SEÇKİ GÜNDƏLİYİ: ÜÇ ƏSAS İDDİAÇI NƏYƏ ÜMİD EDİR? –YAP namizədlərini hamıdan sonra açıqlayacaq

Cəmiyyətdə növbədənkənar parlament seçkilərinə maraq gözlənildiyindən yüksəkdir. Milli Şura, Azərbaycan Demokratik Rifah Hərəkatı və Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası istisna olmaqla, əksər siyasi təşkilatlar prosesdə iştirak edəcəklərini bəyan ediblər. Həmçinin, tanınmış gənc fəallar da blok şəklində deputat mandatı uğrunda yarışmağa qərar veriblər.
YAP namizədlərini hamıdan sonra açıqlayacaq

Yenixeber.org: Hakim Yeni Azərbaycan (YAP) namizədlərini elan etməyib. Redaksiyamıza daxil olan məlumata görə, hakim partiya, gözlənildiyi kimi yaxın günlərdə deyil, çox böyük ehtimalla, Yeni il tətilindən sonra namizədlər siyahısını açıqlayacaq. Hazırda partiya rəhbərliyində bununla bağlı iddiaçılardan gizlin ciddi müzakirələr aparılır. Mənbənin sözlərinə görə, YAP-ın təxminən 100-ə yaxın namizədi olacaq. Hakim partiyanın qərarının gecikməsinin bəzi səbəbləri var. Onlardan birincisi köhnə tərkibdən xeyli sayda millət vəkilinin yeni siyahıda olmayacağı, partiya strukturlarında onları əvəz edəcək şəxslərin müəyyənləşdirilməsi prosesinin ağır irəliləməsidir. Daha bir səbəb rəqib iddiaçıların seçimini tam müəyyənləşdirməsi və siyasi rəhbərliyin bununla bağlı mövqeydir. Məlumdur ki, yeni parlamentdə bəzi müxalifət nümayəndələrinin də yer alması gözlənilir. Çox güman, həmin dairələrdən YAP prinsipial namizədlərini irəli sürməyəcək.
Müsavat hakimiyyətin cızdığı dairədən kənara çıxmır

Müsavat Partiyasının namizədləri partiya tərəfindən deyil, namizədlərin özləri tərəfindən irəli sürülür. Bu barədə qərar ciddi müzakirələrə səbəb oldu. Məsələn, MSK-nin keçmiş üzvü Akif Qurbanov partiya rəhbərliyinə suallar ünvanlayaraq hansı səbəbdən bu seçimə üstünlük verilməsinin səbəblərini soruşmuşdu. Əgər Müsavat seçkilərə partiya formatında iştirak edib 60-dan çox namizədinin qeydə alınmasına nail olarsa, İctimai Televiziya və radioda pulsuz efir vaxtı imkanı əldə edir. Eyni zamanda, bu formatda iştirakla parlamentdə təmsilçiliyə nail olduqda dövlət büdcəsindən maliyyələşmə və seçki komissiyaları sistemində təmsilçilik imkanı yaranır.
Maraqlıdır, Müsavat rəhbərliyi niyə bu imkandan yararlanmayıb? Partiyanın başqanı Arif Hacılı bu barədə “AzPolitika.info”-nun sorğusuna cavabında bildirib ki, namizədlərin partiya üzvü olduqları göstərilirsə və bu barədə DSK-lara partiyadan sənəd təqdim olunursa, problem yaranmamalıdır. "Bu, namizəd verilməsinin daha sadə usuludur. Seçki Məcəlləsində belə qadağa yoxdur. Amma bizdəki hüquqi nihilizmi nəzərə alaraq məsələni müzakirə edirik", - deyə A.Hacılı vurğulayıb.
Göründüyü kimi, başqanın cavabında MSK-nin keçmiş üzünün qoyduğu suallara cavab verilməyib. Arif Hacılı izah etməyib ki, Müsavat niyə növbədənkənar seçkilərdə partiya kimi iştirak etmək istəmir. Əlbəttə, belə bir addımın atılması, şübhəsiz, seçki situasiyası və partiya maraqları ilə bağlıdır. Görünür, Müsavat rəhbərliyində dəqiq bilirlər ki, partiya şəklində seçkilərə qatılmağın heç bir perspektivi yoxdur. Hakimiyyət bunda qəti maraqlı deyil. Çünki bu formatda bir deputat mandatı qazanmaq belə Müsavatın avtomatik dövlət büdcəsindən maliyyələşməsini və MSK-da təmsilçiliyi şərtləndircək ki, bu da iqtidarın maraqları xaricindədir. Deməli, Müsavat hakimiyyətin cızdığı dairədən kənara çıxmaq istəmir və ən yaxşı halda qoyulan şərtlər daxilində bir neçə deputat mandatına iddia edir.
Müsavat Partiyası artıq seçkilərdə iştirak edəcək namizədlərinin adlarını da açıqlayıb. Ümumilikdə bu partiyadan 78 dairə üzrə 81 iddiaçı var.
Başqan Arif Hacılı bu dəfə doğma Zataqaladan deyil, Bakıdan - 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizdəliyini irəli sürür. Onun hakimiyyətdən əsas rəqibi, yəni hazırda bu dairənin deputatı olan və yenidən namizədliyini bu dairədən verəcəyi gözlənilən Ülvi Quliyev, müxalifətdən isə ReAl partiyasının namizədi Rəsul Cəfərovdur.
İsa Qəmbər isə yenə 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən deputat Adil Əliyevin rəqibi olacaq. A.Əliyev həmin dairədən mandat qazanmaq iddiasını gizlətməyib.
Keçmiş deputat Arzu Səmədbəyli də dairəsini dəyişməyib - 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən namizədliyə iddialıdır. Bu dairədən isə ötən seçkilərdə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mandat qazanıb. Onun yenidən bu dairədən namizədliyini irəli sürəcəyi gözlənilir.
Beləliklə, Müsavat Partiyası liderlərinin iddia etdiyi dairələrdə hakimiyyət üçün vazkeçilməz namizədlər var. Maraqlıdır, partiya bu sədləri necə aşacaq, bu hələlik məlum deyil.
ReAL-ın mandatlar iddiası reallaşa bilər

