Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Liviya böhranı:Daxili və xarici  aktyorların qarşıdurması və geostrateji maraqlar

  

2019-cu ildən etibarən Liviya böhranına xarici aktorların qoşulması ilə o, vətəndaş müharibəsi statusunu itirərək, proksi müharibəsi xarakteri aldı. Liviya Milli Qüvvələrinə (LMQ) rəhbərlik edən general Həftər BƏƏ, Misir, Fransa, İtaliya və Rusiya tərəfindən, BMT-nin legitim hökumət olaraq tanıdığı, Fəyaz əl-Sərracın idarə etdiyi Milli Birlik Şurası (MBŞ) isə Türkiyə, Qətər və Əlcəzair tərəfindən dəstəklənir.

Yenixeber.org: Legitim hökumətin iqamətgahının yerləşdiyi Tripolinin kapitulyasiyası məqsədilə Həftərin başçılığı ilə LMQ-nin 2019-cu ilin aprelindən başlatdığı hərbi əməliyyatlar nəticəsində ümumilikdə 2,280 çox adam öldürülmüş, 146 mindən çox adam yurd-yuvasından didərgin salınmışdır. İki cəbhə arasında qarşıdurma rusların Vaqner dəstəsi, BƏƏ, Misir və Türkiyənin qoşulması isə fərqli çalar aldı.

Türkiyənin Liviyanın legitim hökuməti ilə sahilboyu ərazilərin demarkasiyası, eləcə də hərbi yardım, təhlükəsizlik, hərbi treninq, müdafiə sənayesi, terrorizm əleyhinə, qeyri-leqal mühacirlik və digər növ hərbi əməkdaşlıqlara dair 2019-cu il noyabrında imzalanan anlaşma memorandumu və Liviyaya hərbi qoşun dəstələri göndərməklə bağlı Türkiyə parlamentinin qərarı Liviya müharibəsinin gedişatını köklü şəkildə dəyişdirdi. Anlaşma memorandumu eyni zamanda Türkiyənin Aralıq dənizi sahillərində təbii qaz istehsalı ilə bağlı qazıntı işlərini də genişləndirməsinə imkan verir ki, bu da Aralıq dənizində qaz ehtiyatlarından yararlanmağa çalışan Yunanıstan və Kipr hökuməti ilə yanaşı, kəşfiyyat işlərinə cəlb olunan İsrail, Misir və Fransa və İtaliyanın maraqlarına ziddir. Türkiyənin regiondakı fəaliyyətinin Liviya böhranını kəskinləşdirəcəyi ilə bağlı əndişələri AB ölkələrini, o cümlədən BMT TŞ-i 2020-ci il yanvarın 19-na təyin olunmuş Berlin prosesini keçirməyə vadar etmişdir.

 

Berlin prosesinin hədəfləri

Berlin prosesi BMT baş katibi Antonio Gutteres və Liviya üzrə xüsusi nümayəndə Hassan Salame tərəfindən təklif olunan 3 maddəli sülh planını əsas götürərək Liviya böhranını xarici aktorların müdaxiləsi olmadan həlli, iqtisadi, siyasi və hərbi sahələrdə sülh və təhlükəsizliyə xələl gətirəcək addımlardan çəkinmə, insan hüquqlarının təmin edilməsi və ölkənin ümumi mənafeyinə xidmət edəcək addımların atılması istiqamətində anlaşma və sülhün təmin olunmasını hədəfləyirdi. Konfransın sonunda qəbul edilən yekun qətnamə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1970 (2011) qətnaməsinə əsaslanaraq silah embarqosunu tətbiq etməyi və qadağanı pozanlara qarşı sanksiyanın icrasını təsdiqlədi. Qeyd edim ki, növbəti sammit Afrika Birliyinin təşəbbüsü ilə yanvarın sonunda Konqonun paytaxtı Brazzavildə baş tutacaq.

Bundan öncə Rusiyanın təşəbbüsü ilə yanvarın 12-də Moskvada keçirilən atəşkəs sammitinin nəticəsiz qalması bütün ümidləri Berlin prosesinə yönəltdi. Moskvaya gələn general Həftərin son anda atəşkəs anlaşmasını imzalamaqdan imtina etməsi və möhlət istəməsi birmənalı olmayan suallar doğurdu. Halbuki, o, atəşkəsin şərtləri ilə əvvəlcədən tanış idi və bu şərtləri qəbul edərək Moskvaya gəlmişdir.

