“Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir”.
Yenixeber.org: Bunu prezident İlham Əliyev üç ay yarım əvvəl, yanvarın 15-də, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən söyləmişdi. Prezident həm də xüsusi olaraq bu sahəyə diqqəti artırmağı, ölkədə internetə əlçatanlıq səviyyəsini artırmağı tapşırmışdı. Dövlət başçısı ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimini xatırladaraq Bakı ilə Aktaunu birləşdirəcək fiberoptik kanalın əhəmiyyətini xüsusi vurğulamışdı. Bu kanal gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürməyə imkan verəcək. Başqa sözlə, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı qovuşduracaq xətt olacaq.
Əslində real vəziyyət necədir: ölkəmiz internet və fiberoptik rabitə xətlərinin çəkilməsi baxımından heç olmasa, yerli tələbatı ödəməyə qadirdirmi? Ölkə başçısının bu sahənin inkişafı ilə bağlı verdiyi tapşırq və tövsiyələr aidiyyəti qurumlar tərəfindən vaxtında və lazımi səviyyədə icra olunubmu?
Təəssüf… Vəziyyət rəsmən elan olunduğundan çox-çox fərqlidir…
Azərbaycan cəmiyyətində də ciddi narahatlıqlarla müşahidə olunan koronavirus pandemiyasından sonra bu sahədəki gerçək vəziyyət çılpaqlığı ilə ortadadır. Dünyanın nəhəng şirkətlərinin ofis həyatına “əlvida” dediyi, bütün sahələrdə onlayn idarəetmənin üstünlük qazandığı bir vaxtda Azərbaycanda rəqəmsal hökumət quruculuğu sahəsindəki qüsurlar daha qabarıq şəkildə üzə çıxdı. Söhbət təkcə internetin sürətinin həddən artıq aşağı olmasından yox, həm də əksər şəhər və rayonlarda internet şəbəkələrinin qurulmamasından gedir. Axı, pandemiya şəraitində hər şey – rəsmi yazışmalar, sənədləşmə işləri, vətəndaş müraciətləri internet üzərindən aparılır. Amma son iki ayın təcrübəsi göstərir ki, Azərbaycanda internetə alçatanlıq səviyyəsi son dərəcə aşağı olduğundan ölkə əhalisinin mütləq əksəriyyəti elektron xidmətlərdən, onlayn idarəçilik sistemindən yararlana bilmir. Bunun ən bariz nümuməsi özünü pandemiya dövründə 190 manatlıq birdəfəlik ödənişləri almaq istəyən işsiz vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.gov.az portalı vasitəsilə qeydiyyatı zamanı göstərdi. Həm də məlum oldu ki, “internet əsri” adlandırdığımız XXI əsrdə Azərbaycanının kənd və qəsəbələrində əhalinin internet xidmətlərinə çıxışı ümumiyyətlə, yoxdur. Rayon mərkəzlərində isə bu imkan ən yaxşı halda 30 faiz ətrafındadır.
Hamı internet istəyir, ATS-lərdə “ADSL yeri yoxdur” deyirlər
Bu problem Bakı şəhəri istisna olmaqla, bütün rayonları, o cümlədən ölkənin ikinci və üçüncü böyük şəhərləri sayılan Gəncə və Sumqayıt üçün də xarakterikdir. Hətta Bakıətrafı ərazilərdə, məsələn, Qobu, Saray və Ramana qəsəbələrində də internet problemi mövcuddur. Fiberoptik rabitə şəbəkəsi Bakının mərkəzi hissələrində də lazımi səviyyədə deyil. Yaxud, Gəncə şəhərinə bitişik Avtozavod və Sevinc qəsəbələri tamamilə internetsizdir.
İnternet böhranı ölkənin çoğrafi mərkəzində yerləşən, ümimi iqtisadi göstəricilərinə görə respublikanın ortabab regionlarından sayılan Mingəçevir və Yevlax şəhərlərində, Bərdə, Beyləqan, Zərdab rayonlarında daha qabarıq görünür. Bunu karantin rejimindən sonra həmin regionlarda öz evinə internet çəkdirmək üçün müraciət edənlərin sayının kəskin şəkildə artması da göstərir. Amma adı çəkilən rayonlarda yerli ATS-lər müraciət edən vətəndaşlara kömək göstərə bilmir.
