Vüqar Abbasov / Səyyar siqaret satıcılığından holding prezidentliyinə – Naxçıvan MR “boz kardinal”lığına –Darvini belə mat qoyacaq təkamül prosesinin sirri
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də seçkilər 9 fevralda baş tutacaq.
Yenixeber.org: Hazırkı Ali Məclis buraxılmadığından və səlahiyyət müddəti 1 noyabr 2020-ci ildə bitəcəyindən 9 fevraldan sonra Muxtar Respublika parlamenti ikibaşlı siam əkizinə oxşayacaq. Amma narahat olmağa dəyməz. Hardasa 10 ay ikibaşlı fəaliyyət göstərəcəyinə baxmayaraq, bu onun digər siam əkizləri kimi hərəkətinə mane olmayacaq.
Əvvəla, ona görə ki, Naxçıvan MR Ali Məclisi ildə iki dəfə yığışıb cənab Sədrin məruzəsini dinləyir və atəşin çəpikçalma mərasimiylə öz işini tamamlayır. Zatən istəsələr belə, Ali Məclis deputatlarının qanunvericilik təşəbbüsüylə çıxış etmək səlahiyyətləri yoxdur. Bu, hüquq Azərbaycan Milli Məslisinə aiddir. Ali Məclis deputatlarının işi isə çəpik çalmaqdan ibarətdir ki, ikibaşlı olmaq bu işdə heç bir mane törətmir. Yetər ki, əlin-ayağın yerində olsun. Hətta ayağın belə yerində olmaya bilər. Amma əl mütləq yerində olmalıdır. Zira tək əldən səs çıxmadığına görə çəpik çala bilməzsən.
İkinsi ona görə ki, on ay siam əkizi ömrü sürsə belə, Ali Məclisin əvvəlki tərkibi əsas etibarilə eyni qalacaq. Dəyişilən cəmi bir-iki deputat olacaq. Başqa sözlə desək, siamlıq bütün başda deyil, başın kiçik bir hissəsində özünü büruzə verəcək.
O başqa məsələdir ki, Ali Məclisin köhnə hamamına qoyulan təzə taslar çox önəmli şəxslər olacaqlar və Muxtar Respublika parlamentini idarə edən əsas qüvvəyə çevriləcəklər. Məsələn, onlardan biri Seymur Talıbovdur ki, haqqında uzun-uzadı danışmağa gərək görmürük. Sadəcə onu bildirməklə kifayətlənirik ki, Seymur müəllim Vasif Talıbovun kiçik oğludur. Cənab sədr onu digər övladlarından çox istədiyindən Naxçıvanı Seymura həvalə etmək barədə düşünür. Bu da, görünür, bizim milli mentalitetimizdən irəli gəlir. Axı evi sonbeşiyə buraxmaq Azərbaycan xalqının ən qədim adətlərindəndir. İnsafən, Vasif müəllim də adət-ənənə yeri bilən adamdır.
Naxçıvan MR Ali Məclisinə yeni nəfəs gətirəcək şəxslərdən digəri isə “Cahan” Holding-in Prezidenti Vüqar Abbasovdur. Tanıyanların bildirdiyinə görə, bir zamanlar köhnə bazarda siqaret satmaqla məşğul olan Vüqar Abbasov Muxtar Respublikada elə bu xüsusiyyəti ilə ad çıxarıb. Mirzə Cəlil demişkən, hər kəsə bir ayama qoşan Naxçıvanda heç kim onu “Cahan” Vüqar kimi tanımır. Amma uşaqdan belə onu soruşsan, mütləq “Siqaret Vüqar” deməlisən. Baxmayaraq ki, Vüqar Abbasov indi Naxçıvanın ən zəngin insanlarındadır. Muxtar Respublikanın iqtisadiyyatının nəbzi onun qurduğu holdinqin damarındakı qanla atır.
Belə ki, bütün işgüzar insanların imkanlarının əlindən alındığı, müxtəlif fırıldaqlarla şirkətlərinə əl qoyulduğu Muxtar Respublikada hazırda 3 böyük holdinq fəaliyyət göstərir. Bunlardan biri “Gəmiqaya”, digəri “Nəqşicahan”, bir başqası isə “Cahan” Holdingdir. Həmin toxunulmaz 3-lüyə girən Cahan Holdingin prezidenti isə indi deputatlığa hazırlaşır.
