Qəzzafini misilsiz qəddarlığı –diktatorun əmri ilə Əbu Səlim türməsində bir gündə 1265 məhbus güllələnib
Yenixeber.org: Əbu-Səlim türməsi… Liviyanın paytaxtı Tripolidə yerləşən bu həbsxananı “cəhənnəm qəsri” adlandırıblar. Müəmmər Qəzzafi rejiminin qəddarlığı Əbu-Səlim türməsində daha sərt, daha amansız əks olunub. Cəzasının müddətindən, ağırlıq dərəcəsindən asılı olmayaraq “cəhənnəm qəsri”ndən sağ çıxmaq, geri dönmək möcüzə sayılıb...
Bu həbsxana Qəzzafinin şəxsi nəzarəti altında olub və o, şəxsən özü dəfələrlə bu cəza evini “ziyarət” edib. Əbu-Səlim türməsində əsasən mövcud rejimə qarşı çıxanlar, əmrə tabe olmayan hərbçilər cəza çəkiblər. Həbsxana rəhbərliyinə isə Qəzzafinin ən yaxın adamları təyin olunub.
Saxlanma şəraitinə görə Əbu-Səlim türməsini yəqin ki, dünyanın hər hansı bir cəzaçəkmə müəssisəsi ilə müqayisə etmək olmaz. Ümumiyyətlə, bu türmədə “məhbusların hüquqları” adlı bir termin mövcud olmayıb. Qidalanmanın, sanitar-gigiyenik vəziyyətin, tibbi xidmətin sıfır səviyyəsində olduğu həbsxanada məhbusların qanuni hüququ olan doğmaları ilə görüşə də qadağa qoyulub. Hətta həbsxanada ölənlərin meyidi ailələrinə verilməyib.
400 nəfərin saxlanılması üçün nəzərdə tutulan həbsxanada 1500-2000 nəfər saxlnılıb/ Məhbuslar çarpayılardan növbə ilə istifadə ediblər və sözsüz ki, bu məsələdə də güclü-gücsüz faktoru əsas rol oynayıb. Güclülər rahatlıqlarını təmin edə biliblər, gücsüzlər isə beton döşəmələrdə yatmağa məcbur olublar.
Əbu-Səlim türməsi paytaxtda yerləşsə də, bu qapalı məkan bütövlükdə təcrid vəziyyətində saxlanılıb. Həbsxana əməkdaşlarından başqa hansı qurumda çalışmasından asılı olmayaraq, bir kimsənin bu türməyə ayaq basması mümkünsüz olub.
Daxili rejim qaydalarının zaman-zaman daha da sərtləşdirilməsi türmə daxilində gərginliyi artırdıqca, məhbuslar bir neçə dəfə kütləvi şəkildə etiraz etməyə cəhd göstəriblər. Bütün bu cəhdlərin qarşısı isə danışıqsız, güzəştsiz silahlarla susdurulub.
Amma 1996-cı ildə məhbusların etirazı vəziyyəti başqa məcraya yönəldib.
Belə ki, həmin ilin iyunun 28-də həbsxananın 4-cü blokunda səhər saatlarında yoxlanış zamanı məhbuslar türmə nəzarətçisini ələ keçiriblər. Kameraların açarlarını nəzarətçidən götürən məhbuslar digər kameraların qapısını acaraq dustaqları dəhlizlərə buraxıblar. Həmin ərəfədə türmədə 1700 nəfər məhbus saxlanılıb. Həbsxananın bir neçə əməkdaşı həmkarlarına köməyə gəlmək istəyəndə, onlar da girova çevriliblər.
Türmə rəhbərliyi axşam saatlarına qədər öz daxili gücləri hesabına vəziyyəti sabitləşdirmək istəsələr də, heç bir nəticə əldə edə bilməyiblər. Əbu-Səlim türməsi məhbusların nəzarəti altına keçib.
