Rusiya və Türkiyə Liviyada müharibə vəziyyətindədirmi? –SURİYADA TƏRƏFDAŞ OLAN İKİ DÖVLƏT ÜÇÜN TAM MÜMKÜN SSENARİ
Kirill Semyonov
“Əl-Monitor”
Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin və türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğan dekabrın 11-dəki telefon danışığında Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. Türkiyə tərəfi Liviya ilə əlaqədar ortaya çıxan fikir ayrılıqlarını həll etmək üçün görüşə təşəbbüs göstərib. Çünki bir neçə gün əvvəl Ərdoğan Liviyaya əsgər göndərməyə hazır olduğunu bəyan edib.
Ərdoğan deyib: “Liviyada Rusiyadan olan “Wagner” adlı təhlükəsizlik şirkəti var. Bu şirkət təhlükəsizlik işçilərini oraya göndərib. Əsgər göndərmək məsələsində… əgər Liviya bizdən bunu tələb edərsə, xüsusən hərbi təhlükəsizlik sazişi imzalandıqdan sonra, heyətimizi oraya göndərə bilərik”.
Türkiyə prezidenti və Liviya Milli Birlik Hökumətinin (MBH) başçısı Fəyyaz Sərrac noyabrın 27-də dəniz sərhədləri və təhlükəsizlik sahəsində əməkdaşlığa dair memorandumlar imzalayıb və Moskva vəziyyətdən narahat olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova memorandumların “bu ilin sonunda Berlində keçirilməsi planlaşdırılan Liviya münaqişəsinin nizamlanmasına dair beynəlxalq toplantıya hazırlıqları poza biləcəyini” vurğulayıb.
Ankaranın Tripolidəki hökumətə hərbi dəstəyi Xəlifə Həftər müttəfiqlərinin, o cümlədən Rusiyanın Berlin danışıqları öncəsi mövqeyini gücləndirmək cəhdlərini ləğv edə bilər.
Rusiya “bütün oyunçular arasında bərabərlik işarəsi qoyma prinsipinə” riayət etsə də, Liviya müharibəsində Həftər və tərəfdarlarını daha çox dəstəkləməyə çalışır. Kreml güman edir ki, Liviya Milli Ordusunun (LMO) komandanı müharibəsonrası Liviyada mütləq söz sahibi olacaq. Eyni zamanda, Moskva tarazlığını qorunmasını və hətta Həftərin müxaliflərinin qanuni siyasi qüvvələr kimi saxlanmasını istəyir. Ancaq Ankaranın Tripoliyə verdiyi daha böyük hərbi töhfə ssenarini çətinləşdirir və Həftərin özü Liviya münaqişəsinə hərbi həll verə bilməməklə yanaşı, hələ də beynəlxalq legitimlikdən məhrumdur.
Rusiya neft və qaz şirkətlərinin dekabr ayında Liviyanın Milli Neft Korporasiyası ilə bağladığı müqavilələr vasitəsilə Moskva “tərəfsizliyini” gözləyir. “Tatneft” şirkəti həm LMO, həm də MBH-nin nəzarət etdiyi ərazilərlə həmsərhəd Qadames hövzəsindəki mübahisəli ərazidə neft kəşfiyyatı işləri aparacaq. Bu müqavilə Rusiyanın hər iki münaqişə tərəfi ilə münasibətləri qorumaq istəyini əks etdirir, çünki əməliyyatlar hər iki tərəfin təhlükəsizlik zəmanəti olmadan mümkün deyil.
Almaniyada yerləşən digər bir şirkət, “Qazprom”-a bağlı” Wintershall” əsasən MBH-nin nəzarətində olan Sirt hövzəsində neft kəşfiyyatı işləri aparacaq. Bu əməliyyat üçün Milli Neft Korporasiyası və “Wintershall”, “al-Sirir Petroleum Operations Company” adlı ortaq müəssisə yaratmaq barədə razılığa gəlib.
Öz növbəsində, dəniz sərhədləri barədə Ərdoğan-Sərrac memorandumları Ankara və Tripoli arasındakı uzunmüddətli tərəfdaşlığa dəlalət edir. Aralıq dənizindəki şist yataqlarına Türkiyənin yolunu açan razılaşmalar MBH, ya da ona sadiq qüvvələrdən asılıdır. Buna görə də, Ankara Sərrac hökumətinin yanında durmağa davam edəcək.
