Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hitlerlə yanaşı Çörçildən də yararlanan diktator –Franko öz zalımlığı ilə ən əzazil tiranlardan biri sayılır

 

 Yenixeber.org: 24 oktyabr 2019-cu ildə İspaniyada tarixi bir hadisə yaşandı. İspaniya diktatoru, 36 il bu ölkəyə rəhbərlik edən Fransisko Frankonun nəşinin qalıqları 44 ildən sonra Madrid yaxınlığındakı “Müharibədə həlak olanlar vadisi” monumental kompleksindən çıxarılaraq, El Pardo Minqorrubio qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olundu. Bu, tarixi bir qərar idi. Çünki ispanlar Fransisko Frankonun müharibədə həlak olanlarla eyni məkanda uyumasını onların ruhuna hörmətsizlik kimi qəbul edirdilər...

Tarix öz səhifələrindən heç nəyi silmir, zaman gec-tez hər kəsin öz qiymətini verir. Fransisko Franko da tarixin və zamanın açıqlayacağı həqiqətlərdən kənarda qala bilməzdi və nə vaxtsa “ədalətli hökmdar”ı dünya olduğu kimi tanımalı idi, qaniçən amansız diktator kimi...

Fransisko Franko 1892-ci ildə İspaniyada, Ferrol şəhərində anadan olub. İspaniyanın əsas hərbi-dəniz bazaları bu şəhərdə yerləşib. Atası hərbi dəniz donanmasında zabit kimi xidmət edib.

 

Franko 14 yaşında hərbi-dəniz məktəbini bitirib, atasının yolunu davam etdirmək üçün hərbi dənizçi olmaq istəyib. Amma həmin dövrdə, xüsusilə də 1898-ci ildə İspaniya-Amerika müharibəsi zamanı İspaniyanın məğlubiyyətindən sonra daha çox quru qoşunlarında hərbçilərə ehtiyac olduğundan o, fikrini dəyişib, təhsilini Toledo şəhərindəki hərbi akademiyada davam etdirib.

Fransisko Franko zabit kimi xidmətinə öz doğma şəhərində başlayıb. İki ildən sonra o, İspaniyanın nəzarəti altında olan Mərakeşə yollanıb. Mərakeşdəki 11 il xidməti ona böyük təcrübə qazandırıb, Franko bu illər ərzində özünü peşəkar və bacarıqlı hərbçi kimi tanıtdırıb. 33 yaşında general rütbəsi daşıyan Franko İspaniyanın ən gənc generalı olub. 1926-cı ildə o, Madriddəki piyada qoşunlarının komandiri, 1928-ci ildə isə hərbi akademiyanın rəisi vəzifəsinə təyin edilib.

 

1931-ci ildə İspaniyada monarxiya devriləndə və hakimiyyət respublikaçıların əlinə keçəndə Fransisko Franko neytral mövqe seçərək özünü proseslərdən kənarda saxlayıb.

Respublikaçıların hakimiyyəti çox da uzun sürməyib. İslahatlar fonunda tətbiq olunan qadağalar, vətəndaşların iradəsinə zidd olan qərarlar onsuz da ictimai-siyasi vəziyyətin gərgin olduğu ölkədə daha böyük narazılıqlara və gərginliyə səbəb olub və hakimiyyət çevrilişi ilə nəticələnib.

1933-cü ildə hakimiyyəti sağ təmayüllü partiyalar ələ keçirib. Bu dövr daha çox hərbi təşkilatların fəallaşması ilə yadda qalıb və elə məhz bu ərəfədə də Fransisko Franko Mərakeşdəki İspaniya ordusunun komandanı təyin edilib.

Yeni hakimiyyət də ölkədə sabitlik yarada bilməyib. Hakimiyyət uğrundakı mübarizə müstəvisində baş verən qarşıdurmalar vətəndaş müharibəsi ilə nəticələnib. Bu qarışıqlıqdan istifadə edən Franko Mərakeşdən Madridə dönüb.