Məsələn, Bərdə rayonunun ayrı-ayrı yaşayış məntəqələrindən, o cümlədən Zümürxan, İmamqulubəyli və Mustafaağalı kəndlərindən ADSL texnologiyası, yəni adi analoq telefon xətləri vasitəsilə internetə qoşulmaq üçün daxil olan yüzlərlə müraciətə imtina cavabı verilib. İş o yerə çatıb ki, hətta xüsusi imtiyazlı ailələrin müraciətləri nəzərə alınmayıb. Halbuki mövcud qaydalara əsasən təchizatçı qurum şəhid ailələri, müharibə əlilləri kimi imtiyazlı ailələrin telefon və internet xəttinin çəkilişi ilə bağlı müraciətlərini ən qısa müddətdə, yəni növbədənkənar şəkildə icra etməyə borcludur.
Mustafaağalı kənd sakini, şəhid anası Muradova Əsli Həmid qızı hələ 2019-cu ilin yazında yaşadığı mənzilə internet xəttinin çəkilməsi üçün Bərdə Telekommunikasiya Qovşağına ərizə ilə müraciət edib. Bir neçə ay ərzində idarədən heç bir cavab almayan şəhid anası adıçəkilən idarənin Bərdədəki ofisinə gedərək birbaşa rəisin qəbuluna düşüb. Bərdə Telekommunikasiya Qovşağının rəisi Rəfael Qədimov ADSL yeri olmadığını əsas gətirərək şəhid anasının mənzilinə internet xətti çəkməkdən imtina edib. Koronavirus pandemiyasından sonra isə Əsli Muradova yenidən Bərdə Telekommunikasiya Qovşağına ərizə yollayıb. 16 mart 2020-ci ildə yazılmış ərizəyə verilən cavab məktubunda bildirilib ki, yerli ATS-də ADSL yeri olmadığından şikayətçinin yaşadığı ünvana internet xətti çəkmək mümkün deyil: “Hazırda Bərdə Telekomunikasiya Qovşağının kənd yerlərindəki evlərə internet çəkmək imkanı yoxdur. Nə vaxtsa imkan yaranacağı təqdirdə, siz yerli ATS-in xidmətlərindən yararlana bilərsiniz.”
Əsli Muradova bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Ancaq nazirlikdən ona verilən cavab Bərdə Telekommunikasiya Qovşağının rəisinin dediklərindən fərqlənməyib: “Bərdə rayonunda mövcud olan ADSL yerlərin hamısı tutulduğundan hazırda sizin yaşadığınızı ünvana internet xəttinin verilməsi mümkün deyil. Növbəti mərhələlərdə müraciətiniz nəzərə alınacaq.”
Baş mühəndis: “Anbarımız boşdur”
Eyni problem Bərdə rayonunun İmamqulubəyli kəndində də yaşanır. Kənd sakinləri qrup şəklində bir neçə dəfə yazılı və şifahi müraciət etsələr də, Bərdə Telekommunikasiya Qovşağında onlara kömək edə bilməyəcəklərini söyləyiblər. Əsli Muradovadan fərqli olaraq, İmamqulubəyli kənd sakinlərini problemin yaxın vaxtlarda həll edilə biləcəyinə inandıra biliblər. Bildirilib ki, həmin kənddən daxil olan kollektiv müraciətlər çoxluq təşkil etdiyindən, onların tələbləri rəsmi məktub vasitəsilə yuxarı instansiyalara göndərilib. Üstəlik, İmamqulubəyli kəndində yüksək sürətli internet şəbəkəsinin qurulması üçün Tədbirlər Planı da nazirliyə təqdim olunub. Ancaq kənd sakinlərinin internetə çıxış imkanlarına nə vaxt sahib olacağı nazirliyin verəcəyi qərardan asılıdır.
Bərdə Telekommunikasiya Qovşağının baş mühəndisi Yunis Məmmədov rayonda internet şəbəkəsinin mövcud tələbata uyğun olmaması, son aylar narazılıqların artması barədə deyilənləri təsdiqləyib. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra rayonda internet xidmətlərinə tələbat kəskin şəkildə artıb. Ancaq rayonda genişzolaqlı internet şəbəkəsi lazımi səviyyədə qurulmadığından əhalidən daxil olan müraciətlərin demək olar ki, hamısı cavabsız qalır:
“Çünki bizim texniki imkanlarımız yoxdur, nazirlik bizə mal-material vermədiyindən evinə internet və telefon xətti çəkdirmək istəyən vətəndaşların müraciətlərinə müsbət cavab verə bilmirik. Məsələn, 500-dən artıq ev təsərrüfatı olan Zümürxan kəndində cəmi 20 ailəyə telefon və internet xətti çəkmişik. Həmin kəndə bitişik İmamqulubəyli kəndində isə 8-10 ailəyə xidmət göstəririk. Baxmayaraq ki, bizim ATS-lərdən biri elə Zümürxan kəndində yerləşir. Amma mal-material çatışmır, anbarımız tamamilə boşdur. Nazirlik nə vaxt bizə material göndərsə, onda əhalinin müraciətlərini nəzərə alıb, onların evinə telefon da çəkəcəyik, internet də”.
