Meyiti yandıracaqdılar, 4 nəfər eyni məzarda, təyyarə qəzası və zəhərlənmə` –Xoyskilərin faciəsi ARAŞDIRMA
"Maddi imkanları olmadığına görə 4 nəfəri bir qəbirdə dəfn etdilər”
"Xahiş edirəm onun meyitini yandırmayın…”
"İlk üçrəngli Azərbaycan bayrağını evimizdən ya oğurladılar, ya da itirdik”.
Yenixeber.org: Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri olan, daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirlər vəzifəsində çalışan Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin varislərinin həyatını araşdırmışıq.
Hüseynqulu xan Xoyskinin İstanbulda yaşayan nəvəsi Leyla xan Xoyski danışır:
-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bütün qurucularını, ulu babalarımızı gördüyüm üçün çox xoşbəxtəm. Onlar 1920-ci ildə bura gəliblər. Məmməd Əmin Rəsulzadəyə mən "əmi” deyərdim. Babalarım 28 mayı çox gözəl qeyd edərdilər. Bütün mühacirlər bir yerə toplaşardı. 28 may mənim üçün də müqəddəs bir gündür. Həmin gün oturub ağlayıram, Azərbaycan üçün dualar edirəm. Azərbaycanda Cümhuriyyət dağıldıqdan sonra qurucular oradan köçmək məcburiyyətində qaldılar. Bir daha geri qayıda bilmədilər. Bu barədə heç nə danışa da bilmirdilər. Cümhuriyyətin qurucularının Azərbaycanda olan qohum-əqrabalarını öldürdülər. Onların həyatının çətinliklərini izah etmək mənə çox ağırdır. Mən və qardaşım isə burada doğulduq. Atam Türkiyəyə gələn zaman 18 yaşında imiş. Həyatımız gözəl olsa da, ürəyimizdə bir həsrət vardı.
İlk 5 üçrəngli Azərbaycan bayrağıdan biri sovetlər zamanında – 70 il bizim evdə gizli qaldı. Amma həmin illər ərzində Azərbaycan bayrağı bizim evdə açıq şəkildə dalğalandı. Ulu babam həmin bayrağın ətrafına qızıl pullar düzmüşdü. O vaxtı uşaq idim, babamgilə gedəndə divarda üçrəngli, kənarları qızılı pullarla bəzənmiş bir parça gördüm. Rəngləri çox gözəl idi. Adamı özünə heyran edirdi. Sonra başqa bir evə köçən zaman onları itirdik, ya da oğurladılar. O bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi. Sonralar Azərbaycan bayrağının yağlı boya ilə tablosunu çəkdik.
(Zahid xan Xoyski, Adilə Şeyxzamanlı, Həsən Həsənov -1992)
Zahid xan Xoyski – Azərbaycanın ictimai və siyasi xadimi. Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xanın oğlu. Nyu-Yorkda (ABŞ) yaşayıb, mühəndis-energetik kimi fəaliyyət göstərib. Həyat yoldaşı Tereza xanım Polşa mənşəli olub. Qızı isə Yeganə xan Xoyskidir.
Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəri HafizTimes.com-a danışır:
-Leyla xala əvvəllər mənə danışardı ki, Amerikada yaşayan əmisi oğlu Zahid xan Xoyskidə Azərbaycan bayrağının orijinalı var. Zahid xan Xoyski Polşadan olan həyat yoldaşı Tereza və qızı Yeganə ilə birlikdə Long Island, Nyu-Yorkda yaşayırdılar. Yaxşı münasibətlərimiz var idi və o, mənə məktub yazırdı (məktublar hələ də məndə var) və anam onunla tez-tez telefonla danışırdı. Leyla xala mənə demişdi ki, Azərbaycan Demokratik Respublikası barədə çox sayda qeydlər Zahid xan Xoyskidədir.
"Zahid xan Xoyskinin meyitini yandıracaqlar”
1997-ci ilin yayında mən işdə idim və Zahid xanın qohumlarından biri Enis mənə zəng etdi: "Zahid xan vəfat etdi və onun cənazəsini dəfn etməyə ailəsinin pulu yoxdur. Zahid xanın meyitini yandırmağı düşünürlər…” Bu məni çox narahat etdi. Belə böyük bir ailənin oğlunu necə yandırarlar axı?! Enisə zəng edib dedim ki, xahiş edirəm bütün xərcləri öz üzərimizə götürəcəyik. Zahid xana layiq bir dəfn mərasimi təşkil edəcəyimi dedim: "Xahiş edirəm onun meyitini yandırmasınlar…..”