 

Söz yox ki, Həftərin son anda atəşkəsi imzalamaqdan vaz keçməsi onun qarşı tərəfi və vasitəçi ölkələri fakt qarşısında qoymaq və hamiləri ilə növbəti addımlarını razılaşdırmaq məqsədi daşıyırdı. Onun irəli sürdüyü başlıca şərtlər içərisində Türk qoşunlarının ölkədən çıxarılması, Ankaranın atəşkəs prosesinə nəzarətdən kənar qalması, MBŞ ilə imzalanan Anlaşma memorandumun ləğvi, qoşunlarının Tripoliyə girməsi kimi bir sıra tələblər qoyulmuşdur. Moskva sammitindən dərhal sonra Həftərin Tripoli ilə sərhəddə qoşunları hərbi vəziyyətə gətirməsi, legitim hökumətin nəzarətində olan 5 neft ixracı terminallarını ələ keçirməsi onun bir tərəfdən bu kimi sülh proseslərinə “barmaqarası” baxması, digər tərəfdən, hamilərinə arxalanaraq, bu proseslərin öz lehinə nəticələnəcəyindən əmin olmasına dəlalət edir.

Çox güman ki, Moskva sammiti ona bununla bağlı müəyyən zəmanət vermişdir. Atəşkəsin imzalanması Türkiyənin regiondan birdəfəlik çıxması və Həftər qoşunlarının Tripoliyə giriş əldə etməsi şəraitində mümkündür. Belə ki, Liviya Milli Qüvvələrinin Tripoli ətrafı Tarhunadan çıxarılması Həftərin məğlubiyyəti demək olacaq ki, bu şərtlə o, heç bir zaman razılaşmayacaq.

Hazırki vəziyyətdə Həftər xalq hakimiyyəti funksiyasını icra edənNümayəndələr Palatasının qərarlarına və Aralıq dənizi ölkələrininonun lehinə verəcəkləri səslərə güvənir. Əgər Liviya münaqişəsinə dair keçirilən sammitlər Türkiyənin regionda iştirakını hər hansı şəkildə təsdiqləyərsə, o zaman, Həftərin hərbi əməliyyatları davam etdirəcəyi şübhəsizdir. Onun Tripoli ilə sərhəddə hərbi qüvvələri hazırlıq vəziyyətinə gətirməsi, analoji addımların BƏƏ və Misirdə də atılması bunu deməyə əsas verir.

 

BƏƏ-nin ikili siyasəti

BƏƏ üzdə nə qədər Liviyadakı prosesin sülh yolu ilə həll olunması və müharibəni pisləyən bəyanatlarla çıxış etsə də, general Həftərin mart ayında BƏƏ rəsmiləri ilə görüşü onun Liviyadakı qanuni hakimiyyəti devirmək üçün təlimatlar alması ilə bağlı şübhələri artırdı. Belə ki, məhz bu səfərdən sonra LMQ-nin Tripoli və ətraf ərazilərə hücumları başladı. BƏƏ və onun regiondakı müttəfiqləri Ərdoğanın timsalında Türkiyəni öz monarxiyaları üçün İsrail və İrandan daha böyük təhlükə kimi görürlər. Belə ki, Ərdoğanın demokratik və mütərəqqi islam kursunu təbliğ etməsi və Müsəlman Qardaşlarını dəstəkləməsi, o cümlədən ərəb ölkələrində getdikcə artan nüfuzu regionun güclü dövlətlərini narahat etməyə bilməz.

Misir BƏƏ-nin Liviya məsələsində başlıca müttəfiqidir. Onları eyni düşmənə qarşı siyasi birlik deyil, eyni zamanda enerji və iqtisadi maraqlar birləşdirir. Digər tərəfdən, sərhəd ortaqlığının və bir-birinə qarşı ərazi iddialarının olmaması da onların ittifaqlarını möhkəm edir.Hər ikisi Türkiyəni Ərəb dünyasına böyük təhlükə kimi görür.Misirdə ordunun hər an müharibə başlayacağı təhlükəsi ilə hərbi vəziyyətə gətirilməsi, ölkədə fövqəladə vəziyyətin elan edilməsi,Qahirədə fəaliyyət göstərən Anadolu agentliyinin türk və misirli jurnalistlərin həbsi regionda hər an yeni qarşıdurmanın başlaya biləcəyi ilə bağlı ismarışlar verir.