Baş mühəndis deyib ki, məsələdən Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyində məsələdən xəbərdardırlar:
“Rayonumuzda doğrudan da internetə tələbat çoxdur. Bərdə rayonunda analoq telefon xətləri vasitəsilə internet şəbəkəsinin qurulması ilə bağlı çoxlu müraciətlərin olduğu barədə nazirliyə rəsmi müraciət etmişik. Hətta İmamqulubəyli və Çəmənli kəndlərində bu problemin həll edilməsi üçün Tədbirlər Planını ötən il nazirliyə təqdim etmişik. Amma hələ ki nazirlik bizə material vermir. Nə vaxt nə vaxt göndərsələr, biz də müraciət edən vətəndaşların evlərinə telefon xətti çəkəcəyik”.
Sakinlər Zahid Orucla Fatma Yıldırımdan kömək istəyib
Adı çəkilən kəndlərin əhalisi internet təminatı ilə bağlı problemin həlli üçün Bərdə rayonundan seçilmiş deputatlar Zahid Oruc və Fatma Yıldırımdan da kömək istəyiblər. Ancaq deputatların heç biri bu işdə onlara hər hansı kömək edə bilməyib.
“Bərdə Telekomunikasiya İdarəsinin müdiri Rəfael Qədimov istefa verməlidir. O, vəzifəni daşımağı haqq eləmir. Evinə internet çəkdirmək istəyən bir şəhid anasının müraciətini təmin etməyən idarədən cavab veriblər ki, ADSL yeri yoxdur. Bir yer tapa bilməyən idarə müdiri üçün bu, biabırçılıqdır. Onun imtiyazlı bir ana üçün görə biləcəyi iş budursa, bu vəzifə onluq deyil” – deyə, Bərdə rayon sakini Murad Musalı bildirib.
İnformasiya texnologiyaları üzrə ekspert Namiq Məmmədov da Azərbaycanda sabit genişzolaqlı şəbəkələrlə bağlı ciddi problemlərin olduğunu təsdiqləyir. O, “Pressklub”a açıqlamasında şəhər və rayonların sürətli internet şəbəkəsi ilə təminatında cavabdehlik daşıyan qurumların öz işinin öhdəsindən gələ bilmədiyini söylədi:
“Bərdə rayon sakinlərinin internetlə bağlı narazılığını haqlıdır. Əminəm ki, belə problemlər ölkənin əksər rayonlarında var və bunlar indiki məqamda daha qabarıq görünür. Çünki martın 24-dən tətbiq olunan karantin rejimindən sonra məlum oldu ki, Azərbaycanda internet resurslarına əlçatanlığın səviyyəsi həddindən artıq aşağıdır. Hətta o səviyyədə ki, bu sahə ilə yaxından-uzaqdan məşğul olan mütəxəssislər vəziyyətin belə olduğunu proqnozlaşdıra bilməmişdi. Amma pandemiya dövründə ortaya çıxan problemlər göstərdi ki, Azərbaycanda internetə əlçatanlıq doğrudan da bərbad haldadır. Xüsusilə kənd rayonlarında vətəndaşların minimum tələbatını qarşılaya biləcək geniş zolaqlı internet resursları yoxdur. Halbuki karantin rejimi ilə əlaqədar dövlət-vətəndaş münasibətləri, əhaliyə göstərilən xidmətlər bütünlüklə internet üzərindən aparılır. Bu yaxınlarda prezident xüsusi olaraq sərəncam verib ki, bütün məmurlar vətəndaşlarla birbaşa təmasları dayandırıb, onlayn qəbul təşkil etməlidirlər. Lakin kənd əhalisinin 90 faizinin internetə çıxış imkanları yoxdursa, onlar onlayn qəbullarda necə iştirak edəcək? Bu problem var və çox ciddidir. Ona görə də bu məsələlərin həlli üçün təcili tədbirlər görülməlidir”.
İnternet pandemiya dövrünün ən ciddi sosial sifarişidir
Ekspert bildirdi ki, bu məsələdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə daha çox məsuliyyət düşür. Ancaq məsələ o dərəcədə aktual və vacibdir ki, indiki zamanda dövlət və özəl sektor daha sıx əməkdaşlıq etməklə qısa müddətdə problemi həll etməlidir.