Maraqlıdır ki, “Cahan” Holding, Naxçıvanın rəhbəri cənab Vasif Talıbovun sədrliyi ilə həmyaşıddır. Yəni Vasif Talıbov da 1995-ci ildə Ali Məclisin sədri seçilib, “Cahan” Holding də elə həmin il təsis olunub. Bu iki “doğuş” arasında hansı əlaqələrin olduğunu hazırda Naxçıvan MR-də bilən yoxdur. Amma hər kəs onu bilir ki, bir zamanlar qabağına siqaret qoyub satan Vüqar Abbasov birdən-birə Naxçıvanın ən böyük iş adamına çevrildi. İndi onun qurduğu holdinqin 22 əsas və bir neçə törəmə şirkəti var. Özü də bu şirkətlərin hər biri bir-biriylə əlaqəsi olmayan müxtəlif fəaliyyət sahələriylə məşğuldur. Vüqar Abbasov də bu çoxşaxəliliyi şəxsən etiraf edərək, özü barədə açdırdığı Vikipediya səhifəsində “Cahan” Holdinqin fəaliyyət sahələrini bu cür təsvir edir: “Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir”.
Nəzərə alsaq ki, Naxçıvan MR iqtisadiyyatı öz büdcəsinə ildə cəmi 80 milyon manat qazandırır və onun böyük hissəsi gömrük rüsumlarından təşəkkül tapır, Muxtar Respublika məmurları Azərbaycandan aldığı dotasiya ilə “dolanır”, sadə insanlar isə Türkiyədə, Rusiyada və digər xarici ölkələrdə qara-qura işlərlə çörək pulu çıxarır, bazarda qabağına siqaret qoyub satmaqla bu cür iqtisadi möcüzələr yaratmaq hər oğulun işi deyil. Heç Adam Smiti dirildib Naxçıvanda külli ixtiyar sahibi etsəydin, bu başarıya imza ata bilməzdi. Pis çıxmasın, Darvin belə bu qeyri-adi təkamülə heyran qalardı.
Üstəlik, Vüqar Abbasovun iqtisadi möcüzəsi təkcə Muxtar Respublika sərhədləriylə məhdudlaşmır. Yenə özünün şəxsən etirafına görə, Azərbaycanın digər rayonlarında da işgüzar fəaliyyətlə məşğul olan Cahan Holdingin fəaliyyət sahələrinə ötəri bir nəzər salsaq, Naxçıvan MR-ın gələcək deputatının nə qədər qeyri-adi zəkaya sahib olduğuyla siz də razılaşacaqsınız:
Cahan Tea
“Cahan” Holding “Ahmad”, “Alokozay”, “Akbar” kimi dünya brendlərini ölkəmizə gətirməklə yanaşı, “Tudor”, “Əlincə”, “Araz”, “Sterlinq”, “Eleqant” markalı çay növlərini də istehsal etməkdədir. Holdinqin rəsmi məlumatına görə, bu gün “Cahan”ın fabrikləri yalnız yerli bazarı deyil, xarici bazarları da təminetmə gücünə sahibdir. Edirmi, etmirmi, bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, çay bitkisini yetişmədiyi Naxçıvanda çay fabriki var. Necə ki, ildə bir maşın sata bilməyən NAZ da Naxçıvandadır və Azərbaycan hakimiyyəti onun nazıyla çox oynasa da heç bir faydası olmadı. NAZ Aşqabad batan kimi batdı. O da maraqlıdır ki, Naxçıvanın NAZ-nın da əsas tərəfdaşlarından biri də elə bizim yazımızın qəhrəmanı Vüqar Abbasovun “Cahanı”ı idi.
CAHAN PEN
Hal-hazırda bu müəssisədə 80 adda tikinti məhsul istehsal olunur. Şirkətin etirafına görə, bu məhsulları Rusiya, Qazaxıstan və digər MDB ölkələrinə də ixrac etməkdədir.