Səhərisi gün, iyunun 29-da səhər saatlarında hadisə ilə bağlı yaranmış vəziyyət haqqında Müəmmər Qəzzafiyə məruzə edilib. Diktator məsələyə qısa və konkret münasibət bildirib:
“Heç bir güzəştdən söhbət gedə bilməz və heç bir tələb dinlənilməməlidir. Cəza evini istirahət evi kimi qəbul edənlərə fərqi ən ağır cəzalarla başa salmaq lazımdır. Mövcud silahlı qüvvələrdən isrifadə edərək sabitlik təmin edilmədir. Qanuna tabe olmyanlar yerindəcə güllələnməlidir...”
Qanunların işləmədiyi bir ölkədə Qəzzafi yəqin ki, öz qanunlarını nəzərdə tutub.
Beləliklə, iyunun 29-da saat 11 radələrində həbsxana rəhbərliyi məhbuslarla danışıqlara başlayıblar. Danışıqlar heç də məhbusların tələblərinə qulaq asmaq məqsədini daşımayıb. Məqsəd vaxt qazanmaq, silahlı qüvvələrin həbsxanaya gəlməsini gözləmək olub. Gərgin keçən iki saatdan sonra xüsusi təyinatlılar, polis və hərbçilər hadisə yerinə yetişiblər. Türmənin yerləşdiyi inzibati rayona giriş-çıxış qadağan edilib.
4 istiqamət üzrə həbsxanaya hücum başlanıb. Məhbuslardan kiminsə təslim olmasına baxmayaraq silahlar işə düşüb. Hücum nəticəsində 1265 məhbus qətlə yetrilib.
Hadisələrin şahidi, Əbu-Səlim türməsinin “sakin”i olan liviyalı hərbçi Həmid Termil sonralar həmin qanlı günləri belə xtırlayıb: “Mən öz xalqıma, bacı və qardaşlarıma atəş açmadığıma, bu əmri icra etmədiyimə görə həbs olunmuşdum. Eyni vaxtda 6 min nəfər həbs olunmuşduq. Məni Əbu-Səlim türməsində saxlayırdılar. Hər dəqiqə güllələnməyimi gözləyirdim. Əbu-Səlimi türmə adlandırmaq çox yumşaq səslənir. Bu cəza evi sözün əsl mənasında cəhənnəm idi. Hər məhbusa cəsasına görə xüsusi forma geyindirirdilər. Qırmızı rəngdə olanlar güllələnməyə məhkum edilənlər, tünd göy rəngdə geyinənlər ömürlük azadlıqdan məhrum olunanlar, sarı rəngdəkilər isə 10-15 il iş alanlar idi. Məhbusların çoxusu döyülərək öldürülürdü. Nəzarətçilər işgəncə verməkdən yorulmurdular. Həmin o qanlı gündə isə türməyə hücum edənlər sanki güllə səxavətlərini nümayiş edirdilər. Əbu-Səlimdən sağ çıxmağımı bu gün də möcüzə sayıram...”
Əbu-Səlim türməsində baş verənlər tam məxfi saxlanılıb. Əməliyyat bitdikdən sonra türmənin ərazisində iki böyük xəndək qazılıb. Qətlə yetirilənlər gecə ikən həmin xəndəkdə basdırılıb.
Çox-çox sonralar, 2011-ci ildə, Müəmmər Qəzzafinin devrilməsindən sonra həmin xəndəklər qazılıb, yüzlərlə insanın cəsədlərinin qalıqları, çürümüş paltarları aşkar edilib. Məhbusların yaxınları yalnız bu zaman öz doğmalarının talelərindən xəbərdar olublar.
Əbu-Səlim türməsində baş verən bu hadisə beynəlxalq hüquq müstəvisində insanlığa qarşı cinayət faktı kimi qiymətləndirilib. Cinayətkarı isə bu fakt üzrə ittiham “etməyiblər”, çünki Qəzzafi daha böyük cinayətlərdə ittiham olunub.
Diktator özü küçədə linç və təhqir edilərək öldürülüb.(musavat)
İlham Cəmiloğlu