Dərhal Nyu-Yorkdakı Fatih məscidinə zəng etdim. Dedim ki, Zahid xan Xoyskinin meyitini götürüb məscidə aparsınlar. Oradakı səlahiyyətli şəxslərdən xahiş etdim ki, yaşayış yerinin yaxınlığındakı Long Island-da uyğun bir qəbirstanlıq tapsınlar və Zahid xanın cənazəsini orada dəfn edək. Azərbaycanın BMT-dəki nümayəndəsinə zəng etdim. Səfir Eldar Quliyevə məlumat verdim, istədim ki, dəfn zamanı bizim yanımızda olsun.
"Zahid xan Xoyskinin cənazəsini Azərbaycan bayrağı ilə bürüdük”
-Zahid xan Xoyskini dualarımız sədasında və Azərbaycan bayrağına bürünmüş tabutunda dəfn etdik. Səfir Eldar Quliyev Azərbaycan dövləti adından Zahid xan Xoyski üçün məzar daşı hazırlatdı. Məzar daşının üzərində bu qeyd olundu: "Zahid xan Xoyski..Son of Azerbaijan”.
"Zahid xanın qızı Yeganə Xoyski Azərbaycanın orijinal bayrağını mənə vermədi”
-Dəfn mərasimindən sonra Zahid xan Xoyskinin qızı Yeganədən xahiş etdim ki, bütün sənədləri və orijinal Azərbaycan bayrağını mənə versin. Ondan istədiyim tək şey idi. Çünki bilirdim ki, bunların heç birinin onun üçün əhəmiyyəti yoxdur. Dəfələrlə zəng etdim, o heç cavab da vermədi. Heç vaxt mənə heç nə vermədi. Bu günə qədər də bütün bu vacib sənədlərə və bayrağımıza nə baş verdiyini bilmirəm.
(Valiyə xan Xoyski)
Valiyə xan Xoyski – Hüseynqulu xan Xoyskinin qızı. Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq Gəncədə başlayan üsyanın rəhbərlərindən biri Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub. Abbas, Mustafa, Əli bəy adlı oğulları dünyaya gəlib. Azərbaycanı bolşeviklər işğal etdikdən sonra Polşaya köçüblər. Daha sonra Almaniya, İtaliya və İstanbula köçəməli olublar. Valiyə xan Xoyski həyat yoldaşı Cahangir bəylə birlikdə "Prometey” cəmiyyətində istilaçı ruslara qarşı mübarizə aparıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edib, "Azəri-türk” dərnəyini yaradıblar.
(Valiyə Xan Xoyski ailəsi ilə birlikdə)
HafizTimes.com Valiyə xanım Xoyskinin İtalyada yaşayan nəvəsi Daniel Kazımbəylini tapıb, həmsöhbət olmağa çalışıb. Daniel Kazımbəyli nənəsi Valiyə xan Xoyski ilə bağlı bir çox məqamlara aydınlıq gətirib. O, ailəsinin fotolardan ibarət şəxsi arxivini də HafizTimes.com-a təqdim edib:
-Nənəniz Valiyə xan Xoyski necə bir insan idi? Onu necə xatırlayırsınız?
-Təəssüf ki, nənəmi heç vaxt görməmişəm. Yunanıstanda Olimpus dağında təyyarə qəzası zamanı dünyasını dəyişib. O, azərbaycanlılara kömək etmək üçün gedibmiş. Atam həmişə mənə deyirdi ki, nənəm qeyri-adi istedada malik, mükəmməl bir insan idi. O, əsl insani duyğulara malik şəxsiyyət, böyük bir Xan Xoyski idi. Babam Cahangir Kazımbəylinin isə zəhərlənərək öldürülməsindən şübhələnirik.
Mənim qanım, kökümün Azərbaycan ərazilərindən gəlməsi xoşbəxtlikdir. Xoyski-Kazımbəyli ailəsinin üzvü olmaqdan qürur duyuram. Mütləq gəlib Azərbaycanı ziyarət edəcəyəm. Ailəm haqqında daha çox məlumata sahib olmaq üçün Azərbaycana səfər etməkdən şərəf duyaram.
HafizTimes.com olaraq Zahid xan Xoyskinin qızı, Xoyski ailəsinin Amerikadakı sonuncu nümayəndəsi Yeganə xan Xoyski ilə bağlı uzun müddət davam edən araşdırma apardıq. Yeganə xan Xoyskinin məzarı ilə qarşılaşdıq.
4 nəfər bir məzarda… (Yeganə xan Xoyskinin məzarı)
"Yeganə xan Xoyski 1944-cü ilin yanvarın 1-də anadan olub. 1961-ci ildə Nyu-Yorkda Dana Martin adlı bir şəxslə ailə həyatı qurub. Həyat yoldaşı memar olub. Çox erkən – 57 yaşında (23 noyabr 2001) ağır xəstəlikdən vəfat etdi. Maddi çətinliklərə görə, Rohode İsland-dakı "Greenwood” qəbirstanlığında həyat yoldaşının ailəsinin olduğu məzarda dəfn edildi…”(HafizTimes.com)