CAHAN RADİATOR
Cahan Holding radiator istehsalına girişməsini bu cür izah edir:
“Hər zaman ilkləri gerçəkləşdirmək, idxaldan asılılığı azaltmaq və bazarı yerli məhsullarla təmin etmək əzmi ilə çalışmışıq. Ölkəmizdə ilk dəfə yaradılan və uğurla fəaliyyət göstərən radiator zavodu bu əzmin nümunəsidir. İstehsal etdiyi keyfiyyətli məhsulları ilə bu müəssisəmiz də tərəfdaş və müştərilərin etimadını qazana bilmişdir”.
CAHAN TOBACCO INTERNATIONAL
Sözsüs ki, istənilən iş adamı ilk işini unutmur. Vüqar Abbasov da ona məşhur ayamasını və ilk kapitalını qazandıran siqaret işini bu gün də davam etdirir. Əlbəttə ki, köhnə bazarda qabağına siqaret qoyub satmaqla yox. İndi onun prezidentlik etdiyi "Cahan Holdinq” şirkətlər qrupuna daxil olan Cahan Tobacco International-ın (CTI) məhsul portfelinə 4 brend ailəsi və 13 siqaret çeşidi daxildir. Cahan Tobacco International Azərbaycanda yeganə, dünyada isə bir neçə şirkətlərdəndir ki, istehsal etdiyi siqaretlərin tərkibinin 35-40, bəzən hətta 60 faizini özü yetişdirir.
Cahan Holding həm də dünyanın ən məşhur firmalarının Azərbaycandakı distribyutorudur. Həmin şirkətlər bunlardır:
“JTI” Japan Tobacco International
“Red Bull” Cahan Red-2 MMC 2012-ci ildə təsis edilmiş və eyni il 65 dünya ölkəsi arasında Redbull satışında 1-ci yeri tutmuşdur.
“La Casa Habanos” rəsmi eksklüziv distribyutor.
“Davidoff” rəsmi eksklüziv distribyutor.
“Algida” rəsmi eksklüziv distribyutor.
“Heinemann” rəsmi eksklüziv distribyutor.
“Akbar Tea” rəsmi eksklüziv distribyutor.
2007 ci ildə Cahan Ticarət MMC şirkəti təsis edilmişdir (İnvestisiya məbləği – 9,1 mln. euro).
Opel rəsmi eksklüziv distribyutor.
Faw rəsmi eksklüziv distribyutor.
Lifan rəsmi eksklüziv distribyutor.
2001-ci ildə “Cahan Motors”un yeni binasında həm servis, həm də nümayiş zalı (Showroom) olaraq fəaliyyətə başlamışdır. Hal-hazırda tərkibində 5 ədəd servis mərkəzi fəaliyyət göstərir.
Castrol və Shell distribyutor.
Bir sözlə, təkcə Naxçıvanda yox, həm də Azərbaycanda hansı daşı qaldırsan, ordan bir zamanlar qabağına siqaret qoyub satan Vüqar Abbasov çıxır. Məhz buna görə də Muxtar Respublikada bir çox adamlar “Cahan” Holdingin əslində Vüqar Abbasova aid olmadığından şübhələnirlər. Xüsusilə şirkətin Vasif Talıbov hakimiyyətə gəldiyi ilk günlərdə açılması bu şübhələrə əsas verir. İddialara görə, şirkətin əsas sahibi Vasif Talıbovun öz yerinə hazırladığı oğlu Seymur Talıbovdur. Vüqar Abbasov isə orda sadəcə təsərrüfat işlərinə baxır.
Onun növbəti parlamentə deputat kimi salınması da təsadüfi sayılmır. Mülahizələrə görə, Naxçıvan Muxtar iradəsinin yeni varisi özünün etibar etdiyi komandasını formalaşdırmalıdır. Belə görünür ki, Muxtar Respublikanın növbəti “boz kardinal”ı köhnə naxçıvanlıların “Siqaret Vüqar” kimi tanıdığı Vüqar Abbasov olacaq. Bəs, indiki “boz kardinal” Azər Zeynalov nə edəcək?
Naxçıvan rəhbərliyinə həsr etməyi düşündüyümüz silsilə portret yazılarımızın növbəti araşdırma mövzusu bu suala da cavab axtaracaq.(ovqat.com)