Ərdoğanın Liviyaya qoşun göndərməsi ilə bağlı söylədiklərini ciddi qəbul etmək lazımdır. Türkiyə lideri Sərraca kömək etmək üçün verdiyi vədlərə artıq bir dəfə əməl edib. Aprelin sonlarında Ərdoğan “Liviya xalqına qarşı sui-qəsdin qarşısını almaq üçün” ölkəsinin bütün imkanlarından istifadə edəcəyi vədindən bir müddət sonra “Amazon Giurgiulesti” gəmisi Tripoliyə, MBH ordusu üçün Türkiyənin Samsun limanından “Kirpi II 4 × 4”lər və bir neçə yük maşını gətirib. Ankara BMT-nin sanksiyalarına zidd olaraq bu silahların təhvil verildiyini gizlətməyib. Eyni zamanda, Türkiyənin “Bayraktar” şirkəti MBH-ni dronlarla təchiz edib.
Ankaranın köməyi Həftərin rəqiblərinə daha aqressiv hərəkət etməyə və LMO-nun əsas arxa bazası olan Həryan şəhərini qamarlamağa imkan verib. Liviyada Həftəri dəstəklədiyi iddia edilən Rusiya özəl hərbi şirkətləri generala kömək edərkən, Türkiyə Tripoliyə kömək gücünü artırmağa çalışır. Bunların hamısı güc tarazlığını poza bilər.
Liviyada rus muzdluların və hərbçilərin olması, habelə Həftərə kömək etməsi şübhə doğurmasa da, Tripoli yaxınlığındakı əməliyyatlarda muzdluların rolu çox şişirdilir, bunu LMO rəsmiləri də təsdiqləyirlər.
Rusiyanın Liviyada hərbi mövcudluğu halları hələ tam dəqiqləşdirilməyib. Bəzən Həftəri dəstəkləyən rus muzdluların və hərbçilərin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər üzə çıxır.
Bu məlumatlara görə, rus muzdlularının və məsləhətçilərinin mövcudluğu LMO snayperlərinin, habelə minaatan və artilleriyanın işini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bununla birlikdə, “Emirati al-Aan”-a verdiyi telemüsahibədə yaralı rus muzdlu kimi təqdim olunan bir şəxs əsasən Benqazidə qaldığını və yalnız bəzən Tripoliyə getdiyini söyləyib. Muzdlu deyib ki, əvvəlcə ona Liviya döyüşçülərini şəhər ərazilərində fəaliyyət göstərməyə öyrətmək tapşırılıb.
Rusiya Tripoli uğrunda mübarizədə Həftərin zəfərini təmin etməyə qadir olmadığı halda, LMO-ya köməyin böyük hissəsi Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya tərəfindən göstərilir.
Türkiyə hərbi qüvvələrini göndərmək əvəzinə, ilk növbədə, Liviyaya öz xüsusi hərbi şirkətini SADAT-ı yerləşdirə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Liviyada “İdlibdən gələn döyüşçülərin sayının artması” barədə açıqlaması SADAT döyüşçülərinin artıq Liviyada fəaliyyət göstərdiyinə işarə edir.
Türk özəl hərbi şirkətləri hətta suriyalıları Ankaranın xarici avantüralarına cəlb edə bilər – Türkiyə Liviyada bunu edə biləcək yeganə tərəfdir.
Beləliklə, Liviyada müvafiq hərbçiləri olmasa, rus və türk muzdlular arasında birbaşa toqquşma təhlükəsi var.
Son nəticədə, “Liviya faylı” Rusiya və Türkiyənin İdlib və Suriyanın şimal-şərqinə dair hazırkı sövdələşmələrinə daxil ola bilər. Buna görə də, Rusiyanın Həftərə verdiyi yardımı Ankaraya təzyiq göstərmənin başqa bir yolu kimi görmək olar. Lakin Həftərin Liviya konfransından qabaq mövqelərinin möhkəmləndirilməsi də böyük dərəcədə Moskvanın xeyrinədir.
Üstəlik, Rusiyanın Liviya və Suriya məsələlərini də əhatə edən BƏƏ ilə mümkün sövdəsi də nəzərdən qaçırılmamalıdır. Məsələn, Moskva Həftərə – Əmirliklərin müttəfiqinə dəstək qarşılığında, BƏƏ-nin Suriya rejiminin legitimliyini tanımasını təklif edə bilər.
Tərcümə: Strateq.az