 

1936-cı ildən 1939-cu ilə qədər davam edən və 500 mindən artıq insanın həlak olduğu vətəndaş müharibəsində Franko Almaniya və İtaliyanın, Adolf Hitler və Benito Mussolininin böyük dəstəyi ilə qələbə qazanaraq hakimiyyəti ələ keçirib.
Özünü ömürlük İspaniya hökumətinin ali rəhbəri elan edən Frankonun hakimiyyətə gəldikdən sonra yaratdığı diktator rejimi yüz minlərlə insanın həyatına son qoyub. Təkcə hakimiyyətinin birinci ilində onun siyasi fəaliyyətinə qarşı çıxan 50 minə yaxın insan güllələnib.

Franko repressiyasının qurbanlarının sayı 150 mini keçib, 100 minlərlə insan zindanlarda ən ağır şəraitdə saxlanılıblar. Aclıqdan, xəstəlikdən ölənlərin, ölkəni məcburən tərk edənlərin sayı da yüz minlərlə olub.

Franko hakimiyyətinin ən qanlı səhifələrindən biri onun respublikaçılara qarşı amansız və ağılasığmaz sərt münasibəti olub. Diktator onlara qarşı xüsusi qəddarlıqla işgəncələr tətbiq edib. Respublikaçılardan qul kimi istifadə olunub, onları əmlakları müsadirə edilib, qadınları zorlanıb, uşaqları əllərindən alınıb.

 

İkinci dünya müharibəsi zamanı Franko neytral qalmağa cəhd göstərib və buna qismən nail olub. 1940-cı ildə onun Hitlerlə 9 saatlıq gürüşü keçirilib. Hitler Frankoya müharibədə iştirak etməyini xahiş edib. Franko bu təklifin qarşısında fürerə belə cavab verib: “İspaniya kasıb ölkədir. Bizim müharibədə iştirak etməyimiz üçün siz bizə təyyarə, tank, silah-sursat və taxıl verin. Biz öz ordumuzu sizin cəbhələrinizə atsaq, özümüz müdafiəsiz qalacağıq...”

Bu fikirlərdən sonra Almaniyanın xarici işlər naziri İoaxim Ribbentrop onu “nankor qorxaq” adlandırıb. Sözsüz ki, Franko Hitleri narazı salmaq istəməyib, ən azı İspaniyadakı vətəndaş müharibəsi zamanı Hitlerin ona təmənnasız 212 milyon dollar pul verdiyinə görə. Franko Hitlerin xahişindən sonra şərq cəbhəsinə 50 min nəfər şəxsi heyəti olan divizya göndərib.
Amma bununla yanaşı, Franko ikibaşlı oyun oyanayıb. 1940-cı ildə İspaniyanın müharibədə neytral mövqedə qalmasından ötrü Çörçill Kanadadan İspaniyaya taxıl daşınması üçün Frankoya 34 gəmi verib və bütövlükdə 200 milyon dollar həcmində vəsait xərcləyib.

Bununla da hər iki variantda Franko öz xeyrini təmin edə bilib.

 

Xarici ölkələrlə münasibətdə hiyləgər siyasi manevrləri, ölkə daxilində isə despot rejimi ilə mövqelərini 36 il qorumağı bacaran Fransisko Franko ömrünün son illərini ağır xəstəliklərlə keçirib, iki dəfə infarkt olan diktator 1975-ci ildə ölüb.
Frankonun həyatı ilə bağlı maraqlı məqamlardan biri də, diktatorun qatı futbol azarkeşi olmasıdır. O, “Real Madrid” klubuna azarkeşlik edib. 13 iyun 1943-cü ildə “Real” “Barselona”nı 11-1 hesabı ilə məğlub edəndə o, bu qələbəni həyatının ən sevincli günlərindən biri kimi qiymətləndirib. Bəzi versiyalara görə, oyundan əvvəl “Barselona” futbolçularına qələbə qazandıqları təqdirdə güllələnəcəkləri xəbərdarlığı edilib. Diktatorun ovqatının xoş olması üçün “Barselona” məcburi məğlubiyyəti qəbul edib.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam