Avropadan Bakıya müharibə üçün “yaşıl işıq” –müqəddəratı təyinetmə tələbi arxivə verilir
“Beynəlxalq qurumlarda Ermənistan və Dağlıq Qarabağ separatçıları üçün çox təhlükəli bir bəndin yer aldığı, Ermənistan hakimiyyətinin iflasına dəlalət edən qanun layihəsi hazırlanıb”.
Yenixeber.org: Erməni mediasının verdiyi xəbərə görə, bu barədə Ermənistanın xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Ermənistan prezidentinin Qarabağ danışıqlarında sabiq xüsusi nümayəndəsi, politoloq David Şahnazaryan 168.jam-a bildirib.
Sözünə davam edən Şahnazaryan deyib: “Dünən Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsi Avropa Parlamentinin Avropa Şurasına, Avropa Komissiyasına və Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələri üzrə xüsusi nümayəndəsinə tövsiyələri ehtiva edən sənədə səs verib. Sonuncu dəfə belə bir sənəd 15 noyabr 2017-ci ildə qəbul edilib. Bundan bir neçə gün sonra, yəni noyabrın 24-də Ermənistanla AB arasında tarixi sənəd - Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalanmışdı. Mən qəbul olunan son layihədə yer alan bir neçə məqamdan danışmaq istərdim. 2017-ci il qətnaməsini ilə hələlik yalnız Xarici İşlər Komitəsində təsdiqlənmiş və 17-18 iyun plenar iclasda səsə qoyulması gözlənilən yeni layihəni müqayisə etsək, fərqin çox böyük olduğunu görərik. 2017-ci ildəki sənəddə Ermənistanın rolu və əhəmiyyəti, sazişin imzalanmasının əhəmiyyəti vurğulanır, Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olaraq AB ilə saziş imzaladığı və digər tərifli sözlər yer alır”.
Lakin erməni siyasətçinin sözlərinə görə, yeni layihənin əvvəlki ilə heç bir pozitiv oxşarlığı yoxdur, xüsusən də Qarabağ məsələsi və Ermənistanın maraqları baxımından: “Məsələ ondadır ki, AB-nin Ermənistana olan marağı sıfra enib, əgər mənfi işarəli olub deməsək. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2017-ci il qətnaməsində nizamlanmanın 2009-cu ildə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında təsdiqlənmiş üç əsas prinsipə əsaslanmalı olduğu açıq şəkildə bildirilib: ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi, güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələmək. 24 noyabr 2017-ci ildə imzalanan Ermənistan-AB sazişinin preambulasında da yuxarıdakı prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas kimi götürülür. Qəbul edilən yeni layihədə isə bu prinsiplər qeyd olunmur, yalnız “2009-cu ilin əsas prinsipləri” adlandırılır, yəni Avropa Parlamenti Komitəsi bu təməl prinsiplərin təsbitindən yayınır. Bu, bizim üçün böyük itkidir. Yeni layihədə, sadəcə, Minsk Qrupunun səylərin, 2009-cu ildəki təməl prinsiplərini dəstəkləndiyi bildirilir və ardınca BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı göstərilir. Vəssalam, Dağlıq Qarabağ münaqişəsi haqda yalnız bunlardır. Bir daha Ermənistan üçün təhlükəli bəndin tərcüməsini qeyd edirəm: “Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillikləri ilə bağlı AB öhdəlikləri bir daha təsdiqlənir və bu prinsiplərin tam şəkildə tətbiq edilməsi/məcbur edilməsi/həyata keçirilməsi səyləri dəstəklənir; bununla bağlı üzv dövlətlərin birliyi və həmrəyliyinin vacibliyi vurğulanır” (Reiterate the EU’s commitment to the sovereignty, territorial integrity and political independence of the EaP countries within their internationally recognized borders and support their efforts to fully enforce those principles; underline the importance of the unity and solidarity of the Member States in this regard)”.
Şahnazaryanın əminliyinə görə, Avropa Parlamenti böyük ehtimalla, 17-18 iyun tarixində qəbul edəcəyi layihə ilə Azərbaycanı yeni müharibəyə təhrik edəcək və AB müharibədə Azərbaycanı dəstəkləyəcək. “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin sayı altıdır: Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan. Bunun AB tərəfindən Gürcüstan və Ukrayna üçün əraziləri güc yolu ilə qaytarmaq baxımından təxribat kimin görünə biləcəyini kənara qoyaq. Bu, birbaşa Azərbaycana aiddir, çünki Kiyev və Tiflisin belə planları yoxdur və ola da bilməz. AB Azərbaycanın tərəfdən yeni bir müharibənin məsuliyyətini öz üzərinə götürür”, - deyə erməni siyasətçi qeyd edib.
Fikrinə davam edən Şahnazaryan deyir ki, Brüsseldəki qaynaqları ona “Azərbaycan çox fəaldır və yeni Ermənistan hakimiyyəti daha danışıqlarda “üç prinsip”i müdafiə eləmir” fikrini söyləyib. “Daxili və qapalı müzakirələrdə isə arqument qismində Nikol Paşinyanın mayın 6-da verdiyi məşhur bəyanatdan bir neçə dəfə istifadə edilib: o demişdi ki Azərbaycan konstruktivdir, biz İlham Əliyevlə dürüst danışıqlar aparırıq”. Onu da əlavə edim ki, dünənki (srağagünkü) səsvermə ilə layihənin xaricində daha bir bənd qalıb. Orada 2018-ci il seçkilərində Ermənistanın yeni hökumətinin güclü demokratik mandat aldığı və AB-nin Ermənistandakı məhkəmə islahatlarını və antikorrupsiya proqramlarını dəstəklədiyi vurğulanırdı. Qoy indi Paşinyan ağlını işə salsın ki, nədən AB-nin ona münasibəti dəyişib. Qətnamə layihəsi hələ AB-nin rəsmi saytında yerləşdirilməyib və 2-3 gün ərzində yerləşdiriləcək” – Şahnzaryan narahatlıqla bildirib.
Onun əminliyinə görə, İrəvan ard-arda uğursuzluqlara uğrayır, ona görə ki, Ermənistanın, AB ilə münasibətlər də daxil, təşəbbüskar, aktiv, balanslı xarici siyasəti yoxdur, baş nazir Paşinyan izə öz siyasəti ilə daim Azərbaycana beynəlxalq ictimaiyyət qarşısında öz hərbi hərəkətlərini əsaslandırmaq üçün yeni arqumentlər verir.
“Və sonuncusu: AB Ermənistanla bağladığı analoji sazişi Azərbaycanla da imzalamaq niyyətindədir. Ancaq bu sazişdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üç prinsipin qeyd ediləcəyini yaddan çıxarın. Mən əsla təəccüblıənməyəcəm, əgər orada yalnız ərazi bütövlüyü prinsipi əks olunacaqsa. Çünki haqqında danışılan layihədə bu prinsip bir neçə yerdə vurğulanır”, - deyə o əlavə edib.(musavat)