Yeri gəlmişkən, elə nazir Ramin Quluzadə yanvarın 15-dəki qəbul zamanı prezidentə məruzəsində Azərbaycanda internet istifadəçilərinin sayının 80 faizə çatdığını söyləmişdi. Amma təkcə Bərdə rayonunun timsalında görünən vəziyyət rəsmi statistikaya nəinki şübhə yaradır, həm də rəqəmsal idarəetmə quruculuğunda görülən işlərin effektiv olmadığı, əhalinin internet xidmətlərinə əlçatanlığına dair real statistikanın şişirdildiyi qənaətini bir az da gücləndirir.
Namiq Məmmədov hesab edir ki, aidiyyəti qurumlar reallığı əks etdirməyən rəsmi təbliğatı kənara ataraq ölkədə internetə əlçatanlıq səviyyəsini təcili şəkildə yüksəltməlidir. Onun fikrincə, pandemiya dövrünün nəticələri bunu həm də sosial sifariş kimi ortaya çıxarıb:
“İndiki dövrdə telekommunikasiya imkanları çox mühüm sosial təsirə malikdir. İnternetə əlçatanlıq yoxsulluq, səhiyyə, təhsil və digər sahələrdəki problemləri həll etməyin alternativ variantlarıdır. Biz bunu son iki ayda ölkənin sosial həyatında baş verən dəyişikliklərdə gördük və hələ də görməkdəyik. Ona görə də ölkədə İKT-nin nailiyyətlərindən innovativ həllər kimi istifadə edilməsinə xüsusi diqqət göstərilməlidir”.
Namiq Məmmədov qeyd etdi ki, hazırda Azərbaycanda bir istifadəçinin beynəlxalq şəbəkəyə orta qoşulma sürəti 3,6 Mbit/saniyə təşkil edir. Bu isə dünya üzrə orta göstəricidən (5,6 Mbit/saniyə) aşağıdır. Onun sözlərinə görə, Azərbaycanda LTE standartlı əhatə şəbəkəsi, əsasən, Bakışəhəri və Abşeron rayonunda qurulub. Həmçinin LTE şəbəkələri üçün cəmi 1800 MHs tezlik spektri ayrılıb ki, bu da kənd yerlərində əhatəni məhdudlaşdırır:
“Hazırda genişzolaqlı internet heç Bakının mərkəzində də lazımı səviyyədə deyil. LTE şəbəkəsi yalnız Bakının mərkəzi məhəllələrində qoyulub. Mövcud şəbəkə əsasən ADSL internetdir, onun da keyfiyyəti çox aşağıdır. Ona görə də nəinki bölgələrdə, hətta Bakı şəhərinə bitişik Qobu, Binə və Ramanı qəsəbələrində yaşayan əhali internetdən şikayətçidir. Çünki Azərbaycanda internet xidmətləri bütünlüklə “Aztelekom”un inhisarındadır və inhisarçı qurum bu sahənin inkişafına çox ciddi manelər yaradır”.
Kağız üzərində qalan Tədbirlər Planı…
O ki, qaldı Azərbaycanda sabit genişzolaqlı şəbəkədən istifadə səviyyəsinə, rəsmi statistikaya görə bu, ölkə üzrə 55 faizdir. Ancaq bu göstərici əsasən Bakı ətrafında qurulmuş telekommunikasiya infrastrukturu ilə bağlıdır və əslində regionlarda sabit genişzolaqlı şəbəkədən istifadə aşağı səviyyədədir. Belə ki, Bakıda ev təsərrüfatlarının 74 faizi, regionlarda isə cəmi 34 faizi sabit genişzolaqlı şəbəkəyə malikdir.
Nüfuzlu “Cable” şirkətinin bu yaxınlarda açıqladığı hesabatda internet təchizatında Azərbaycanın xeyli geridə qaldığı göstərilir. Həmin hesabata əsasən internetin sürətinə görə Azərbaycan dünya ölkələri arasında 141-ci yerdə qərarlaşıb.
Nazirlikdən bildirirlər ki, regionlarda, xüsusilə də kənd yerlərində genişzolaqlı infrastrukturun əhatə dairəsinin artırılması üzrə plan hazırlanıb. Belə ki, Strateji Yol Xəritəsində ölkə üzrə sabit genişzolaqlı xidmətlərin əhatə dairəsinin 70 faizə çatdırılması nəzərdə tutulub. Ancaq bu tədbirlərin nə vaxt reallaşacağı barədə konkret söz deyilmir.
Xatırladaq ki, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icra müddəti bu ilin sonunda başa çatacaq. Yol Xəritəsində 2020-ci ilədək planlaşdırılan məqsədlərə çatmaq üçün 3 strateji hədəf və10 prioritet müəyyən edilmişdi. 2017-ci ildə icrasına başlanmış hədəflərə nail olmaq üçün ilkin olaraq 585 milyon manat investisiya hesablanmışdı…(pressklub)
Elxan Salahov