ReAL Partiyasının rəhbəri İlqar Məmmədov isə bəyan edib ki, 1 il əvvəl öz daxilində razılaşdırdığı strategiyaya əsasən, parlament seçkiləri erkən keçiriləcəyi təqdirdə hədəf Milli Məclisdə fraksiya qazanmaqdır. "Bu fraksiyanın ölçüsü və statusu isə - yəni hakim, ya da müxalifət gücündə olması - bir çox amilə bağlıdır. Onların təsvirinə indi zaman itirməyimizin faydası yoxdur. Seçkilərdə rəsmi hədəfimizə uyğun gələn ən yaxşı nəticə göstərmək üçün çalışmalıyıq", - deyə İ.Məmmədov vurğulayıb.
Partiya hazırda "Real Cümhuriyyətçilər" blokuna qoşulub və seçki prosesində 40-dan çox namizədlə iştirak edir. Müşahidəçilərin qənaətinə görə, parlamentdə təmsilçilik qazanmaq imkanı daha çox bu partiyaya məxsusdur. Əvvala, ReAL rəsmi dövlət qeydiyyatına alınmayıb, bu səbəbdən seçkilərdə partiya statusu ilə mandat qazanmaq imkanı yoxdur. İkincisi, bu təşkilat xalq hərəkatından çıxmış və hakimiyyətə qarşı sərt mövqedə olan partiyalarla konfliktədir. Nəhayət, ReAL-ın şanslı namizədləri hakimiyyətə loyal olduqları qədər müxalifət liderlərinə qarşı kəskin münasibətdə dayanıblar.
Hazırda partiya sədri İlqar Məmmədov başda olmaqla, ReAl-ın 7 üzvünün seçkilərdə iştirakına hüquqi maneələr var. Bu, həmin şəxslərin ağır cinayət törətməsi ilə bağlı verilmiş ittihamlarla bağlıdır. Ötən ay Avropa Şurası Nazirlər Komitəsi ReAL üzvlərinin seçkidə iştirakına əngəllər yaradan maneələrin aradan qaldırılmasına çağırmışdı. Hökumət dekabrın 31-nədək Komitəyə görəcəyi tədbirlərlə bağlı məlumat verməlidir. İstisna deyil ki, İlqar Məmmədov və onun qrupunun üzvlərinə verilmiş ittihamlar üzrə bəraət hökmləri verilsin və onlar seçkilərə qatılsınlar.
Seçki beynəlxaql müşahidə altında olacaq, boykot alınmadı

Avropa Şurası növbədənkənar parlament seçkilərini müşahidə edəcəyini bəyan edib. Qurum Azərbaycana qısamüddətli və uzunmüddətli müşahidəçilər göndərməyi planlayır. “AzPolitika.info”-nun diplomatik kanallardan əldə etdiyi məlumata görə, seçkilərə rəy verən əsas beynəlxalq institut - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Bakının dəvəti əsasında seçkiləri müşahidə edəcək. Amma Bakıya ənənəvi qaydada 300-dən çox müşahidəçi göndərilməyəcək. ATƏT bu dəfə seçkiləri qısamüddətli müşahidəçilərlə izləməyə üstünlük verib. Gözlənilir ki, Avropa Parlamentinin də bir neçə təmsilçisi fevralın 9-dan əvvəl Azərbaycanda olacaqlar. Bakının dəvətinə əsasən Rusiyadan, MDB qurumlarından, Türkiyədən də çoxlu sayda beynəlxalq müşahidəçilər növbədənkənar seçki prosesini müşahidə edəcəklər.
ABŞ-ın seçkilərlə bağlı mövqeyi isə bu günlərdə məlum oldu. Vaşintonun Bakıdakı təmsilçisi, səfir Örl Litzenberqer bəyan edib ki, Azərbaycanda qarşıdan gələn parlament seçkilərində yeni simalarla qarşılaşacaqlarına dair gözlənti var. "Ümid edirəm ki, seçilənlər arasında yeni qadın simalarla tanış olacağıq və onların arasında sahibkarlar da olacaq" - deyə diplomat vurğulayıb.
"Azad və ədalətli seçkilər bu ölkəni irəli apara bilər. Ona görə hökumətdən gözləntimiz həm beynəlxalq, həm də yerli müşahidəçilərə tam şəraitin yaradılması və onların dəstəklənməsidir", - deyə Örl Litzenberqer bildirib.
Bəyanatdan göründüyü ki, ABŞ hakimiyyətə seçkidən əvvəl ənənəvi təzyiq xəttini bu dəfə gözləntilərlə əvəzləyib. Diplomat, Vaşinqtonun parlamentdə yeni simalar görmək istədiyini açıqlamaqla, şübhəsiz, Milli Məclisdə müxalifət nümayəndələrini, gəncləri görmək niyyətini ifadə edib.
Beləliklə, seçki prosesi müxalifətin yaratmaq istədiyi boykot situasiyasına daxil olmadı. Buna hakimiyyətin yaratdığı şərait, siyasi təşkilatların prosesdə marağı imkan vermədi. Xarici amillər isə həmişə olduğu kimi daxili situasiyaya adekvat olur. Bunu beynəlxalq təşkilatların, habelə ABŞ-ın seçki ilə bağlı tutduğu mövqedən aydın görmək olur.(azpolitika)
Rasim ƏLİYEV