya Kürd Demokratik Birliyi Partiyasına (PYD) verdiyi dəstək və Vaşinqton administrasiyasının Yaxın Şərqdə kürdpərəst siyasəti iki NATO müttəfiqi arasındakı əlaqələrdə ən vacib problem olaraq görənlərə respondentlərin verdiyi ən yaxşı iki cavabdır. Vaşinqtonun PYD-yə dəstəyi 34% inamsızlığın əsas səbəbidir, respondentlərin 27,2%-i ABŞ-ın “Yaxın Şərqdəki kürd siyasətinə” eyham vurub.
Türkiyə PYD və onun hərbi qolu olan “Kürd Xalqının Müdafiə Bölmələri”ni terrorçu təşkilat olaraq görür və ABŞ-ın da bu təyindən istifadə etməsini istəyir. Amma hazırda kürd qrupları ABŞ-ın Suriyadakı ən etibarlı müttəfiqi olaraq qalır.
Sorğunun koordinatoru və beynəlxalq münasibətlər üzrə professor Mustafa Aydının rəyinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasındakı inamsızlığın azalması təyinedici amildir. Bununla yanaşı, ikitərəfli münasibətlərdə mövcud müsbət proqnoz kosmetik sayıla bilər. “Türkiyə ilə ABŞ arasında əhəmiyyətli problemlər var, amma Tramp bu problemlər yoxmuş kimi hərəkət edir. Nəticələrə baxmayaraq, davamlı müsbət bir dəyişiklik gözləmək çətindir”.
Rusiya ilə münasibətlərə gəlincə, Aydın Ankara və Moskva arasındakı əlaqələri belə səciyyələndirir: “Uğursuz və enişli olmasına baxmayaraq, əlaqələrin həm əməkdaşlığa, həm də rəqabətə əsaslanaraq davam edəcəyi görünür”. Mustafa Aydın Suriya və Liviya vətəndaş müharibələrində rəqib tərəflərə edilən dəstəyinsorğunun nəticələrinə töhfə verdiyini söyləyib.
Nəticələr son üç ayda baş verən hadisələri əks etdirir və analitik Ərdoğanın ABŞ-la bağlı son müsbət mesajlarının da təsirli olduğunu göstərib. Bu ayın əvvəlində Ərdoğan Türkiyə və ABŞ-ın münasibətlərində “yeni bir dövr”ə qədəm qoyulduğunu bildirib.
Ankaranın Yaxın Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyin Bağcı Liviyada Moskva ilə maraqların toqquşmasının türklərin Rusiyaya inamının azalmasında rol oynadığını söyləyib. Bagci Moskvanın Xəlifə Həftərin Liviya Milli Ordusunu dəstəkləyən Rusiyanın “Vaqner” qrupu muzdlularını geri çəkməkdən imtina etməsinin Moskvaya olan münasibətə təsir etdiyini düşünür. “ABŞ-la münasibətlər hər zaman enişli-yoxuşlu olub. Türkiyə ABŞ-ın strateji tərəfdaşı olaraq qalır və ABŞ-ın orbitindən uzaqlaşmaq istəmir”.
Sorğunun daha bir təəccüblü nəticəsi xalqın NATO-ya dəstəyinin 5 bal azalması olub. Hələlik Bağcı dəyişiklikləri çox mənalı hesab etmir, çünki respondentlərin əksəriyyəti Türkiyə hökumətinin NATO-dan ayrılmayacağını deyib. “NATO-nu tərk etmək təhlükəsizlik baxımından üçüncü dünya ölkəsinə çevrilmək deməkdir. Heç bir hökumət buna risk etməz”.
“Tədqiqat xarici siyasət mövzusunda biliklərin tarazlanmadığını, xarici biliklərin Türkiyə mətbuatının “azad olmayan” hesabatlardan və Ərdoğanın söylədiklərindən asılı olduğunu aşkarlayıb”, – bunu CHP-nin sədr müavini Unal Çeviköz bildirib. “Prezident həmişə ekranda olur. Beləliklə, bu iki amil xarici siyasətə dair ictimai rəyin formalaşmasında müəyyənedici olub”.
O əlavə edib ki, respondentlərin 69%-i Ərdoğanı xarici siyasətdə ilk söz sahibi sayır.
Bu yaxınlarda Ərdoğanın PYD-yə görə Vaşinqtonu tənqid etməsi sona çatıb. Keçmiş diplomatın fikrincə, bu, əlbəttə, həm Rusiyaya olan inamın azalmasında, həm də ABŞ-a inamsızlıqda rol oynayır.
Bilkent Universitetinin beynəlxalq əlaqələr üzrə dosenti Özgur Özmadar hesab edir ki, rəy sorğusu ictimaiyyətin xarici siyasətdəki hadisələri dərk etməsini göstərir. Özdamarın fikrincə, Ankara ilə Vaşinqton arasındakı qarşıdurmalar azalarsa, xalq arasında dərin kök salmış anti-amerikanizm tükənər. “Türk ictimaiyyəti heç vaxt ifrat xarici siyasət seçimləri, Qərb və ya Şərqi tam dəstəkləyən xarici siyasət tərəfdarı olmayıb, orta yolu seçib. Demokratiya və yaxşı işləyən bazar iqtisadiyyatına inam Qərb institutlarının artan təsdiqini izah edə bilər”.
Anket, eyni zamanda, türklərin türk kimliyini anlayışında da dəyişiklik edib. Türkiyəni, ilk növbədə, İslam ölkəsi olaraq görənlərin sayı iki il içində təxminən 34% azalaraq 2018-ci ildəki 56,3%-dən 2020-ci ildə 22.4%-ə enib.
Mustafa Aydının fikrincə, bu, hakim Ədalət və İnkişaf Partiyasına dəstəyin itirilməsi və İslam dünyagörüşünə etinasızlıqla izah edilə bilər. “Ümumi nəticələr Türkiyənin oxunun Şərqdən Qərbə doğru əhəmiyyətli bir dəyişikliyinə işarə edir. Daimi bir dəyişiklik olub-olmadığını bilmirik, amma bu tendensiyanın dayanacağını]gözləmirəm”.
Bagci bildirib: “Ərəb dünyasına münasibətdə məyusluq var. Türkiyə Avropa ölkəsidir. Bir az da təəccüblənirəm. İslam adı ilə baş verənlər xalqın qəzəbli təpkisini doğurur”.
Çeviközün fikrincə, nəticələrin ictimaiyyətin İslam dünyası ilə müqayisədə daha çox Qərblə meyllənməyə başladığını göstərir.
Tərcümə: Strateq.az