 

Əl-Sisinin Bernisdəki hərbi bazanın açılışını məhz bu ərəfədə etməsi də təsadüfi deyil. ABŞ-nın ələ keçirmək arzusunda olduğu bu bazaQırmızı dəniz sahilindəki ən iri hərbi baza olub 150 min ha ərazini əhatə edir və quru, dəniz və hava hərbi bazalarından təşkil olunmuşdur. Açılışda Əbu Dabi əmiri və hərbi komandanın, eləcə də bir sıra ali hərbi rəsmilərin iştirakı möhkəm BƏƏ-Misir ittifaqından xəbər verir.

Söz yox ki, əl-Sisinin bazanı Misirin öz hərbi ehtiyatı və maliyyə hesabına təsis etməsi Misirin regionda hərbi gücünü daha da artırmağı, eləcə də Qırmızı dənizdə möhkəmlənmək istəyən Türkiyə və müttəfiqlərindən gözlənilən hər hansı təhlükənin qarşısını almağı hədəfləyir. Türkiyənin Afrika buynuzu geostrateji əhəmiyyətli ərazidə mövqelərini möhkəmlətməsi yolunda 2011-ci ildən bu yana uğurla yürütdüyü yumşaq güc siyasəti, 2017-ci ildə Maqadişuda türk hərbi bazasını təsis etməsi, Suakin adasının 99 illik icarəyə götürməklə bağlı Sudan hökuməti ilə uğurlu danışıqları və Afrikaya qapı rolunu oynayacaq bu geostrateji məntəqədən tək turizm məqsədi ilə deyil, eləcə də həcc ziyarəti və dəniz və quru hərbi bazası kimi istifadə etmək planları, sözsüz, Misirin narahatçılığına səbəb olmaya bilməz. Əl-Sisinin Misirin xalq nümayişləri ilə çalxalandığı bir vaxtda Kirplə qeyri qanuni qaz ixracatı ilə bağlı anlaşma imzalaması və Suriyada PKK-çı dəstələrə dəstək olacağı barədə bəyanatları onun Türkiyəyə dolayı meydan oxumasına işarə edir.

 

Misir eləcə də Ərəb liqasını Türkiyənin kürdlərə qarşı qanunsuz aktlarına qarşı etiraz etməyə səsləmişdir. Misir ehtiyat edir ki, Türkiyənin Suriyada və Liviyada qələbəsi ona təkcə regionda deyil, Qırmızı dənizdə mövqelərini möhkəmlətməyə imkan verəcək. Bu isə geostrateji əhəmiyyətli qovşaqlara nəzarət deməkdir.

Türkiyənin Liviya məsələsində Rusiya və Əlcəzairə arxalanması hazırkı şəraitdə daha məqbul görünür. Əlcəzair Türkiyənin sahilboyu anlaşmasını dəstəkləməsə də general Həftərə qarşıdır. Bu baxımdan, o, obyektiv oyunçu kimi tərəfsizdir.

Rusiyaya gəlincə, o, Türkiyə ilə əks cəbhələrdə savaşsa da, açıq qarşıdurmadan çəkinir. Belə ki, onları regionda enerji və iqtisadi maraqlar birləşdirir. 2020-ci il yanvarın 8-də Türkiyə və Rusiya Qara dəniz qaz kəmərini işə saldılar. Bu, qaz kəməri Rusiya təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmağı hədəfləyib. Bir qolun Türkiyənin daxili tələbatı üçün istifadə olunacağı, digərinin gələcəkdə Rusiya qazını Bolqarıstan, Serbiya və Macarıstan vasitəsilə Avropaya daşıyacağı gözlənilir.

Rusiya Ukraynadan yan keçərək Avropaya çıxış təmin etməkləregionun başlıca qaz təchizatçısına çevrilməyə iddialıdır. Türkiyə isə, bununla böyük enerji nəqliyyatı qovşağı kimi regionda çəkisini artırmış olur. Eyni zamanda, bu layihə iki dövlət arasında hərbi ittifaqın möhkəmlənməsinə imkan verəcək. Bu baxımdan, İsrail-Yunanıstan və Kipr arasında Şərqi Aralıq dənizi kəmərinin işə düşməsi Rusiya üçün sərfəli deyil. Bu məsələdə, o, Türkiyə ilə eyni maraqları bölüşür.

 

Hər iki liderin görüşündə Liviya böhranın həlli və münaqişə tərəfləri arasında atəşkəsin elan edilməsi ilə bağlı birgə bəyanatı hazırkı vəziyyətdə enerji maraqlarına xələl gətirməmək üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Sözsüz, enerji və iqtisadi maraqlar siyasi arenada gedən oyunları yönləndirir. O ki qaldı, Rusiyanın Liviya vətəndaş müharibəsində iştirakına, Rusiya rəsmi tərəf kimi Liviyada iştirak etmədiyini bildirsə də, 800-2000 (dəqiq sayı məlum deyil) nəfərlik Vaqner rus muzdlularından ibarət dəstənin general Həftərin tərəfində vuruşması Rusiyanın Liviyada kölgə jandarmı siyasəti yürütdüyünü göstərir. Liviyanı da Suriya ilə eyni tale gözləyir.

 

Türkiyənin regiondakı fəaliyyətinin Rusiyaya qarşı yönəldiyini və bunun ABŞ-ın düşünülmüş planı əsasında baş verdiyini bildirən rus analitiklərindən fərqli olaraq, Liviya münaqişəsinin nəticədən asılı olmayaraq, Türkiyə-Rusiya münasibətlərinə hər hansı şəkildə ciddi xələl gətirəcəyini düşünmürəm. Belə ki, hər iki ölkənin regionda ümumi maraqları çoxdur. Hazırda ABŞ-in Orta Şərq və Şimal Afrika regionunda (OŞŞA) boşalmış yerində qərarlaşmağa çalışan Rusiya və Türkiyə geostrateji yer və resurs uğrunda savaşır. Bu ittifaqın qorunması hər iki tərəf üçün regionda nüfuzlarını qoruyub saxlamaq baxımından əhəmiyyətlidir.

 

İlk baxışdan elə görünür ki, onlar rəqib cəbhələri dəstəkləyirlər, lakin bu münasibətlər balansı qorumaq üçün unison hərəkət etməyə məhkum “yelləncək” münasibətləri xatırladır. Suriyanın ardınca neft ehtiyatları və geostrateji baxımdan əlverişli Liviya Rusiya üçün geniş bazar təmin edə bilər. Hər iki tərəf ehtiyatlı davranmağa və maddi-mənəvi resurslarını tükətməməyə çalışır.

İstisna deyil ki, onlar regionun bölüşdürülməsində müəyyən razılığa gələcəklər: məsələn, Rusiya Suriyadan, Türkiyə isə Liviyadan yararlana bilər. Hər bir halda Berlin və sonrakı sülh proseslərinin tam sülhə nail olması şübhə altındadır. Belə ki, regionda bir çox dövlətlərin maraqları toqquşur və savaş təkcə daxili qüvvələr arasında deyil, regionda marağı olan müxtəlif qütblər arasında gedir. Münaqişə ya daxili qüvvələrin vasitəçiliyi ilə münaqişə tərəflərinin öz aralarında həll olunmalı, yaxud oyunun xarici aktorlarından birinin geri addım atması sayəsində baş verə bilər ki, bu halda Türkiyənin “səhnədən getməsi” sülh prosesinin AB ölkələrini daha çox razı salardı.

Şübhəsiz, Liviya böhranının daxildən, xarici aktorların iştirakı olmadan, milli kimlik və vətənpərvərlik ideyalarına söykənərək xalqın iştirakı və istəyi ilə həlli daha ümidvericidir. Bu səpkidə daha öncə nisbi qələbələr əldə edilmişdir. Şeyxlik, tayfa qanunları və qəbilə kodeksinin hələ də güclü olduğu ərəb cəmiyyəti BMT sülh elçilərinin nail ola bilmədiklərinə nail olmağa qadirdir. Təsadüfi deyil ki, Liviya cəmiyyətində belə bir fikir formalaşıb ki, müharibəni udsalar da, sülhü uda bilməyəcəklər. NATO və BMT TŞ-nın OŞŞA regionunda dinc əhaliyə qarşı törədilən bəşəri cinayətlərə qarşı nisbi susqunluğu və qeyri-fəallığı onu deməyə imkan verir ki, beynəlxalq qurumlar bu və ya digər dövlətlərin xeyrinə vasitəçilik missiyalarında artıq kifayət qədər uğurlu deyillər.

Əfsanə Məmmədova,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam